Müharibənin 10-cu günü: İRAN TƏŞVİŞDƏ
ABŞ, İsrail və İran müharibəsi 10-cu günə daxil olur.
Son bir həftə ərzində tərəflər arasında intensiv hücumlar həyata keçirilib. ABŞ və İsrail İranın bir çox şəhərlərini raket atəşinə tutur, ölkənin daxilində bir sıra hərbi-siyasi obyektləri və dövlət qurumlarını, o cümlədən xüsusi əhəmiyyət kəsb edəb enerji obyektlərini məhv ediblər.
İran isə öz növbəsində İsrailin şəhərlərinə və ABŞ-nin Körfəz bölgəsində hərbi bazalarına raket zərbələri endirir. Qərb və İsrail kütləvi informasiya vasitələrinin məlumatına görə, ABŞ və İsrail yaxın günlərdə İrana əvvəlkindən daha ağır və sarsıdıcı zərbələr endirəcək.
İsrailin Baş naziri Benyamin Netanyahu yerli mediayaya açıqlamasında ölkəsinin İrana qarşı müharibəni davam etdirəcəyini bildirib, ən maraqlısı isə o, Tehrana qarşı “sürprizlərlə dolu bir plan” hazırladıqlarını deyib.
Baş nazir İsrail ordusunun İrana qarşı əməliyyatları “tam gücü ilə” davam etdirdiyini söyləyib. Netanyahu qeyd edib ki, İsrail regionda strateji vəziyyəti dəyişmək üçün riskli qərarlar qəbul edib.
Ekspertlər hesab edirlər ki, yaxın zamanda İranı daha ağır təlatümlər gözləyir. Onlar İranın bir ay və ya bir ay yarım ərzində çökəcəyini istisna etmirlər.
Məsələ ilə bağlı politoloq Xəqani Cəfərli “Cebheinfo.az”-a şərhində bildirib ki, İrana qarşı hücumlar daha da şiddətlənərsə, Tehranın tez bir zamanda çökməsi mümkün görünür:

“İranın hava hücumundan müdafiə qabliyyətinin məhv edilməsi bütün təsisatları və infrastrukturu asan hədəfə çevirir. İsrailin ABŞ-dən 12 min raket alması da bu növbəti mərhələnin vəzifələrini həyata keçirmək üçündür.
Qənaətimcə İsrail həmin raketlərlə İranın dövlət təsisatlarını və infrastrukturunu dağıdacaq. Dövlət təsisatlarının dağılması mərkəzdənqaçma prosesini tətikləməklə yanaşı, rejimə qarşı çıxışları da gücləndirəcək.
Bütün bunlar İranın ərazi bütüövlüyünü qoruya bilməyəcəyini də söyləməyə imkan verir. Unutmaq olmaz ki, əməliyyatların başlamasının 10-cu günü hələ yeni başlayıb. Ancaq İran artıq böyük itkilərə məruz qalıb.
Hərbi əməliyyatların bundan sonra ən azı 30-40 gün də davam edəcəyini nəzərə alanda, bir neçə həftədən sonra İranın hansı vəziyyətə düşəcəyini təsəvvür etmək çətin deyil”.
Yunis Abdullayev
“Cebheinfo.az”


