Bakının mərkəzi boşalır: Bu ərazilərində torpaq və ev bahalaşacaq

Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planında şəhər iqtisadiyyatı təhlil edilib.
Baş Planda diqqəti cəlb edən çoxlu məqamlar var. Həmin məqamları təqdim edirik:
*Paytaxtda nəqliyyat sıxlığını azaltmaq məqsədi ilə mərkəzdən kənarlarda "Universitet şəhərciyi” - Yeni bilik-biznes rayonu yaradılacaq.
*Qala qəsəbəsində və Xocasən gölü ətrafında dövlət və özəl ali təhsil müəssisələri üçün ümumi bilik mərkəzi yaradılacaq.
*Zirə qəsəbəsində kənd təsərrüfatı və aqrar-sənaye müəssisələrinin işçi qüvvəsi ilə təmin edilməsi üçün peşə təhsili mərkəzi yaradılacaq.
*Xocahəsən gölü ətrafında təxminən 500 ha ərazidə geniş ictimai park salınacaq. Burada yeni Nəbatat Parkı yaradılacaq.
*Mərdəkanın geniş ictimai nəqliyyat yönümlü şəhərsalma mərkəzinə çevrilməsi planlaşdırılır.
*Mədəni və sənaye irsi əyləncəli-təhsil Parkı yaradılacaq.
*Bakının Sabunçu rayonunda, Böyükşor gölünün şimalında Eko-Sənaye Parkı yaradılacaq.
Maraqlıdır, adıcəkilən ərazilərdə torpaq sahalərində və daşınmaz əmlak sahəsində qiymətlərə təsir edəcəkmi?
Mövzü ilə bağlı “Cebhe.info” əmlak məsələri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, təsdiq olunmuş yeni Baş Plana əsasən şəhərin mərkəz hissələrində sıxlığı azaltmaq üçün mərkəzlər və iqtisadi zonalar yaradılacaq:
“İqtisadi zonaların yaradılması paytaxtın mərkəzində sıxlığın azalmasına gətirib çıxaracaq. Başqa bir tərəfdən, bu, şəhərin mərkəzində kirayə mənzillərin qiymətlərinin enməsinə gətirib çıxaracaq. Mərkəzdən kənarda yerləşən ərazilərdə daşınmaz əmlaklara tələbatı artıracaq.
Baş Planda qeyd olunmuş ərazilərdə müəyyən parkların, sənaye zonalarının salınması və ali təhsil müəssisələri üçün binaların tikilməsi o ərazilərə tələbatı artıracaq. Tələbatın artması o ərazilərdə daşınmaz əmlakın qiymətinə təsir göstərəcək və artıq insanlar təbii yollarla mərkəzdən kənara ərazilərə üz tutacaqlar. Buna görə də nisbətən sıxlığın aradan qaldırılması baş vərəcək”.
Ekspert həmçinin yeni parkların və Nəbatət bağının salınmasından danışıb:
“Turizm baxımından və ekoloji tərəfdən baxsaq, yeni parkların salınması olduqca əlverişlidir. Bu, həm də kənar ərazilərdə yaşayan vətəndaşların və xarici investorların bu ərazilərdə daşınmaz əmlaka yatırım etməsinə gətirib çıxaracaq”.
Həsən Məmmədov
“Cebhe.info”