Mina terrorunun qurbanı olan polisin əmisi də şəhiddir - FOTOLAR

Ötən gün qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarına qarşı terror törədilib.
Xocavənd rayonunun Tağaverd kəndi ərazisində erməni diversiya qrupunun törətdiyi terror aktı nəticəsində 6 nəfər (AAYDA-nın 2, DİN-in 4 əməkdaşı) həyatınl itirib. Bununla bağlı cinayət işi başlanılıb, daha sonra Azərbaycan antiterror əməliyyatına başlayıb. Təxribat nəticəsində 1998-ci il təvəllüdlü polis serjantı Zamanov Xəzər Azər oğlu da həlak olub.
Cebhe.info-nun məlumatına görə, Xəzər Zamanovun əmisi Aydın Zamanov da 1992-ci il iyun ayının 23-də Mil dağı uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olub. Aydın Zamanov 1968-ci ildə Sədərək kəndində anadan olub. 1974-1984-cü illərdə Sədərək kənd 1 nömrəli orta məktəbində təhsil alıb. Orta məktəbi bitirən il Gəncə Kənd Təsərrüfatı Akademiyasına daxil olub.
1986-1988-ci illərdə Ukraynanın Çerkassk vilayətində hərbi xidmətdə olub. Hərbi xidmət dövründə hərbi hava qüvvələrində qulluq edib. Hərbi xidmətdən sonra ali təhsilini qiyabi davam etdirərək Sədərək üzümçülük sovxozunda zootexnik və baş zootexnik vəzifələrində işləyib. A. Zamanov 1988-ci ildə hərbi xidmətdən qayıdan gündən doğma torpağının düşmən təcavüzünə məruz qaldığını görüb kənddə yaranan ilk özünümudafiə dəstələrinin döyüşçülərindən olub. Sədərəyin müdafiəsi üzrə bir sıra ağır döyüşlərdə fəal iştirak edib. 1992-ci il mayın 19-da Ucubiz dağı ermənilərdən geri qaytarılarkən həmin dağın zirvəsinə qalxan ilk altı nəfərdən biri də Aydın Zamanov olub.
O, dəfələrlə gecə növbələrində düşmənin nəzarətində olan ərazilərə gizli kəşfiyyata gedib və ordumuz üçün faydalı məlumatlarla geri qayıdıb. Bir dəfə düşmən postuna yaxınlaşanda orada kimsənin olmadığını görərək posta daxil olub və gücü çatdığı qədər düşmənin hərbi sursatlarını və geyimini gətirib öz yoldaşlarına paylayıb. O, 1992-ci il iyun ayının 23-də Mil dağı uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olub.
Sədərəkdəki Şəhidlər Xiyabanının yaxınlığında inşa edilən xatirə-bulaq Aydın Zamanovun adını daşıyır. Ölümündən sonra 16 sentyabr 1994-cü il tarixində "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.
Naibə
Cebhe.info