1 manata alınan zəhər: Üstəlik də bahalaşacaq?
“Azərbaycanda 1-3 manata araq satılır, halbuki bu məhsul üçün aksiz vergisi 4,8 manatdır”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bu gün keçirilən plenar iclasında - "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna təklif edilən dəyişikliyin müzakirəsində bildirib.
"Bir sıra ölkələrdə ucuz mala şübhə ilə yanaşmaq ənənəsi formalaşıb. Alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin müəyyən olunması bu bazara müdaxilə deyil.
Burada dövlət qiymət müəyyənləşdirmir, daha dəqiq desək, bazar qiymətlərinə müdaxilə etmir. Nəzarətedici orqan istehsalçının xərclərinə baxmaqla müəyyən edir ki, məhsulun maya dəyəri neçə manat olmalıdır. Minimum qiymət dövlətə ödənilməli olan aksiz vergisinin də daxil olduğu qiymətdir. Bazarda 1-3 manata araq satılması göstərir ki, vergidən yayınma halı var”, - deyə o qeyd edib.
Maraqlıdır, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanuna dəyişiklik edilərsə, spirtli içki bazarına necə təsir edəcək?
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov “Cebheinfo.az”-a açıqlamasında deyib ki, spirtli içkilər bazarı istehlak bazarının ən çirklənmiş seqmentidir:
“Hələ 6 il öncə Daxili İşlər Nazirliyinin əməkdaşları sübut edib ki, ölkənin ən dəbdəbəli kafe və restoranlarında baha qiymətə satılan spirtli içkilər əslində keyfiyyatsızdir. Bahalı şüşələrə naməlum, mənşəyi bilinməyən içkilər töküb satırdılar. Bununla bağlı həbslər və böyük cərimələr tətbiq edilsə də, sonralar bu tədbirlərin davamı gəlmədi. Yenə də spirtli içki bazarında haqsızlıq hökm sürür”.
O bildirib ki, 2019-cu ildə spitli içkilərin istehsalı ilə məşğul olan bir çox sahibkarların lisenziyası ləğv edildi:
“Ölkəmizdə spirtli içki istəhsalı ilə bağlı qanuna edilən dəyişiklikdən sonra 50 dən çox istehsalçının lisenziyası ləğv edildi. Yalnız yeni tələblərə və normalara cavab verən istehsalçılara icazə verildi. Bu, bazarda kustar üsülla içki istehsal edən çox sayda sahibkarları üzə çıxardı. Amma yenə də qeyri-qanunu üsulla istehsal edənlər var”.
E.Hüseynov qeyd edib ki, bazarda təhlükəli içkilər həddən artıq çoxdur:
“Dövlət içki bazarında rəqabət mühitini qorumaq üçün içki bazarında minimal qiymət müəyyən etdi. İstehlakçılar tez-tez içkilərdən şikayət edirlər. Məsələn, bir içkini qəbul etdikdən sonra baş ağrısı varsa, demək, o içkidə aldehidlərin miqdarı həddindən artıq çoxdur. Bir içkini içəndən sonra yuxunuz gəlirsə, toksik maddələrin, yəni sivuş yağlarının sayı çoxdur.
Bu içkiləri qəbul etmək insan sağlamlığı üçün həddin artıq zərərlidir. Hətta insanı kor da edə bilər”.
Həmsöhbətimiz həmçinin qeyd edib ki, saxta içki satanlara qarşı mübarizə olmalıdır:
“Saxta spirtli içki istehsal edən şəxslərə qarşı içtimai nəzərət gücləndirilməlidir. Spirtli istehsal edən qurumların cəmiyyəti yaradılmalıdır. Saxta məhsul aşkarlandığı an dərhal aidiyyəti qurumlara bildirilməlidir. Belə birlik formalaşarsa, saxta və keyfiyyətsiz içki istehsalçılarına qarşı ciddi mübarizə tədbirləri görülə bilər”.
İqtisadçı-alim Vüqar Qocayev isə hesab edir ki, əgər məhsulun qiyməti ucuzdursa, keyfiyyətsiz hesab edilə bilməz:
“Dövlət tərəfindən saxta spirtli içkilərə qarşı müntəzəm olaraq mübarizə aparılır. Lakin içki bazarında sağlam rəqabət mühiti istəyiriksə, içkilərin qiymətinin baha olması üçün zəmin yaratmamalıyıq. Çünki saxta spirtli içki satan sahibkar onsuz da onun qiymətini artıra bilər. Nəticədə istehlakçı daha çox ödəniş edərək saxta içki alacaq. Bu da istehlakçının həm çibinə, həm də sağlamlığına mənfi təsir edəcək”.
O qeyd edib ki, spirtli içkilərin minimum satış qiyməti artacağı halda içki bazarında bahalaşma olacaq:
“Bilmirəm nəyə əsasən 1-3 manata araq butulkasının satıldığını iddia edirlər. Bu qiymətə yalnız apteklərdən spirt və ya 250 ml litirlik araq almaq olar.
Elə olan halda ümümiləşdirib “1 manata araq satılır” demək doğru hesab edilə bilməz. Bu, sadəcə olaraq spirtli içkilərin qiymətini bahalaşdıracaq, üstəlik keyfiyyətsiz içkilərin qiymət artımına imkan yaradacaq”.
Həsən Məmmədov
“Cebheinfo.az”