“YAŞAT” Fondu qaziləri daha müalicəyə göndərə bilmir? - ÖZƏL

“YAŞAT” Fondu qaziləri daha müalicəyə göndərə bilmir? - ÖZƏL

Bildiyiniz kimi, Prezident İlham Əliyev dekabrın 8-də "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında" fərman imzalayıb.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu - “YAŞAT” Fondu Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinin, işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının və ya həlak olmuş əməkdaşların ailə üzvlərinin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi (maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsi) üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılıb.

Son günlərdə Fonda ianələrin dayanması ilə bağlı iddialar yayılıb.

Məsələ ilə bağlı "YAŞAT” Fondundan Cebhe.info-nun sorğusuna cavab olaraq bildirilib ki, ianələrdə azalma var və hazırda edilən müraciətlər ianələrin azalması səbəbi ilə Fondun büdcəsinə uyğun təmin edilir:

"Bu günə kimi “YAŞAT” Fondu tərəfindən təhsil, məişət, istehlak kreditlərinin ödənilməsi, ölkə daxilində və xaricində müalicələr üzrə 32 232 müraciət təmin edilib. 4795 müraciət isə hazırda icra üçün öhdəlikdədir.

Fondun büdcəsindəki qalıq vəsait isə 2 751 535.85 AZN-dir. Fonda edilən müraciətlər ehtiyacların prioritetliyi nəzərə alınmaqla, növbəlilik prinsipi ilə sıralanır. Fondun vəsaiti isə könüllü ianələr əsasında formalaşdırılır. Hazırda edilən müraciətlər ianələrin azalması səbəbi ilə Fondun büdcəsinə uyğun təmin edilir.

Fondun fəaliyyəti zamanı şəffaflığın və hesabatlılığın təmin edilməsi məqsədi ilə görülən işlər barədə mütəmadi olaraq, gündəlik yenilənməklə yashat.gov.az platforması üzərindən onlayn rejimdə hesabatlar təqdim olunur".

Naibə
Cebhe.info