Regionlar necə inkişaf edəcək? – “Məmur kəndlinin ayağına getmədikcə…”

İSTİQAMƏT: 6.3.11. regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi
Regionların sosial-iqtisadi inkişafı ölkənin ümumi iqtisadi mənzərəsinə təsir göstərən əsas faktor hesab olunur.
Regionlar inkişaf edərsə, bu, işsizliyin böyük ölçüdə azalması, kənd təsərrüfatı məhsullarının istehsalının artması, o cümlədən region əhalisinin sosial rifah səviyyəsinin yüksəlməsinə səbəb olur. Azərbaycan dövləti üçün regionların inkişafı prioritet elan olunub. Artıq uzun illərdir ki, bu istiqamətdə dövlət proqramları icra edilir. Statistik rəqəmlərə istinad etsək, icra olunan dövlət proqramları müsbət nəticələr verib. Amma əldə olunan nəticələrlə gözləntilərin tam uyğun olub - olmaması mübahisəlidir.
Məsələn, icra olunan proqramın nəticələrinə dair sənəddə göstərilir ki, 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib. Amma nəzərə alsaq ki, hazırda əsas problem regionlardan Bakıya iş üçün gələnlərin sayının günü-gündən artmasıdır, bu rəqəmlərin real mənzərəni əks etdirmədiyini söyləmək olar. Regionların inkişafı ilə bağlı qəbul olunan dövlət proqramlarında əsas hədəf regionlarda iş yerlərinin açılması göstərilirdi. Amma hazırda iş üçün regionlardan Bakıya olan axına diqqət yetirsək, bu məsələdə gözləntilərin reallaşmadığını görmək mümkündür.
Təbii ki, müsbət nəticələr də var. Rəsmi rəqəmlərə görə, ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb. 2020-ci ilin statistik göstəricilərinə görə, regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları çərçivəsində son 17 ildə 3300-dən çox məktəb, yüzlərlə uşaq bağçası və tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib. Ötən ildə qeyri-neft sektorunda üDM-in 3,5 faiz, qeyri-neft sənayesində isə 14,3 faiz artmasında regionların da böyük rolu olub.
2019-cu ildə regionların sosial-iqtisadi inkişafının dördüncü (hazırda icra olunan-müəll.) dövlət proqramı çərçivəsində 7,2 milyard manat vəsait yönəldilib. Xatırladaq ki, bu günə qədər regionların sosial-iqtisadi inkişafına dair 2004-2008, 2008-2014 və 2014-2018-ci illər üzrə dövlət proqramları həyata keçirilib. Hazırda isə 2019-2023-cü illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı icra olunur. Qəbul olunan proqramlarda bütün bəndlər, o cümlədən nəzərdə tutulan hədəflər müstəqil ekspertlər tərəfindən də yüksək qiymətləndirilir. Amma proqramların icrasındakı problemlər yekunda hədəflərə çatmağa imkan yaratmır.
İqtisadçı-alim Fuad İbrahimov Cebhe.info-ya açıqlamasında deyib ki, dövlət proqramlarının icrasının effektiv olmamasının səbəbi qurumlar arasında düzgün inteqrasiyanın yoxluğundadır:
“Söhbət ondan gedir ki, bu gün texnologiya dövrüdür və qurumlar hansı kəndlinin qapısında təsərrüfatı varsa, onun qeydiyyatını aparmalıdır. Bir düymə basmaqla bilməlidir ki, o təsərrüfatda hansı məhsul itehsal olunur, onun hansı problemləri var. Yerli icra qurumları bu haqda mərkəzi orqanları məlumatlandırmalıdır. Kəndli su dalınca qaçmalı deyil, aidiyyəti qurum özü gəlib deməlidir ki, sənin bu qədər suya ehtiyacın var, biz bu suyu veririk, sən də bu qədər məhsul verəcəksən. Amma kəndli bunlar üçün kimlərə xahiş-minnətə getməli olur.
Məmurlar isə kreslodan durmaq istəmirlər. Kəndli min bir zülmlə əkir, becərir, sonra məlum olur ki, həmin ərazidə saxlama kameraları yoxdur. Onu da tapsa, məhsulu bazara çıxara bilmir. Bütün bunlar icra olunan dövlət proqramlarının effektiv olmasına imkan vermir. Ona görə də ilk növbədə qurumlar arasında inteqrasiyanı qurmaq lazımdır. Bu olmadıqca, məmur kəndlinin ayağına getmədikcə, regionların inkişaf proqramları gözlənilən effekti verə bilməz”.
Göründüyü kimi, əslində regionların inkişafı ilə bağlı lazımi bütün sərəncam və qərarlar var. Bu layihələrin icrası ilə bağlı yetərincə maliyyə vəsaiti də ayrılıb. Sadəcə olaraq, icra olunan layihələrin effektiv olması üçün yeni icra mexanizmlərinin yaradılmasına ciddi ehtiyac duyulur.
QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Vilayət Muxtar
Cebhe.info