Azərbaycan özünü qorudu - Sülhməramlıların gedişinə SÖZARDI

Azərbaycan özünü  qorudu - Sülhməramlıların gedişinə SÖZARDI

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov sülhməramlı qüvvələrin Azərbaycan ərazisini tərk etməsi xəbərini təsdiqləyib.

Qeyd edək ki, aprelin 16-da ilk hərbi maşın karvanı və zirehli texnika Azərbaycandan çıxıb. Sülhməramlıların sentyabr ayının sonuna qədər mərhələli şəkildə Rusiyaya dönəcəyi xəbər verilir. 

Azərbaycanı ilk olaraq, Kəlbəcər rayonunun ərazisində yerləşən Xudavəng kilsə-monastrının ətrafındakı sülhməramlı hərbçilər tərk edib. Kontingentin Dağıstan yolu ilə Rusiyaya qayıdacağı bildirilir. Bu prosesin nə vaxt yekunlaşacağı barədə dəqiq məlumat verilmir. Amma Rusiya hərbçilərinin böyük əksəriyyətinin hələ 2023-cü ilin oktyabr ayında dəmir yolu ilə Azərbaycanı tərk etdiyni nəzərə alsaq, yerdə çox az sayda şəxsi heyət və zirehli texnika qalmışdı.

Əsas və müşahidəçi postların sayı 32-dən 16-a qədər azaldılmışdı. Ona görə də sülhməramlıların qısa müddətdən Azərbaycandan gedəcəyi şübhə doğurmurdu. Rusiya hərbçilərini isə Azərbaycan Daxili İşlər Nazirilyinin xüsusi təyinatlı qüvvələri əvəz edəcək.  

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan  arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda sülhməramlı kontingentin fəaliyyət müddəti 5 il nəzərdə tutulub. Həmin sənədin 4-cü bəndinə görə, sülhməramlı qüvvələrin müddətinin bitməsinə 6 ay qalmış bu razılaşmaya xitam verilməsi üçün tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır. Yəni 2025-ci ilin may ayında sülhməramlıların Azərbaycanda qalıb-qalmayacağı məsələsinə baxılması gözlənilirdi. 

Lakin sülhməramlılar öz missiyasını vaxtından əvvəl başa vurdu. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev sülhməramlı kontingentin ölkədən çıxmasının iki ölkənin rəhbərliyi arasındakı razılaşmaya uyğun olaraq həyata keçirildiyini deyib.

Əslində, sülhməramlıların Azərbaycanı tərk etməsi hələ ötən ilin oktyabr ayında gündəmə gəlmişdi. Çünki 2023-cü ilin sentyabr ayında Azərbaycan Ordusunun sülhməramlıların müvəqqəti nəzarət zonasında antiterror əməliyyatı keçirməsi nəticəsində separatçı rejimin ləğvindən və oktyabr ayında erməni sakinlərin könüllü şəkildə Qarabağdan Ermənistana köçməsindən sonra sülhməramlıların fəaliyyəti üçün heç bir əsas qalmadı. 

Sülhməramlı kontingentin təxminən yarısının oktyabr ayında Azərbaycanı tərk etməsi də bununla bağlı idi. Bu baxımdan, kontingentin qalan hissəsinin  Qarabağda qalması sadəcə olaraq, missiyanın müddətinin 10 noyabr Bəyanatında nəzərdə tutulan vaxta uyğunlaşdırılması məqsədi daşıyırdı.

Digər tərəfdən, Azərbaycan dövləti erməni sakinlərin Qarabağa qayıtması üçün müraciət edib və onların geriyə köçü başlayacağı təqdirdə, təhlükəsizliyin təmin olunması üçün sülhməramlı qüvvələrin fəaliyyətinə ehtiyac ola bilərdi. Lakin ermənilər azərbaycanlılarla birgəyaşayışdan imtina edərək Qarabağa qayıtmaqdan imtina etdilər.

