Sahibkarlar barədə bu qanun DƏYİŞİR

Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar barədə qanunvericiliyə dəyişiklik olunur.
"Cebheinfo.az" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs müflis elan olunduğu məqamdan və iflas prosesinə xitam verildiyi tarixdən 15 gün müddətində bu barədə vergi orqanına məlumat verməlidir.
Hüquqi şəxsin iflas prosesində olması dövlət qeydiyyatına alınmalıdır. Bankların müflisləşmə və iflas prosesində olması “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri nəzərə alınmaqla dövlət qeydiyyatına alınır.
Hüquqi şəxsdə iflas prosesi məhkəmənin iştirakı olmadan başlandığı halda, borclunun iflas prosesinin başlanması barədə qərarının qəbul olunduğu tarixdən, iflas prosesi məhkəmə qaydasında başlandığı halda isə borclunun ərizəsinin məhkəmə tərəfindən qəbul edildiyi tarixdən və ya kreditorun ərizəsi əsasında borclunun müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixindən 15 gündən gec olmayaraq, ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli, iflas prosesinin başlanması barədə borclunun qərarı və yaxud müflis elan olunma barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və möhür təqdim olunmalıdır. Dəyişiklik bu Qanunun 11.3.1-ci və 11.3.1-1-ci maddələrinin tələblərinə zidd olmadıqda, bu Qanunun 9.2-ci maddəsində nəzərdə tutulmuş müddətdə qeydiyyata alınır.
Hüquqi şəxsdə başlamış iflas prosesi onun ləğvi ilə yekunlaşmadıqda, iflas prosesinə xitam verilmə tarixindən 15 gün müddətində müvafiq ərizə, bu prosesə xitam verilməsi barədə qərar və üzərində “iflas prosesində olan” yazılmış möhür təqdim olunmaqla, həmin fakt bu Qanunun 9-2.2-ci maddəsinə uyğun olaraq qeydiyyata alınır.
Hüquqi şəxs müflis olması nəticəsində ləğv edildikdə, əmlak inzibatçısı qurumun ləğv edilməsi barədə məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra 10 gün müddətində bu Qanunun 16.1-1.1-ci, 16.2.3-cü və 16.2.3-1-ci maddələrində nəzərdə tutulmuş sənədlərlə və bu Qanunun 16.2.4-cü maddəsinə uyğun olaraq, səhmdar cəmiyyətlərinə münasibətdə Azərbaycan Respublikası Mərkəzi Bankının arayışı ilə birlikdə üzərində “iflas prosesində olan” yazılmış möhürü müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməlidir.
Qeyd olunub ki, qanun layihəsinin qəbul edilməsi nəticəsində barəsində iflas proseduru başlanılmış hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər barədə məlumatların vergi ödəyicilərinin uçotu reyestrində uçotunun aparılması, hüquqi şəxslər barədə məlumatların isə hüquqi şəxslərin dövlət reyestrində qeydə alınması ilə bağlı məsələlər tənzimlənəcək, eləcə də iflas proseduruna məruz qalmış subyektlərin və digər şəxslərin hüquqlarının qorunması istiqamətində müsbət nəticələr əldə olunacaq.
İflas prosesində olma barədə vergi orqanına məlumatın verilməsi (hüquqi şəxslərə münasibətdə bu barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınması) iflas prosesində olan hüquqi və fiziki şəxsin fəaliyyətində şəffaflığın gücləndirilməsinə, risklərin düzgün idarə edilməsinə, eləcə də iflas prosesində olan şəxsin borclularının və kreditorlarının əmlak maraqlarının daha etibarlı qorunmasına xidmət edəcək.
"Cebheinfo.az"