Naxçıvana təyyarə biletləri ucuzlaşır - Yeni qiymətlər necə olacaq? 

Naxçıvana təyyarə biletləri ucuzlaşır - Yeni qiymətlər necə olacaq? 

Bakı-Naxçıvan və Naxçıvan-Bakı reysinə biletlərin qiymətinin ucuzlaşması gözlənilir.

Bununla bağlı Cebhe.info-ya daxil olan məlumata görə, son vaxtlar Bakı-Naxçıvan reysinin qiyməti 60 manat təşkil edirdisə, bu rəqəmin 50 manata endirilməsi müzakirə edilir. Bu vəsaitin də 10 manatı Azərbaycan vətəndaşına güzəşt olaraq təqdim edilə bilər.

Xatırladaq ki, Bakı-Naxçıvan reysinə biletlərin qiyməti ötən ilin iyun ayından etibarən 10 manat bahalaşıb. Bu, Nazirlər Kabinetinin “Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin edilməsi haqqında” 27 dekabr 2007-ci il tarixli 210 saylı qərarında dəyişiklik edilməsindən sonra olub. Bununla da Azərbaycan vətəndaşı olan hər bir sərnişinə güzəşt məbləği 10 manata endirilib ki, əvvəllər bu məbləğ 20 manat təşkil edirdi. Nəticədə Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətlərində aviabiletin 50 manat olan dəyəri 60 manata qaldırılıb.

Qeyd edək ki, bu qiymət artımı vətəndaşlar tərəfindən narazılıqla qarşılansa da, onlar baha qiymətə də olsa bilet almaq məcburiyyətindədirlər. Çünki quru yollarının bağlı olması nəticəsində nəinki sıravi vətəndaşlar, tələbələr, xəstələr, əlillər də məhz yüksək məbləğdə bilet almağa məcbur olurlar. Qiymətlərin ucuzlaşması ilk növbədə məhz bu qrupdan olan vətəndaşlar üçün şərait yaradır. Qeyd edək ki, biletlərin qiymətinin ucuzlaşması təklifinin Naxçıvanın yeni rəhbərliyi tərəfindən verildiyi deyilir.

Nigar Abdullayeva
Cebhe.info