400 milyonluq təyyarə qalmaqalı: “Almayan axmaq olar”

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Trampa Qətər tərəfindən lüks Boeing 747 təyyarəsi hədiyyə ediləcək.
“Cebheinfo.az” xəbər verir ki, təxminən 400 milyon dollar dəyərində olan bu hədiyyə ciddi tənqidlərə səbəb olub. Belə ki, Qətər tərəfindən hədiyyə ediləcək təyyarə həm ictimaiyyətin, həm də öz partiyasının üzvlərinin narazılığına səbəb olub. Qətərin ABŞ-yə verməyi planlaşdırdığı bu bahalı təyyarəyə reaksiya verənlər arasında Respublikaçılar Partiyasından olan Con Tun və Rand Pol kimi tanınmış siyasətçilər də var.
Rand Pol bu barədə “Bu təyyarə insanlara yanlış mesaj verəcək. Ümid edirəm ki, Tramp bu hədiyyəni qəbul etməyəcək”,- deyib. Lakin Tramp bütün tənqidlərə baxmayaraq, təyyarəni qəbul etməkdə israrlıdır. Tramp bu hədiyyənin ölkəsi üçün böyük qənaət mənasına gəldiyini bildirib:
“Hərbçilərimiz və vergi ödəyicilərimiz yaxşı görülən işə görə bizi mükafatlandırmaq istəyən bir ölkədən təyyarəni pulsuz ala bildikləri halda niyə yüz milyonlarla dollar ödəmək məcburiyyətində qalsın? Bu hədiyyəni ölkəmiz adına qəbul etməyəcək biri olsa-olsa axmaq ola bilər”.
ABŞ Prezidenti bu təyyarənin prezidentlərin istifadə etdiyi “Air Force One”a çevriləcəyini də bildirib. Ancaq Qətərin hədiyyə etdiyi təyyarənin “Air Force One”a çevrilməsinin də böyük maliyyəyə başa gələcəyi vurğulanır. Qətərin Trampa verməyi planlaşdırdığı təyyarə 13 ildir istifadədədir. Trampın prezidentlik müddəti başa çatdıqdan sonra həmin təyyarənin Tramp Prezidentlik Kitabxanasına bağışlanacağı da qeyd olunur.
Əfsanə Rəcəb
“Cebheinfo.az”