Akif Nağı: “COP29 ərəfəsində çərçivə sazişi imzalana bilər”

Akif Nağı: “COP29 ərəfəsində çərçivə sazişi imzalana bilər”

“Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamağa hazırdır, çünki bu, bizə sərf edir”. 

Bu sözləri Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, Ermənistan sülh müqaviləsi imzalamaqla öz məğlubiyyətini etiraf etməlidir: 

“Ona görə də Azərbaycan qələbəsini rəsmi sənəddə də təsdiqlətmək üçün sülh müqaviləsinin imzalanmasında maraqlıdır. Amma Ermənistan həm məğlub tərəf olduğu, həm də müstəqil siyasət apara bilmədiyi üçün sülh müqaviləsi imzalamağa çəkinir. İrəvan hakimiyyəti müstəqil deyil, Rusiya və Qərbdən göstəriş alır”. 

Partiya sədri hesab edir ki, noyabr ayında Bakıda keçiriləcək COP29 ərəfəsində Azərbaycanla Ermənistan arasında çərçivə sazişi imzalana bilər:

“COP29 ərəfəsində tərəflər arasında çərçivə sazişinin imzalanması məntiqli görünür. Üstəlik, onun imzalanmasını ABŞ və Rusiya da istəyir. 

Yəni Bakı ilə İrəvan COP29-dan öncə bu sənədə imza ata bilərlər”. 

Həmsöhbətimizin fikrincə, sülh müqaviləsinin imzalanması üçün zaman lazım olacaq: 

“Sülh müqaviləsini imzalamaq bütün məsələlərin həlli demək deyil. Düşünürəm ki, Ermənistan Konstitusiyası dəyişmədən də sülh müqaviləsi imzalana bilər. Yəni sülh müqaviləsi imzalandıqdan sonra Ermənistan Konstitusiyasındakı Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları çıxarıla və gerb dəyişə bilər. 

Hətta hazırda bu proses gedir. Bir müddət öncə Ermənistanın Baş naziri Nikol Paşinyan da Konstitusiya ilə Müstəqillik Aktının içərisində müəyyən ziddiyətlərin olduğunu və onların aradan qaldırmağın vacibliyini qeyd etdi. Onun məqsədi erməni cəmiyyətini Konstitusiya dəyişikliklərinə hazırlamaqdır”. 

Akif Nağı Ermənistanda keçirilməsi gözlənilən refendumla da bağlı danışıb. Belə ki, 2027-ci ilin əvvəlində Ermənistan Konstitusiyasına dəyişiklik üçün refendumun keçirilməsi gözlənilir. Ondan sonra isə Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalana biləcəyi deyilir. 

Partiya sədri bu məsələyə də münasibət bildirib: 

“Ümumiyyətlə, indidən sülh müqaviləsinin imzalanacağı vaxt barədə danışmaq doğru olmaz. Bunu dəqiq demək mümkün deyil. Çərçivə sazişi imzalanandan sonra sülh müqaviləsi imzalanacaq. Ona qədər isə Ermənistan Konstitusiyasına dəyişiklik  olunması ilə bağlı refendum keçirilə bilər.

Erməni xalqının refendumla buna “hə” deməsi də olduqca mühüm sayılacaq. 

Düşünürəm ki, tərəflər arasında sülh müqaviləsi imzalanana qədər sözügedən dəyişikliklərin həyata keçməsi mümkündür. Əslində konstitusiya dəyişikliyi ilə bağlı keçiriləcək refendumdan sonra Azərbaycanın tələbləri yerinə yetiriləcək”. 

Elmir Mustafa 
“Cebheinfo.az”