Akif Nağı: “Proses sülh müqaviləsinə doğru gedir”

Akif Nağı: “Proses sülh müqaviləsinə doğru gedir”

Xəbər verdiyimiz kimi, Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri Azərbaycana qaytarılıb.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin işğaldan azad olunmasını təmin etmək məqsədilə, 19 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə Komissiyasının 8-ci görüşünün Protokolu imzalanıb. 

Qeyd edək ki, 15 may 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Komissiyaların növbəti 9-cu görüşü keçirilib, sözügedən Texniki Protokol razılaşdırılmış və bu barədə Komissiyaların müvafiq Protokolu imzalanıb. 

Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib. Beləliklə, Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb. 

Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı “Cebhe.info”-ya bildirib ki, Qazaxın 4 kəndinin qaytarılmasını çox sevindiricidir:

“Azərbaycan Prezidenti, Ali Baş Komandanı İlham Əliyev tərəfindən arzuya, xəyala gəlməyən məsələlər həyata keçirilir. Üstəlik, bu tarixi proses davamlı şəkildə gedir. Nəzərə almaq lazımdır ki, qısa zamanda çox böyük işlər görüldü. 30 il ərzində işğal altında qalan torpaqlarımız azad olundu, amma müəyyən məsələlər qalırdı. Onlar da çətin proseslər idi. Biz 30 il gözlədik, lakin rayon, şəhər və kəndlərimiz bir-birinin ardınca işğaldan azad olundu”. 

Partiya sədri diqqətə çatdırıb ki, indiki vəziyyətdə bir kəndin belə geri qaytarılması ciddi müqavimətlə qarşılanır:

“Ona görə də hər bir kəndin və ərazinin qaytarılması çox böyük hadisədir. Hesab edirəm ki, Qazaxın 4 kəndinin Azərbaycana təhvil verilməsi olduqca ciddi addımdır. Ermənilər artıq başa düşürlər ki, Azərbaycanla ancaq sülh dilində danışmaq olar, başqa cür danışmaq olmaz. Onlar özləri də sülh müqaviləsindən başqa çıxış yollarının olmadığını dərk edirlər. Bu səbəbdən də rəsmi Bakının tələblərini yerinə yetirirlər. Yerinə yetirdikcə də proses sülh müqaviləsinə doğru gedir”. 

Elmir Mustafa 
“Cebhe.info”