"Yaşıl təbib"-in insana faydaları...

Böyük və əhalisi çox olan şəhərlərdə yaşamaq stress və sağlamlıq problemləri yaradır.
Yaşıl ərazilərə, meşəyə daha tez-tez baş çəkməklə bunun öhdəsindən gəlmək olar.
Yaşıl təbiət qoynunda olmaq insan orqanizminə necə təsir edir?
Cebhe.info Rusiya mətbuatına istinadən bununla bağlı məlumatı təqdim edir:
1. Stress səviyyələrini azaldır
Məlum olub ki, insan meşədə olanda kortizol (stressi yaradan hormon) səviyyəsi aşağı düşür, eləcə də ürək döyüntüləri daha aşağı olur. Bu nəticələrə daha əvvəl Şərqi İngiltərə Universitetinin alimləri gəlib. Beləliklə, əgər gününüz çətin və əsəbi keçibsə, hara gedəcəyinizi artıq bildiniz.
2. Depressiya və təşvişlə mübarizə aparmağa kömək edir
Yaşıl yerlərdə gəzmək çox vaxt narahatlıq və depressiv pozğunluqlardan əziyyət çəkən xəstələrə tövsiyə olunur. Fakt budur ki, təbiət əhval-ruhiyyəni yaxşılaşdırmağa və özünə hörməti artırmağa kömək edir. Yaxınlıqda su hövzələri də varsa, bu, ümumiyyətlə, gözəldir. Axar suya yaxın olmaq narahatlığı aradan qaldırmaq üçün çox yaxşı vasitədir.
3. Görmə üçün faydalıdır
Təbiətin füsunkarlığı təkcə gözlərimizi oxşamır, həm də gözlərimizin yaxşı görməsi üçün də faydalıdır. Məsələn, Tayvanda elm adamları təbiətdə tez-tez vaxt keçirməyin uşaqlarda miopiyanın inkişaf riskini azaltdığını sübut edən tədqiqatlar aparıblar.
4. Yaddaşı yaxşılaşdırır
Təbiətdə gəzinti qısamüddətli yaddaşın funksiyalarına da müsbət təsir göstərir. Miçiqan Universitetinin tədqiqatçılarının maraqlı bir araşdırması var ki, Dendrari parkında gəzən iştirakçılar, sıx şəhər küçələrində gəzənlərlə müqayisədə yaddaş testində 20% daha yüksək nəticə göstəriblər.
5. Təzyiqi azaldır
Yaşıl təbiət, hətta belə bir təsirə malikdir, təsəvvür edirsinizmi? Bunu yapon tədqiqatçıları aşkar ediblər. Buna görə də, əgər siz yüksək təzyiqdən əziyyət çəkirsinizsə, o zaman mütləq parklara, yaşıl təbiət qoynuna daha tez-tez çıxmalısınız.
6. İmmuniteti artırır
Yaşıllığın, o cümlədən insanın ümumi sağlamlığına müsbət təsiri elmi şəkildə sübut edilmişdir. Məsələ burasındadır ki, bitkilər antibakterial xüsusiyyətlərə malik olan və immun sisteminin fəaliyyətini aktivləşdirməklə insanlara fayda verən xüsusi kimyəvi maddələr - fitonsidlər ifraz edirlər.
Beləliklə, təbiət qoynuna çıxmağın tam zamanıdır. Xüsusilə də indiyə qədər meşədə olmamısınızsa, oraya getmək üçün planlar qurun, şəhərin səs-küyündən və stressdən uzaq olmaq üçün "yaşıl təbibin dərmanı"ən yaxşı vasitə olacaq!
Xoş istirahətlər diləyilə...
Sevinc Tapdıqqızı
Cebhe.info