Onun ailəsini Parisdə qaçırmağa cəhd etdilər

Onun ailəsini Parisdə qaçırmağa cəhd etdilər

Kriptovalyuta birjası Paymiumun baş direktoru (CEO) olan şəxsin ailəsi Parisdə maskalı və silahlı şəxslər tərəfindən qaçırılmağa cəhd edilib. 

“Cebheinfo.az” xəbər verir ki, hadisə zamanı qadın hücumçulardan birinin silahını alaraq küçəyə tullayıb.

O anlar təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.Səhər saatlarında baş verən insident zamanı Paymiumun baş direktorunun qızı, həyat yoldaşı və nəvəsini qaçırmağa çalışan dörd maskalı şəxs ağ rəngli mikroavtobusa minərək uzaqlaşıblar. 

Fransız xəbər agentliyi AFP-nin məlumatına görə, insident nəticəsində üç nəfər yüngül xəsarət alıb və xəstəxanaya yerləşdirilib.Təhlükəsizlik kamerası görüntülərində qadının hücumçulardan birinin əlindən silahı alaraq küçəyə atdığı aydın şəkildə görünür.

Qadının qışqırması ətrafdakı insanların diqqətini çəkib. Hadisə şahidlərinin dediyinə görə, bir nəfər yanğınsöndürən balonu ilə hücum edənləri uzaqlaşdırmağa çalışıb.Paris Prokurorluğu insidentlə bağlı genişmiqyaslı istintaq başladığını açıqlayıb. Araşdırma “təhlükəli dəstə tərəfindən adam qaçırmağa cəhd, zorla saxlanma, ağır fiziki zorakılıq və cinayətkar təşkilata üzvlük” maddələri üzrə aparılır.

Bu son hadisə Fransada kriptovalyuta sektoruna qarşı artmaqda olan hücumların bir hissəsi kimi qiymətləndirilir.Qeyd edək ki, bu ilin yanvar ayında Fransanın tanınmış kripto şirkəti Ledgerin qurucularından David Balland və həyat yoldaşı evlərindən qaçırılmış, Ballandın əli kəsilmişdi. Polis əməliyyatı nəticəsində cütlük xilas edilmiş, tələb olunan fidyənin bir hissəsi ödənmişdi.

Artan təhlükələr fonunda Fransa Daxili İşlər Naziri Bruno Retailleau kriptovalyuta sahəsində fəaliyyət göstərən sahibkarlarla təhlükəsizlik mövzusunda görüş keçirəcəyini bildirib. Nazirlik bu hücumların təşkilatlanmış cinayət şəbəkələri ilə əlaqəli olduğuna diqqət çəkir.

Əfsanə Rəcəb
“Cebheinfo.az”