Uşaqlar evdən niyə qaçır? - Əsl səbəblər bunlar imiş

“Əfsuslar olsun ki, son zamanlarda bir çox uşaq evdən qaçır. Bunun isə bir çox səbəbi mövcuddur”.
Bu sözləri psixoloq İlhamə Mustafayeva “Cebheinfo.az”-a açıqlamasında deyib.
Onun sözlərinə görə, uşaqların evdən qaçmasının psixoloji və sosial səbəbləri var:
“Bunun kökündə hansısa arzularını həyata keçirmək istəyir. Asan yolla və tez nəticə almaq istəyən uşaqlar yanlış addım ataraq evdən qaçırlar.Həmçinin, evdən qaçan yeniyetmə qızların əksəriyyəti özlərindən böyük oğlanlara aldanırlar. Həmin qız uşaqları daha çox sosial şəbəkələrdə tanış olduğu kiməsə qoşulub qaçır.
Bundan başqa, bəzi yeniyetmələr sosial şəbəkələr üzərindən kiminsə həyatını görərək, onun kimi yaşamaq istəkləri yarandığı üçün evdən qaçırlar. Eyni zamanda, hansısa psixoloji pozuntuları olan uşaqlar daha çox bu addımı atırlar”.
Ekspert qeyd edib ki, bəzi uşaqlarda isə maddi hərislik olduğu üçün evdən qaçırlar:
“Onlar evdən qaçmaqla gözəl həyat yaşayacaqlarını, yaxşı yerlərə gedəcəklərini və bahalı geyimlər alacaqlarını zənn edirlər. Lakin daha sonra qaçmaqla bunların heç birinin olmayacağı reallığını anlayırlar. Bundan başqa, öz həyatlarını və ya valideynlərini bəyənməyən uşaqların da evdən qaçdığı müşahidə olunur. Bəzi uşaqlar isə evdən qaçmağı hansısa məsələyə görə valideynlərindən qisas almaq və ya onlara qarşı etiraz əlaməti kimi görürlər. Əlbəttə ki, bu da tamamilə yanlış yanaşmadır”.
O bildirib ki, evdə valideynləri tərəfindən psixoloji təzyiqlərə məruz qalan uşaqlar da qaçmağa meyilli olurlar:
“Yəni psixoloji təzyiq və ya fiziki şiddət buna səbəb ola bilir. Eyni zamanda, diqqət və qayğı görməyən uşaqlar da bu addımı atmağa meyilli olurlar.Həmin uşaqlar itirəcəkləri heç nələri olmadığını düşünərək, özlərini həyatın axınına buraxırlar. Təbii ki, bu da yolverilməzdir.
Sanki yel əsib, qoz tökülüb. Evdən qaçan uşaqlar guya nələrsə qazanacaqlarını düşünürlər.Lakin bu yanaşma yeniyetməlik psixologiyası ilə bağlı olur. Çünki yeniyetmələr daha çox özlərini reallaşdırmaq üçün psixoloji olaraq valideynləri ilə aralarına sərhəd qoymaq istəyirlər.
Onlarda özlərinə qapanma, öz otaqlarına çəkilmə kimi hallar müşahidə olunur. Yəni artıq böyüdüklərini, nə zaman istəsələr evdən çıxıb gedə biləcəklərini və heç kimin onlara qarışmayacağını fikirləşirlər”.
Psixoloq onu da diqqətə çatdırıb ki, burada ailənin də mühüm rolu var:
“Əsasən, anlaşılmayan, dinlənilməyən və ya hansısa psixoloji problemləri olan uşaqalar evdən qaçırlar. Ümumiyyətlə, davranış pozuntusu olan uşaqlar bu addımı atırlar.Bu da ciddi psixoloji problemdir. Əgər valideynlər uşaqlarında bunu görsələr, mütləq şəkildə psixoloqa müraciət etməlidirlər. Nəzərə almaq lazımdır ki, evdən qaçan uşaqların başlarına min cür oyun gəlmə ehtimalı yüksəkdir. Ona görə də uşaqlar nəyəsə susayaraq evdən qaçmasınlar.
Evdən qaçmaq onların həyatları, inkişafları və gələcəkləri üçün çox acı faciələrlə nəticələnə bilər. Hətta həyatları boyu psixologiyalarında silinməyən izlər yaratma ehtimalı var. Bu səbəbdən də uşaqlar çıxış yolunu qaçmaqda yox, təhsildə və özlərini inkişaf etdirməkdə görsünlər. Evdən qaçıb nəyisə əldə etmək onların çiyinlərinə ömür boyu daşıyacaqları ağır yük qoyacaq”.
Elmir
“Cebheinfo.az”