Kəlbəcərin işğaldan azad olunması hər zaman qürur hissi ilə xatırlanacaq

Kəlbəcərin işğaldan azad olunması hər zaman qürur hissi ilə xatırlanacaq

Kəlbəcər rayonu Ermənistanın işğalından azad edilməsindən üç il ötür.

2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə əsasən Kəlbəcər rayonunun 27 illik işğalına son qoyuldu.

Bu, siyasi, iqtisadi, hüquqi, sosial, ekoloji, mənəvi-psixoloji baxımdan, mühüm əhəmiyyət kəsb edən hadisə idi.

Belə ki, 10 noyabr Bəyanatının timsalında kapitulyasiya sənədini imzalayan Ermənistan Kəlbəcəri Azərbaycana qaytarmaqla BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsini icra etməyə məcbur oldu. Azərbaycan işğal dövründə aparılan bütün danışıqlarda BMT TŞ-nın dörd qətnaməsini yerinə yetirməyi tələb etsə də, Ermənistan buna məhəl qoymurdu. 

Ancaq Azərbaycan ordusu 44 gün davam edən hərbi əməliyyatlarının nəticəsində  beynəlxalq hüququn icrasını təmin etmiş oldu. Bununla da ermənilərin Kəlbəcəri dəhliz kimi Qarabağı Ermənistanı birləşdirmək planları məhv oldu.

Xüsusilə də son illər Ermənistan ATƏT-in Minsk qrupu vasitəsilə aparılan danışıqlar masasında beş rayonun Azərbaycana qaytarılması təklifini ortaya atmaqla Kəlbəcərin ilhaqına nail olmaq istəyirdi. Yəni Ermənistan “Kazan prinsipləri” adlanan həll modelinə uyğun olaraq, işğal altında olan Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarını Azərbaycana qaytarmalı, Laçın və Kəlbəcər bufer zona kimi növbəti mərhələyə saxlanılmalı, qeyri-müəyyən müddətdən sonra isə keçmiş Dağlıq Qarabağın statusu məsələsinə baxılmalı idi. 

Bununla da Ermənistan Azərbaycandan nəinki Qarabağı, hətta üstəlik Laçın və Kəlbəcər rayonlarını də qoparmaq niyyəti güdürdü. Lakin 2020-ci ildə Azərbaycan Ordusunun Ermənistanı məğlub etməsi bütün bu planları alt-üst etdi. Ona görə də ermənilər Kəlbəcərin Azərbaycana qaytarılması faktı ilə barışa bilmirdilər.

Kəlbəcər tarix boyu bir neçə dəfə ermənilərin törətdiyi terrordan və qətliyamdan əziyyət çəkib. Son 27 ildə analoji cinayətlərlə bağlı çoxsaylı faktlar var. 1993-cü ildə Kəlbəcər rayonunun işğalı zamanı ermənilər sözün həqiqi mənasında soqırım törətmişdilər.

Erməni terrorizminin əsas liderlərindən biri olan Monte Melkonyanın başçılıq etdiyi silahlı dəstələr uşaq, qoca, qadınlar da daxil olmaqla dinc əhalini amansızlıqla qətlə yetirərək etnik təmizləmə siyasəti aparıb. 1993-cü il martın 31-də törədilmiş “Tunel qətliyamı” zamanı rayonu tərk edən dinc əhali mühasirəyə salınaraq güllələnmiş və diri-diri yandırılmışdı. 

Faciə zamanı ən azı 50 nəfər öldürülmüş, 31 nəfər isə yaralı vəziyyətdə girov götürülmüşdü. Yaxud 2020-ci ildə Kəlbəcər işğaldan azad edildikdən sonra Başlıbel kəndində aşkarlanan kütləvi məzarlıq ermənilərin apardığı soyqırım əməllərini əyani sübut edirdi. 

Ancaq  Kəlbəcərdə baş verənlər erməni vəhşiliyinin və barbarlığının yalnılz insanlıq əleyhinə cinayətlə yekunlaşmadığını göstərdi. Həm Kəlbəcərin işğalı zamanı, həm də oranı tərk edən zaman ermənilərin törətdikləri vəhşiliklər onların bu  torpaqlara yad olduğunu bir daha təsdiq edib.  

Kəlbəcərin boşaldılması işğalçının eybəcər siması və barbarlığının, erməni vandalizminin növbəti nümayişi ilə müşahidə olundu. Kəlbəcərdən qaçan qeyri-qanuni sakinlər rüsvayçı hərəkətləri və barbar davranışları ilə yadda qaldılar. 

Azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuran ermənilər öz vəhşi xislətlərini göstərdilər. Kəlbəcər torpaqlarında dinc insanları, qocaları, uşaqları kütləvi qətlə yetirməklə kifayətlənməyib indi də evləri yandırmaq, günahsız, şüursuz heyvanları öldürmək, arı yeşiklərinə od vurmaq, ağacları kəsmək yalnız erməninin ağlına gələ bilər. 

İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır. 

Qeyd edilən vandalizmə rəğmən Kəlbəcərin işğaldan azad edilməsi zamanı dünya ictimaiyyəti Azərbaycan dövlətinin ermənilərə qarşı humanist münasibətinin şahidi oldu. Belə ki, 10 noyabr Bəyanatının 6-cı bəndi Kəlbəcər rayonunun Ermənistan tərəfindən 2020-ci il noyabrın 15-dək Azərbaycana qaytarılmasını nəzərdə tutur. Ancaq işğalçı ordu ilə paralel Kəlbəcər rayonunda qanunsuz şəkildə başqa ölkələrdən gəlib məskunlaşmış ermənilərin ərazini tərk etməsi dağ yollarında tıxacın yaranmasına səbəb oldu. 

Öhdəliyə uyğun vaxtda ərazini tərk edə bilməyən ermənilər Azərbaycandan 10 gün əlavə vaxt istədi. Halbuki, 1993-cü ildə Kəlbəcərin işğalı zamanı Ermənistan dinc əhalinin ərazidən çıxmasına humanitar dəhliz verməmiş, günahsız insanları pusquya salınaraq kütləvi qətlə yetirilmişdi. Lakin Azərbaycan dövləti bu cinayətlərə baxmayaraq, yenə də  ədalət prinsipinə üstünlük verərək ermənilərə verilən vaxtı noyabrın 25-dək uzatdı.

Ermənilər isə bu humanist addımdan istifadə edərək yaşayış infrasturukturunu, canlı təbiəti məhv etməklə məşğul oldu. Bütün dünyaya özünü məzlum xalq kimi tədqim edən, ədalət məhkəmələrinin, beynəlxalq təşkilatların qapısını döyməkdən yorulmayan ermənilər insanlara, təbiətə, heyvanlara qarşı törətdikləri vəhşiliklərin ən böyük hüquq pozuntusu olduğunu bilməmiş deyil.

Ən azı Azərbaycan dövlətinə vurduqları ziyana görə təzminat ödəməli olan Ermənistana beynəlxalq məhkəmə proseslərində bu barbarlığın yolverilməz olduğu başa salınacaq. 

Müşfiq Abdulla 
Cebhe.info