Əraqçi: "İranın zənginləşdirmə hüququ var"

NPT-ni (Nüvə Silahının Yayılmaması - red.) imzalayan ölkə kimi İranın tam nüvə yanacaq dövrünə malik olma hüququ var.
"Cebheinfo.az" Yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi X sosial şəbəkəsində yazıb.
"Bir qayda olaraq, mediada danışıqların əsas elementləri ilə bağlı arqumentlər təqdim etməkdən çəkinirəm. Demək istədiyim odur ki, yalanların təkrarlanması əsas faktları dəyişməyəcək. NPT-ni (Nüvə Silahlarının Yayılmaması Müqaviləsi - red.) imzalayan ölkə kimi İran tam nüvə yanacaq dövrünə sahib olma hüququna malikdir. Üstəlik, NPT-ni imzalayan, lakin tam zənginləşdirmə aparan bir neçə üzv var. ”, - İran XİN rəhbəri qeyd edib.
Abbas Əraqçı xatırladıb ki, bu “klub”a İrandan başqa bir neçə Asiya, Avropa və Cənubi Amerika ölkələri daxildir.
"Maksimalist mövqeləşdirmə və qızışdırıcı ritorika uğur şanslarının azalmasından başqa heç nəyə gətirib çıxarmır. Etibarlı və uzunmüddətli razılaşma əldə edilə bilər. Tələb olunan yeganə şey güclü siyasi iradə və ədalətli münasibətdir".
Xatırladaq ki, hazırda İran və ABŞ arasında əsasən İranın nüvə proqramı ilə bağlı danışıqlar aparılır.
"Cebheinfo.az"