Paşinyanın milyardlıq ümidi: Onu Putinin qəzəbindən qoruyacaq?

Paşinyanın milyardlıq ümidi: Onu Putinin qəzəbindən qoruyacaq?

Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 5-də Brüsseldə keçiriləcək görüşə böyük ümidlər bəsləyərək, bunun ölkənin və onların qüdrətinin xilası üçün müstəsna əhəmiyyət kəsb edən hadisə olacağını deyib.

O, bu barədə hakim “Mülki Müqavilə” partiyasının deputatları ilə görüşdə danışıb.

“Cebhe.info” xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır. “Bu, Ermənistanın sonda hara gedəcəyini müəyyən edir. Əgər Qərb dəstək bəyanatları ilə yanaşı, əməli addımlar atsa və Ermənistana külli miqdarda pul ayırsa, bunun sayəsində Rusiya iqtisadiyyatından ayrılmaq mümkün olarsa, hakimiyyət tərəddüd etmədən təhlükəsizlik vektorunu dəyişməyi öhdəsinə götürəcək. Söhbət bir neçə milyard dollardan gedir”, - nəşr yazır. 

Qeyd edək ki, Brüsseldə Ermənistanın təhlükəsizliyinə Qərb tərəfindən təminatın verilməsini nəzərdə tutan paktın imzalanacağına dair məlumatlar var. Lakin bu paktın hərbi müqavilə xarakterli bir sənəd olacağı real görünmür. Çünki Ermənistanın müqavilə-hüquq bazasına görə, təhlükəsizliyinin təminatçısı Rusiya hərbi bazaları və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıdır. Ona görə də Ermənistan Qərbin zəmanətini almaq üçün Rusiyanın təhlükəsizlik sistemindən çıxmalıdır. Bu halda Rusiya Ermənistana qarşı iqtisadi təzyiq vasitələrindən istifadə edəcək. 

Üstəlik, Ermənistan Avropaya real inteqrasiya prosesini həyata keçirmək üçün yalnız KTMT-dən deyil, həmçinin Avrasiya İqtisadi Birliyindən və gələcəkdə də MDB-dən çıxa bilər. Bu isə Ermənistanın AİB çərçivəsində idxal-ixrac əməliyyatları üçün əldə etdiyi bir sıra güzəştlərdən məhrum olmasına, istehlak bazarında qiymətlərin artmasına gətirib çıxaracaq. Rusiyanın da təzyiq üsulu kimi Ermənistana ixrac etdiyi təbii qazın tariflərini qaldıracağı gözlənilir. Ermənistanın hələlik Azərbaycan və Türkiyə ilə sərhədləri bağlı olduğundan, əlavə bazarlara çıxış imkanı yoxdur. Ona görə də Qərb Ermənistanı çətin vəziyyətdən çıxartmaq üçün müvəqqəti olaraq irihəcmli maliyyə və iqtisadi yardımlar paketi ayıra bilər. Çox güman ki, aprelin 5-də imzalanacaq pakt da məhz hərtərəfli yardımları nəzərdə tutan bir sənəd olacaq. 

Müqavilədə Ermənistan silahlı qüvvələrinin modernləşdirilməsi üçün islahatların aparılması məqsədilə xüsusi vəsaitin ayrılmasına dair bəndin yer alması mümkündür. Həmin məqsədlə hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsinə dair razılaşmanın imzalanacağı da istisna edilmir. Ancaq ümumilikdə, təhlükəsizlik məsələləri yalnız hərbi sahəni əhatə etmir. Söhbət həm də maliyyə və iqtisadi təhlükəsizliyin təmin olunmasından gedir. Bu səbəbdən, Ermənistana iri məbləğdə maliyyə dəstəyi veriləcək. 

Eyni zamanda, Ermənistanda müxtəlif istehsal sahələrinə investisiyaların yatırılması məqsədilə birdəfəlik ödəmə və uzunmüddətli kredit şəklində vəsaitlərin ayrılması barədə razılaşma əldə olunması mümkündür. Lakin Ermənistan regional kommunikasiyalara qoşulmadan nə iqtisadi inkişafını, nə də Qərbə inteqrasiyanı təmin edə bilər. Ona görə də Ermənistan ilk növbədə Azərbaycanla sülh müqaviləsi imzalamalı, Türkiyə ilə sərhədlərin açılmasına nail olmalıdır. Bu halda Ermənistan nəqliyyat-kommunikasiya dəhlizlərinin qovşağına çevrilən tranzit ölkə kimi Rusiyanın asılılığından çıxmaq imkanları əldə etmiş olar. Əks təqdirdə, Ermənistanı yardımlar hesabına Rusiyaya qarşı möhkəmləndirmək planları baş tutmayacaq. Belə təşəbbüslər daha çox Ermənistanı Qərbyönümlü siyasətə və Avrointeqrasiya prosesini həvəsləndirmək məqsədi daşıya bilər. 

Müşfiq Abdulla 
“Cebhe.info”