Əli Kərimlinin məhkəmə prosesini şouya çevirmək cəhdi

Kimin nə günahı var ki, bir partiya üzvü öz sədrini məhkəməyə verir?
Min cür don geyindirməyə çalışılsa da, “təzyiqdir, təxribatdır” deyilsə də, əgər bir partiya sədri qurumun digər bir səlahiyyətli şəxsi tərəfindən məhkəməyə verilirsə, onunla bağlı xüsusi ittiham qaydasında cinayət işinin başlanması üçün müariciət edilirsə, bunun günahını da, səbəbini də həmin sədr özündə axtarmalıdır. Deməli, həmin sədr partiyasını idarə edə, üzvləri ilə normal münasibətlər qura bilmir.
İllərlə aldatdığı, siyasi vədlər verdiyi partiya üzvləri yorulub və onun şəxsi mənfəətinə hesablanmış siyasi taktikalarını qəbul etmirlər. Özlərinə trol kimi baxılmasından beziblər. Əli Kərimli bütün üzvlərinə səhv-düz özünə “ləbbeyk” dedirtmək istəyir.
Amma illərini bu “ləbbeyk”ə xərcləyənlər yavaş-yavaş ayılırlar. İllərlə aldadıldıqlarını indi hiss edirlər. Təbii ki, gecdir, amma nə qədər gec olsa da, bir o qədər alqışlanmalıdır. Çünki bir Azərbaycan vətəndaşının illərlə səhv etməsi onun faciəsi ilə bitir. Bu isə adamı incidir, rahatsız edir.
Əli Kərimli isə dəyər vermədiyi bu adamların etirazına soyuqqanlı, bir siyasətçi kimi yanaşmağı bacarmır. Kimsə etiraz edirsə, rəhmətlik İsi Məlikzadənin “Qatarda” tamaşasındakı kimi rəhbərlikdə formalaşdırdığı “Fatı otur, Fati dur” komandası ilə birgə həmin şəxsi partiyadan qovur, şantaj edir, şərləyir, “hakimiyyətə işləyirsən” yarlığı yapışdırır.
Onu məhkəməyə verən Aydın Əliyevə qarşı da eyni hərəkəti etdi. Qeyd edək ki, Əli Kərimli barəsində AXCP-nin Nəzrət-Təftiş Komissiyasının sədri Aydın Əliyev məhkəməyə müraciət edib. Aydın Əliyev müraciətində Ə.Kərimlinin şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər bölümü ilə əlaqədar xüsusi ittiham qaydasında cəzalandırılmasını istəyib.
Əli Kərimlinin “kaprizləri”nə qurban gedən digər cəbhəçilər abırlarına qısılıb susdular, dinmədilər. Bu dəfə isə DAŞ QAYAya rast gəldi...
İndi Əli Kərimli həmin məhkəmədən “siyasi şou” düzəltməklə prosedən yayınmağa, məhkəmə araşdırmasından qaçmağa və bununla da məhkəməyə təzyiq etməyə cəhd edir. Yanında da Cəmil Həsənli.
Düzü, Cəmil Həsənlini o durumda orada görmək çox acınacaqlıdır. Yaxşı tarixçi kimi tanınan pis siyasətçi məhkəmə binasının önündə buyruq quluna oxşayır. Hazırlanmış telefon çəkilişlərinin qarşısında elə qaçır ki...
Əli Kərimli ona qarşı aparılan məhkəmə prosesindən özünü qəhrəman obrazında təqdim etməklə, cəmiyyəti növbəti dəfə aldatmaq niyyətindədir. Bu niyyətini həyata keçirmək üçün də ona dəstək verilməsini mənəvi, siyasi və vicdan borcu adlandıraraq bir növ insanların hissiyyatı ilə oynayır. Amma bu da alınmır.
Məhkəmə önünə yığışanların hamısını ictimai-siyasi həyatda olanların çoxu sifətdən belə tanıyırlar. Çoxlarının adı, soyadı da bilinir. Əli Kərimli şouya çevirmək istədiyi hüquqi prosedurdan nə mənəvi, nə siyasi dəstək qazana bilir.
Əsl həqiqətdə Əli Kərimliyə qarşı başlanmış məhkəmə prosesi ona divident yox, idarəetməsinə daha bir minus yazdırdı. Öz aləmində bunu divident hesab edə bilər. Amma cəmiyyətin reaksiyası və prosesin bu qədər böyüməsi göstərdi ki, Əli Kərimli demokratiya adı altında AXCP-də əsl avtoritar bir mühit formalaşdırıb.
Təbii ki, bunu keçmiş cəbhəçilər və hərəkatçılar yaxşı bilirlər. Sadəcə, aldadıb sıralarına qatdıqları gənclər indi reallığı dərk edirlər. Elə buna görə də AXCP Rəyasət Heyətinin üzvlərindən iki tanınmış sima - Asif Yusifli və İlham Hüseyn partiyadan istefa verdilər.
Hazırda bu proses səngimiş görünsə də, partiya daxilində gərginliyin olduğu haqqında dəqiq məlumatlar var. Bu isə Əli Kərimli üçün yaxşı heç nə vəd etmir.
Rəfail Becanov
"Cebheinfo.az