Hətta onların 15 min nəfərdən çoxu artıq Ermənistanı tərk edərək xarici ölkələrdə yaşamağa üstünlük verib. Ona görə də Rusiyanın Azərbaycan ərazisində  hərbi kontingent saxlaması üçün heç bir səbəb qalmayıb. Təbii ki, sülhməramlı qüvvələrin regionda qalması Rusiyanın Cənubi Qafqazda geosiyasi dayaqlarını möhkəmlədən amillərdən biri kimi Kremlin marağındadır.

Hətta antiterror əməliyyatından əvvəl Rusiya sülhməramlıların qalma müddətinin 10-20 il müddətinə uzadılması üçün Ermənistanla gizli razılaşma da əldə etmişdi. 2022-ci il oktyabrın 31-də Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Soçidə təşkil olunan sülh danışıqlarında rəsmi Moskvanın bu təklifi qəbul etdirmək cəhdi baş tutmadı. Azərbaycan sülhməramlıların 5 ildən artıq ərazidə qalması planından imtina etdi. 

Rusiyaya silahlı qüvvələrini bölgədə saxlamaq üçün Qarabağda erməni separatizminin yenidən bərpası və ya münaqişə lazımdır.  Əks təqdirdə, sülhməramlıların Qarabağda mövcudluğu üçün zəmin qalmır. Son aylar Rusiya xarici işlər nazirinin müavini  Mixail Qaluzin, ardınca isə nazir Sergey Lavrov erməni əhalisinin Qarabağa qayıtmalı olduğu və sülhməramlıların onların təhlükəsizliyini təmin etməyə hazır olduğuna dair bəyanatları məhz bölgədə status-kvonu dəyişməyə hesablanmışdı.

Ancaq ermənilərin Qarabağa qayıtmaq istəməməsi bu planı pozdu. Hətta Ermənistan hələ də Rusiya sülhməramlılarının Qarabağdakı ermənilərin təhlükəsizliyini təmin etməməkdə ittiham edir. Eyni zamanda, sülhməramlıların ölkəni tərk etməsi Azərbaycanın 5 ildən əlavə müddətə qalması ilə bağlı təklifə rəsmi Bakının razılaşmadığını göstərir. 

Rusiya və Qərb arasında geosiyasi qarşıdurmanın artdığı bir vaxtda  sülhməramlı qüvvələrin Azərbaycanı tərk etməsi  Moskvanın maraqlarına cavab vermir. Çünki sülhməramlı kontingentin mövcudluğu bölgədə Rusiyanın hərbi iştirakını və təsir imkanlarını artırırdı. İndi isə Qərb bu amildən yararlanaraq geosiysai balansı öz xeyrinə dəyişməyə çalışacaq.

Sülhməramlıların çıxması Rusiya hərbi bazasının Ermənistandan çıxarması ilə bağlı çağırışların artmasına səbəb olacaq. Bu, eyni zamanda, Rusiyanın Cənubi Qafqazdan çəkilməsi barədə rəylərin və proqnozların da üstünlük təşkil erməsinə gətirib çıxaracaq. Çünki sülhməramlıların Azərbaycandan çıxarılması Rusiya üçün əsas prioritetin hazırda Cənubi Qafqaz deyil, Ukrayna olduğunu nümayiş etdirir.

Bu baxımdan, yaxın aylarda Cənubi Qafqazda Qərbin fəallaşmasının şahidi olmaq mümkündür. Ermənistanda artıq sözügedən qarşıdurma yeni və daha gərgin mərhələyə keçir.

Son günlər Gürcüstanda Rusiya və Çinə yaxın hakimiyyətə qarşı Qərbyönümlü müxalifətin baş qaldıran etiraz aksiyaları maraqlar toqquşmasının əhatə dairəsinin genişləndiyini göstərir. Belə bir şəraitdə Rusiya sülhməramlılarının bölgədən çıxması Azərbaycana özünü mövcud geosiyasi toqquşmalardan siyasi cəhətdən sığortalamaq imkanı yaradır. 

Müşfiq Abdulla 
“Cebhe.info”