Paşinyan erməniləri hədələyir: "8 kənd boşaldılmasa..."

Paşinyan erməniləri hədələyir: "8 kənd boşaldılmasa..."

Xəbər verildiyi kimi, Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətinin sakinləri ilə görüş keçirib.

Paşinyan sakinlərlə görüş zamanı bildirib ki, Ermənistanın Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyasından imtina etməsi Cənubi Qafqazda yeni eskalasiyaya gətirib çıxaracaq.

“Əgər biz delimitasiya və demarkasiya ilə bağlı addımlar atmasaq, mən zəmanət verirəm ki, bölgəmizdə daha bir partlayış baş verəcək”, - deyə Paşinyan vurğulayıb. 

Paşinyanın sözlərindən belə çıxır ki, İrəvan səkkiz kəndi boşaltmazsa, Azərbaycan bu kəndləri azad etmək üçün hərbi əməliyyata əl ata bilər. 

Məsələ ilə bağlı ekspert, Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Sultan Zahidov “Cebhe.info”-ya açıqlamasında qeyd edib ki, Nikol Paşinyanın regiondakı hazırki vəziyyət barədə açıqlamaları əsassızdır:

“Azərbaycan artıq müharibə ilə istəyinə nail olub. Azərbaycan öz hərbi gücünü və qüdrətini nümayiş etdirməklə ərazi bütövlüyünü və suverenliyini bərqərar edib. Hazırda Azərbaycana müharibə lazım deyil. Xatırladım ki, dövlət başçısı İlham Əliyev bu ilin yanvarında yerli televiziyalara müsahibəsində Azərbaycanın müharibə deyil, sülh tərəfdarı olduğunu bəyan edib. Ancaq Paşinyan deyir ki, guya Azərbaycan təcavüzkardır və hərbi ritorikaya üstünlük verir. Onun bu çıxışları əsassızdır. 

Sözsüz ki, Azərbaycan səkkiz kəndin qaytarılmasını tələb edir. Rəsmi Bakı bu kəndlərin sülh yolu ilə qaytarılmasının tərəfdarıdır. İlk növbədə Qazaxa bitişik dörd kənd – Bağanis-Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri qaytarımalıdır. Digər dörd anklav kənd – Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərki kəndlərinin qaytarılmasına gəlincə, bu məsələ sərhədlərin delimitasiyası və demarkasiyası prosesi çərçivəsində həll olunmalıdır". 

O bildirib ki, delimitasiya üzrə birgə komissiyanın - Azərbaycan və Ermənistan nümayindələrinin görüşü məhz Qazax-İcəvan şərti sərhədində baş tutur:

"Bu, o deməkdir ki, İrəvan həmin kəndləri qaytarmağa hazırlaşır. Hesab edirəm ki, delimitasiya və demarkasiya prosesi vacibdir, amma çox uzun bir zaman aparır. Prosesin uzun sürməsi iki ölkə arasında münasibətlərə təsir göstərməməlidir. 

Qeyd edim ki, Azərbaycanın nə Rusiya, nə də Gürcüstanla sərhədləri tam delimitasiya olunub. Eyni hal Mərkəzi Asiya ölkələri arasında da yaşanır. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması tam olaraq delimitasiyaya bağlanmamalıdır. Əsas budur ki, Ermənistan istər sülh məsələsində, istərsə diplomatik münasibətlərin qurulmasında, istərsə də digər məsələlərdə konstruktiv mövqe sərgiləməlidir”. 

Yunis Abdullayev 
“Cebhe.info”