Bakı küçələrində görünməyən yol nişanları: İnsanlara təhlükə, sürüclərə cərimə

Bəzi sürücülər iddia edirlər ki, yol nişanları görünmədiyi üçün bilmədən yol hərəkəti qaydalarını pozmuş olurlar.
Nəticədə həm insan həyatı təhlükəyə düşür, həm də sürücülərə cərimə gəlir.
Yol nişanlarını görmədiyiniz halda, günahsızlığımızı necə sübut etmək olar?
Yağışlı, qaranlıq və ya qarlı havalarda sürücülər çətinlik yaşayırlar, çünki bu təbiət hadisələri, hətta keyfiyyətsiz rəng belə nişanı gizlədə bilər. O zaman qərarı sürücü özü verməlidir.
Lakin çox zaman sürücünün "özfəaliyyəti" Yol Patrul Xidmətinin (YPX) əməkdaşının xoşuna gəlmir və hər hansı təbii şərait bəzilərinə cərimə yazmağa mane olmur.
Bəs yol yərəkəti qaydaları bu haqda nə deyir?
Cebhe.info bu barədə məlumatı təqdim edir:
“Yol hərəkəti haqqında” Qanunda qeyd olunur ki, yol nişanları sürücüyə görünən və anlaşılan olmalıdır (YHQ 61-ci maddə). İnzibati Xətalar Məcəllləsinin 12-ci maddəsi inzibati xəta anlayışını izah edir. Qanuna əsasən, inzibati pozuntu xəta törədildiyi sübut olunan zaman hesab edilir. Sübuta qədər isə bu şübhədir. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində göstərilir ki, inzibati pozuntunun olması ilə bağlı şübhə varsa, bu vətəndaşın xeyrinə həll edilir.
Yəni Yol Patrul Xidmətinin əməkdaşı qayda pozuntusunu dəqiq müəyyən edib, sübut etdikdən sonra sizə protokol yazmalıdır. Qanun deyir ki, vətəndaşın dəqiq qanunazidd hərəkəti pozuntu hesab edilir. Yəni xətti gördün, tapdaladın,bu zaman pozuntu qeydə alınır. Silinmiş, görünməyən, sınmış nişana görə məsuliyyət nəzərdə tutulmayıb.
Nəqliyyat məsələri üzrə ekspert Elməddin Muradlı Cebhe.info-ya bildirib ki, nişanlar və nişanlanma xətləri sürücülər üçün tam aydın şəkildə görünən olmalıdır.
“Onların quraşdırılması və ya asfalt üzərinə çəkilməsi şəffaf şəkildə təmin edilməlidir. Sürücü həmin nişanları azı 50-100 metr məsafədən rahat şəkildə görməlidir. Burada hər hansısa bir qüsur varsa, bu, həmin işi görən qurumun məsuliyyətsizliyini göstərir. Ola bilsin ki, görülən işə sonradan nəzarət edilmədiyi üçün belə problemlər ortaya çıxır. Bunun baş verməməsi üçün istər Dövlət Yol Polisinin, istər Azərbaycan Yerüştü Nəqliyyat Agentliyinin, istər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinın və Bakı şəhəri Baş Dövlət Yol Polisi əməkdaşları mütəmadi olaraq yollara nəzarət etməlidir”.
Həsən Məmmədov
Cebhe.info