Gömrük Komitəsi blogerin cavabını verdi: “Əsassız iddiadır”

Xanım bloger “Instagram” sosial şəbəkəsindəki “iconmekh” adlı səhifəsində hava limanında xidmət aparan gömrük əməkdaşlarının onun anasına qarşı kobud davrandıqlarını, qeyri-qanuni hərəkətlərə yol verdiklərini iddia edərək gömrük orqanının və onun vəzifəli şəxslərinin ünvanına təhqir, şəxsiyyəti alçaldan, böhtan xarakterli məlumatlar yayımlayıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) açıqlamasında bildirilir.
"Xanım bloger anasına aid çamadanın zorla əlindən alındığını, gömrük əməkdaşlarının qeyri-etik hərəkətlərə yol verdiklərini iddia edib. Məlumat dərhal araşdırılıb, iddiaların əsassız və həqiqətə uyğun olmadığı müəyyənləşdirilib.
Mayın 17-də İstanbuldan Bakıya gələn bloger xanımın anası və onunla birlikdə gömrük zonasına daxil olan eyni reysin iki xanım sərnişini “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə gömrük zonasını tərk etmək istəyərkən gömrük əməkdaşları onları “Qırmızı kanal” buraxılış sisteminə yönləndiriblər. Stasionar rentgen qurğusunda keçirilən gömrük baxışının nəticələrinə uyğun olaraq həmin şəxslərə məxsus çamadanlarda gömrük yoxlaması aparılıb.
Yoxlama zamanı çamadanlarda şəxsi istifadədən artıq sayda malların mövcudluğu müəyyən edilib, vətəndaşlara həmin malların gömrük rəsmiləşdirilməsinə cəlb olunacağı bildirilib və bu məqsədlə gömrük nəzarətində altında saxlanılıb.
Xanım bloger gömrük əməkdaşlarının kobud davrandığını iddia etsə də araşdırma nəticəsində məlum olub ki, gömrük əməkdaşları nəzakətli qaydada davranıb, hətta çamadanın gömrük yoxlamasına təqdim edilməsinə yardım göstəriblər.
Qeyd olunan malların gömrük rəsmiləşdirilməsinə cəlb edilməsi barədə məlumat verildiyi zaman isə vətəndaşlar bununla razılaşmayıb, gömrük əməkdaşları ilə yüksək səs tonunda danışmış, onların qanuni fəaliyyətini yerinə yetirməsinə mane olmağa cəhd göstərib. Ötən gün xanım bloger və anası Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə dəvət olunub, onlara bu barədə ətraflı məlumat verilib", - deyə Komitənin məlumatında qeyd olunur.
Xatırladaq ki, bloger Mehin Oktaylı (İconmekh) Dövlət Gömrük Komitəsindən şikayət edib.
Mehin bildirib ki, gömrükdə anasının çamadanı əlindən alınıb:
"17 may tarixində anam Nərgiz Zahirova İstanbuldan Bakıya gəlib. Vətənə çatan kimi hava limanında çamadanını əlindən alıblar. İçində sadəcə özünə, mənə və nəvəsinə aldığı geyimlər olub. Satış məqsədli geyimlər gətirilməyib. Anam israrla “açın, baxın çamadana” dediyi halda heç bir işçi açıb baxmadan əlindən alıblar. Hətta kobud rəftar edərək öz tərbiyyələrini göstəriblər. 2 gündür hava limanına getməyinə baxmayaraq, hələ də çamadanı vermirlər.
Səbəb isə “ürəyimiz belə istəyir” olur. Siz camaatı dolamısınız? Gömrük Komitəsi, İstanbuldan gələn hər kəs özü və ailəsi üçün alış-veriş edir. Mənə maraqlıdır, bu qayda-qanunuz hər bir vətəndaş üçün belədir?! Ya keyfiniz istədiyi şəxsin çamadanını heç bir səbəb olmadan əlindən alırsınız? Bu dövlətin qanunu, qaydası var və heç kim özbaşınalıq edə bilməz. Bir az insaf, bir az vicdan!! O çamadan evə gələcək, amma mən sizdən hər yerə şikayət edəcəyəm".
"Cebheinfo.az"