Məhəllə marketlərində içki satışı qadağan edilir

Moskva vilayətinin administrasiyası mənzillərin həyətlərində içki satışını qadağan etməyə hazırlaşır.
"Cebheinfo.az" xəbər verir ki, Moskva vilayətinin qubernatoru Andrey Vorobyov mövzu ilə bağlı açıqlamasında deyib: “Çoxmərtəbəli binaların həyətlərində spirtli içkilərin satışı qadağan olunacaq. Xüsusilə çoxmənzilli binaların birinci mərtəbələrində yerləşən içki bazarları səs-küy, zibil və digər narahatlıqlar yaradır. Yaşayış yerləri spirtli içki satışı üçün uyğun yer deyil”.
O, həmçinin bildirib ki, saat 23:00-dan 08:00-a qədər çoxmənzilli binalardakı restoran və kafelərdə spirtli içkilərin satışını qadağan edən tənzimləmə Moskva Vilayət Şurası tərəfindən qiymətləndiriləcək. Yeni reqlament qəbul olunarsa, sentyabrın 1-dən qüvvəyə minəcək. Bölgədəki 3400-dən çox içki satışı məntəqəsinə bu qərar təsir edəcək. Rəsmilərin sözlərinə görə, “Krasnoe & Beloe” və “Bristol” kimi böyük içki mağazalar şəbəkələri də daxil olmaqla, 1947 mağaza bu məhdudiyyətlərə məruz qalacaq.
Rusiyada 1995-ci il tarixli federal qanuna əsasən, spirtli içkilərin satışına ümumiyyətlə səhər saat 08:00-dan 23:00-dək icazə verilsə də, yerli hakimiyyət orqanları əlavə məhdudiyyətlər tətbiq etmək hüququna malikdir.
Məsələn, Sankt-Peterburqda saat 11:00-dan 22:00-a qədər spirtli içki satışı həyata keçirildiyi halda, Samarada çoxmənzilli binalarda yerləşən restoranlarda gecə saat 22:00-dan sonra spirtli içkilərin satışı qadağandır. Rusiyanın müxtəlif bölgələrində spirtli içkilərin satışına müxtəlif məhdudiyyətlər qoyulub. Məsələn, Voloqda vilayətində spirtli içki satışı iş günləri saat 12:00-14:00 arasında həyata keçirilə bilər, Tuvada isə bu müddət 11:00-15:00 ilə məhdudlaşır. Yakutiyada satışlar 14:00-dan 20:00-a qədər aparılır. Ən sərt qaydalar Çeçenistandadır. Bu respublikada sərt alkoqollu içkilər gündə cəmi iki saat, saat 08:00-10:00 arası, digər saatlarda isə yalnız az alkoqollu içkilər satıla bilər.
Nigar Hacılı
"Cebheinfo.az