Gəncəyə gələn sel fəsadlara yol açıb

Gəncəyə gələn sel fəsadlara yol açıb

Ötən gün Gəncə şəhərinə yağan intensiv yağış nəticəsində sel hadisəsi qeydə alınıb.

"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, sel sularının əsasən Məhsəti qəsəbəsində fəsadlar yaratdığı bildirilir.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, mövcud qanunvericiliyə, o cümlədən "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"yə əsasən, sözügedən məsələ FHN-in deyil, yerli icra hakimiyyət strukturları, o cümlədən su-kanalizasiya təchizatı qurumlarının vəzifələrinə aiddir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurum ümumilikdə Gəncədən keçən çay ərazilərinə xidmət göstərmir.

"ADSEA-nın Gəncədə fəaliyyət göstərən sukanal idarəmiz çay məcralarında daşmalara baxmır. Çaylarla bağlı xidmət ərazimiz Göygöl rayonu ərazisində olan çaylardır.

Ancaq bu cür daşqınlar zamanı Göygöldə olan idarəmiz daim Gəncə şəhərinə yardımçı olur. Hazırda da Gəncənin icra başçısının müraciəti əsasında, fəsadların aradan qaldırılması üçün yerli istismar idarəmizin texnikaları və işçiləri ərazidə işləyirlər, lazımi dəstək göstərilir", - deyə məlumatda qeyd olunub.

Gəncə Şəhər İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qərb bölgəsində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə bağlı gecə saatlarında Gəncəyə yağan leysan yağışlar nəticəsində şəhərin Məhsəti qəsəbəsi, Müşfiq Adıgözəlov küçəsində ona yaxın fərdi yaşayış evinə yağış suları dolub.

"Hazırda aidiyyəti dövlət qurumları tərəfindən sel sularının yaratdığı fəsadların aradan qaldırılması və sakinlərə dəymiş ziyanın hesablanması istiqamətində işlər davam etdirilir.

Məlumat üçün bildirək ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Fövqəladə Hallar Komissiyası (FHK) tərəfindən əraziyə baxış keçirilib. Vaxtilə qəsəbədə evlərin tikinti normalarına uyğun inşa edilməməsi, həmçinin ərazinin relyefinin uyğunsuzluğu sel kütləsinin burada yığılıb qalmasına və evlərə sudolma hallarına gətirib çıxarıb. Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən FHK-nın yekun rəyinə əsasən, Məhsəti qəsəbəsində su-kanalizasiya şəbəkəsi qurulanadək, Müsfiq Adıgözəlov küçəsindən yağış sularının ötürülməsi üçün 400 metr məsafədə drenaj borunun çəkilməsi qərara alınıb. Hava şəraiti imkan verən kimi işlərə başlanılacaq. Görüləcək işlərin 10 günə yekunlaşdırılması nəzərdə tutulur.

Bununla yanaşı, gecə saatlarında əsən güclü külək nəticəsində şəhərin N.Nərimanov prospektində, həmçinin Hacıkənd qəsəbəsində irigövdəli iki ağac aşıb. Gəncə şəhər MKTİB-in Yaşıllaşdırma şöbəsinin əməkdaşları tərəfindən aşan ağacların doğranaraq ərazidən uzaqlaşdırılması təmin edilib.

Hazırda Gəncə şəhərində hava sabitdir", - deyə məlumatda bildirilib.

"Cebheinfo.az"