COP29 Azərbaycanın dostlarını artıracaq

COP29 Azərbaycanın dostlarını artıracaq

“Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) bu il Azərbaycanda keçirilməsi çox böyük tarixi əhəmiyyətə malikdir”.

Bu sözləri siyasi şərhçi Əli Mustafa “Cümhuriyət”-ə açıqlamasında deyib.

O bildirib ki, COP dünyanın ən böyük tədbirlərindən biri hesab olunur:

“COP hər il bir ölkədə keçirilən bahalı tədbirdir. Təbii ki, bunu keçirmək üçün dövlətin resursları və imkanları olmalıdır. Azərbaycanın isə kifayət qədər resursları var. Ümumiyyətlə, Azərbaycanın bu tədbirə ev sahibliyi üçün seçilməsi müsbət bir haldır. Bu, çox böyük məsuliyyət və öhdəlik tələb edən tədbirdir. Hətta Azərbaycanın COP29-a ev sahibliyi etməsi üçün Ermənistan da jest edərək bizim xeyrimizə iddialarından imtina etmişdilər. Düzdür, onsuz da Ermənistanın bu gün heç bir beynəlxalq tədbir keçirməyə gücü yoxdur. Çünki bunun üçün onların maliyyə və digər resursları yoxdur. Əlbəttə ki, bunu Azərbaycan layiqli şəkildə edə bilər”.

Ekspert qeyd edib ki, COP29-un Bakıda keçirilməsi Azərbaycanın dünyadakı nüfuzunun daha da yüksəlməsinə səbəb olacaq:

“Bu, ölkəmizin dostlarının da çoxalmasına gətirib çıxaracaq. Bundan başqa, COP29-un paytaxtımızda keçirilməsinin bölgənin və bu coğrafiyanın ictimailəşdiriməsinə də böyük faydası olacaq. Bu tədbirdə dünyanın böyük güclərinin iştirak etməsi olduqca əhəmiyyətlidir. Xarici vətəndaşlar gələrək ölkəmizin gözəlliyini öz gözləri ilə görəcəklər. Onlar reallıqların erməni təbliğatından çox fərqli olduğunu müşahidə edəcəklər. Üstəlik, bizim millətimizin necə qonaqpərvər olduğunu da vurğulamaq lazımdır. Ona görə də düşünürəm ki, COP29 vasitəsilə Azərbaycanın reallıqlarını dünyaya çatdırmaq əhəmiyyətlidir”.

Həmsöhbətimiz COP29-un Bakıda keçirilməsinin digər üstünlüklərindən də söz açıb:

“Belə tədbirlərə ev sahibliyi etmək daha çox siyasətçilərlə münasibət, təmas yaratmaq və dostluq qurmaq baxımından da olduqca mühümdür. Məsələn, Qoşulmama Hərəkatı sayəsində Azərbaycanın dostlarının sayı artdı. Həmçinin, bunun vasitəsilə beynəlxalq münasibətlər sistemində olan dövlətlərlə kifayət qədər geniş çevrə yarada bildik. Bu baxımdan, COP-da da iştirak edən dövlətlərlə yeni əlaqələr yarada bilərik. Yəni Azərbaycanın dünyadakı dostlarının və əməkdaşlıq edə biləcəyi qüvvələrin sayı artır. Bundan başqa, paytaxtımıza gələcək ölkələrin, təşkilatların və qurumların nümayəndələri Azərbaycana investisiya yatırmaq barədə də düşünə bilərlər”.

Əli Mustafanın sözlərinə görə, COP-un özünün əsas hədəfi dünyada iqlimi nəzarətə götürmək və daha yaxşı yaşam üçün çalışmaqdır:

“Biz də bu aspektdə bəşəriyyətə fayda vermiş olacağıq. Nəzərə almaq lazımdır ki, bu istiqamətdə müzakirələr aparılacaq və qərarlar qəbul ediləcək. Azərbaycan da bu tədbirə ev sahibliyi etməklə bəşəriyyətə fayda verəcək. Həmçinin, bu, planetimizi qorumaq baxımından da çox əhəmiyyətli tədbirdir. Bundan başqa, Azərbaycan COP29-a ev sahibliyi etməklə bir vitrin olacaq. Bu tədbirin dünyanın bütün mətbuat orqanlarında işıqlandırılması da ciddi bir piara çevriləcək. Hətta bu, olduqca böyük təbliğat imkanı verir. Düşünürəm ki, bu piardan düzgün istifadə etməliyik. Çünki bunun özü böyük şansdır və dəyərləndirmək lazımdır”.

Elmir Mustafa
"Cebhe.info"