Xalqımız 4 ildir Novruzu fərqli ahənglə qarşılayır

"Artıq dördüncü ildir ki, Azərbaycan xalqı bayramlarını fərqli bir ruh, fərqli bir ahənglə qarşılayır. Artıq bu bayramlarda torpaqlarını itirmiş, ata-baba yurdlarından qovulmuş, məğlubiyyətlə barışmaq təzyiqinə müqavimət göstərməkdə olan xalqın nisgili yoxdur.
Uzun illər boyu bütün bayramlarımızı “O gün olsun ki, gələn il bu bayramı Qarabağımızda qeyd edək” arzusu ilə keçirirdik. O gün gəldi, biz o xoşbəxt günləri gördük, muradımıza qovuşduq.
Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndəri Heydər Əliyevin hələ 1998-ci ildə böyük bir uzaqgörənlik və əminliklə söylədiyi “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik.
Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”, – sözləri bu gün reallığa çevrilmişdir.
"Ulu Öndərin həyatının ən ümdə amalı olan və vətən övladlarına səsləndirdiyi vəsiyyət, bütün Azərbaycan xalqının arzusu Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə həyata keçdi. Torpaqlarımız işğaldan azad edildi və bu gün biz Novruz bayramımızı bu torpaqlarda qeyd edirik. Biz artıq Novruz bayramımızı Xankəndidə, Şuşada qeyd etmək xobəxtliyini yaşadıq, Cıdır düzündə, qələbə tonqallarımız qalandı, cəngimizin sədaları oradan göylərə ucaldı".
Bunu “Cebhe.info”-ya açıqlamasında deputat Ülviyyə Ağayeva deyib.
Deputat bildirib ki, bu günə qədər bir gün azad ediləcək torpaqlarımızda bütün maddi və mədəni sərvətlərimizin əsl sahibi olduğumuzu sübut etmək üçün əsaslı zəmin hazırlamaq istiqamətində böyük işlər görülmüşdür:
"Bu sahədə aparılan ən mühüm fəaliyyət Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Məhz onun səmərəli fəaliyyəti və səyi nəticəsində musiqi mədəniyyətimizin inciləri olan muğam və aşıq sənəti, tar ifaçılıq sənəti, qədim tariximizin və mədəniyyətimizin ayrılmaz bir elementi olan ənənəvi atüstü oyun - çövkən, milli mədəniyyətimizin daha bir göstəricisi - Azərbaycan xalçası UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.
Onun bu sahədəki uğurlu fəaliyyətinin daha bir göstəricisi xalqımızın qədim mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramımız – Novruz Bayramı ilə bağlıdır. Novruz həyatın bütün sahələrində xalqımızın yüksək zövqü və bədii təfəkkürünü əks etdirir, bu bayramla bağlı olan el şənlikləri, rəngarəng əyləncələri, adət və ənənələri, xüsusi mətbəx mərasimləri və təamları onun mənəvi dünyasını təzahür etdirir.
Novruz Bayramı Azərbaycan xalqının mənəvi dünyasını, milli düşüncə tərzini, məfkurəsini, qədim mifik görüşlərini, folklorunu, milli varlığını bütün zənginliyi ilə özündə ehtiva edir. Xalqımızın bu təkrarolunmaz milli sərvətinin ümumdünya miqyasında tanınması və təsdiqlənməsi də bilavasitə Mehriban xanım Əliyevanın səyləri nəticəsində həyata keçmişdir. 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində Novruz çoxmillətli (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ siyahısına salınmışdır.
Bu, Azərbaycan mədəniyyəti tarixində baş verən daha bir mühüm hadisə olmuşdur. Bu bayramın belə bir mötəbər qurum tərəfindən tanınması və bilavasitə Azərbaycan xalqının qədim mədəniyyəti ilə bağlanması qəlbimizdə dövlətimizin əbədi olacağına, çiçəklənəcəyinə və bir daha haqqının tapdanmayacağına, sərvətlərinin talan edilməyəcəyinə ümid və əminlik çırağı yandırır".
Vilayət Muxtar
“Cebhe.info”