Heydər Əliyevin tarixi missiyası: Xalqa və Vətənə sonsuz sevgi

Heydər Əliyevin tarixi missiyası: Xalqa və Vətənə sonsuz sevgi

Tarixə Milli Qurtuluş Günü kimi yazılan 1993-cü ilin 15 iyunundan 30 il ötür. Milli Qurtuluş Günü Azərbaycanın sabitliyə, əmin-amanlığa, inkişafa qovuşmasının əsasının qoyulduğu, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik gündür.

Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya inteqrasiya prosesinə qoşulmasında və modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Onun əsasını qoyduğu siyasi-ideoloji idarəçilik sistemi həm də ölkənin gələcəyini müəyyənləşdirdi.

Azərbaycan tarixində Milli Qurtuluş Gününün əhəmiyyəti ilə bağlı Ulu Öndərin qayıdışı üçün müraciətə imza atmış 91 nəfər tanınmış ziyalılardan biri, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə fikirlərini “Cümhuriyət” qəzeti ilə bölüşüb:

“Müstəqilliyimizin bərpasının ilk illərində ayrı-ayrı siyasi qruplar arasında hakimiyyət uğrunda gedən amansız mübarizə müstəqil Azərbaycan dövləti, xalqı üçün heç də uğurlu gələcək vəd etmirdi. Bu çətin məqamda Azərbaycan xalqı hamılıqla ayağa qalxdı, üzünü xilaskarına tutaraq böyük dövlətçilik təcrübəsi olan, dünya şöhrətli, nüfuzlu siyasi xadim Heydər Əliyevi təkidlə ölkəni məhv olmaqdan xilas etmək üçün hakimiyyətə dəvət etdi.

Xalq inanırdı ki, yalnız Ulu Öndər Heydər Əliyev bu vəziyyətdən çıxış yolu tapa və Azərbaycanın müstəqilliyini qoruyub saxlaya, inkişaf etdirə bilər. Beləliklə, 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın təkidli çağırışına səs verərək Naxçıvandan Bakıya qayıtdı. Böyük xilaskar Heydər Əliyevin Bakıya qayıdışı ilə Azərbaycan müstəqil bir dövlət kimi məhv olub tarix səhnəsindən silinmək təhlükəsindən qurtuldu.

Heç də təsadüfi deyil ki, 1993-cü ilin 9 iyunu müstəqillik tariximizə, dövlətçilik salnaməmizə qızıl hərflərlə yazılıb. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, Böyük Qurtuluşa doğru mühüm addım atıldı. Bu qayıdış bütün mənalarda milli qurtuluşumuz idi. ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildiyi 1993-cü il 15 iyun tarixinin Milli Qurtuluş Günü adlandırılması xalqımızın öz xilaskarına verdiyi tarixi qiymət, gələcəyini müəyyənləşdirmək baxımından qəbul etdiyi böyük tarixi qərar idi.

Məhz bu səbəbdən də dövlət başçısı İlham Əliyev Milli Qurtuluş Gününü Azərbaycan tarixinin dönüş nöqtəsi kimi dəyərləndirir. 1997-ci ildən etibarən Azərbaycanda rəsmi olaraq dövlət bayramı kimi qeyd edilən bu tarix olduqca böyük əhəmiyyət daşıyır. Milli Qurtuluşumuz Azərbaycanın çoxəsrlik tarixinə sadalamaqla bitməyən zəngin səhifələr əlavə etdi. Bu gün həmin səhifələr tarixi Zəfərimizin reallıqları fonunda daha da zənginləşir, Azərbaycan xalqının yenilməzliyinin, məğrurluğunun dünyaya təqdimatında əhəmiyyətli rol oynayır”.

ümummilli liderin tarixi missiyası üç mühüm amilə söykəndiyini deyən Vüqar Rəhimzadənin sözlərinə görə, bu, xalqın Heydər Əliyevə olan möhkəm və sarsılmaz inamı, dəstəyi, Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti, əzəməti, Ulu Öndərin mənsub olduğu Azərbaycan xalqına, Vətəninə sonsuz və təmənnasız sevgisidir:

“Məhz bu üç amilin vəhdəti sayəsində müstəqil Azərbaycanın bu günü və gələcəyi üçün möhkəm təməl formalaşdı. Ulu Öndər Heydər Əliyev çox qısa bir müddətdə özünün xilaskarlıq missiyasını xalqın dəstəyi sayəsində uğurla gerçəkləşdirdi, millətimizi, ilk kövrək addımlarını atan gənc dövlətimizi böyük bəlalardan xilas etdi. Eyni zamanda, ümummilli lider bu missiyası ilə dövlətimizin rəmzinə çevrildi ki, bu da tarixdə nadir hallarda rast gəlinən gerçəklikdir.

Məhz bu əvəzsiz xidmətlərinə görə müasir müstəqil Azərbaycanın dövlətçilik tarixi dedikdə, ilk olaraq gözlərimiz önündə bütün mənalı həyatını xalqımızın xoşbəxt həyat sürməsinə, dövlətimizin inkişafına və tərəqqisinə həsr etmiş Ulu Öndər Heydər Əliyevin nurlu siması canlanır. ümummilli lider dünya tarixində nadir şəxsiyyətlərdəndir ki, zəngin irsi hər zaman araşdırılır, öyrənilir, təbliğ olunur və gələcəkdə də belə olacaqdır. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev ili” elan olundu.

Bu tarixi addım dahi şəxsiyyətin Azərbaycan dövləti, xalqı qarşısındakı misilsiz xidmətlərinin təhlilinə böyük imkanlar yaradır. «Heydər Əliyev ili” çərçivəsində həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda keçirilən rəngarəng tədbirlərdə ümummilli liderin fəaliyyətinin ayrı-ayrı istiqamətləri geniş təhlil olunur, bunların fonunda onun Vətəninə, xalqına, dövlətinə bağlılığı böyük qürur hissi ilə vurğulanır.

“Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram!” söyləyərək Azərbaycanı böyük inkişaf, tərəqqi yoluna çıxaran Ulu Öndər Heydər Əliyev, eyni zamanda, “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”, “Vətən birdir, hamımız bu Vətən üçün çalışmalıyıq!” çağırışları ilə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyini, həmrəyliyini təmin etdi.

Azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsi, təbliği ümummilli liderin hakimiyyətinin hər iki dövründə fəaliyyətinin əsasını təşkil edib. Heydər Əliyevin müdrikliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və dövlətçilik bacarığı sayəsində Azərbaycan qısa müddət ərzində zamanın təlatümlərindən, sınaqlarından uğurla çıxaraq gələcəyə inamla baxan bir dövlətə çevrildi”.

Nigar Abdullayeva
Cebhe.info