Avtomobil bazarında son vəziyyət necədir?

Rusiya Avtomobil Satıcıları Assosiasiyası (ROAD), Çindən idxal olunan avtomobillərin yekun qiymətinin 40 %-nin vergi və rüsumlardan ibarət olduğunu, avtomobilin real dəyərinin isə yalnız 35 % civarında qaldığını bildirib.
"Cebheinfo.az" xəbər verir ki, Çin istehsalı olan “Jetta VA3” modeli Rusiyada 2,5 milyon rubl qiymətinə satılır.
Lakin bu məbləğin cəmi 900 min rublu avtomobilin əsl dəyərini əks etdirir. Qalan hissə isə idxal vergisi, ƏDV, gömrük rüsumları, daşıma xərcləri və satıcıların mənfəətindən ibarətdir.
ROAD-un fikrincə, yüksək vergilər sayəsində hökumət idxalı yerli istehsalla müqayisədə daha cəlbedici hala gətirib.Qısamüddətli dövrdə dövlət üçün yüksək vergili idxal aşağı mənfəətli yerli istehsaldan daha sərfəli olub.
Məsələn, yerli istehsalçı “AvtoVAZ”-ın 2024-cü ildəki satışları 31 %-dən 27 %-ə enib, “Lada Granta” modelindən sadəcə 35 min rubl, “Lada Vesta” modelindən isə 109 min rubl gəlir əldə olunub.
Yerli istehsalın mühüm hissəsi hələ də Çin və Türkiyədən gələn hissələrlə həyata keçirilir. Ən yüksək lokalizasiya dərəcəsi “Lada Granta” modelində qeydə alınıb - 45,7%. Buna baxmayaraq, hökumət yerli istehsalı stimullaşdırmağa davam edir. 2025-ci il üçün avtomobil sektoruna 818,9 milyard rubl subsidiya ayrılıb.
Bu göstərici 2024-cü illə müqayisədə 2,3 dəfə artım deməkdir. 2026-cı ildə bu məbləğin 1,14 trilyon rubla, 2027-ci ildə isə 1,38 trilyon rubla çatacağı proqnozlaşdırılır. Lakin artan dövlət dəstəyinə baxmayaraq, bazarda Çin təsiri azalmır. “Geely” markası “Lada”dan sonra ən çox satılan ikinci marka olub, “KamAZ” kimi iri yük avtomobili istehsalçıları isə satış proqnozlarını aşağı salmaq məcburiyyətində qalıblar.
Sektor nümayəndələri bazarın ayaqda qala bilməsi üçün istehsalçılara birbaşa subsidiyalar və endirim kompensasiyalarının vacib olduğunu bildirirlər.
Nigar Hacılı
"Cebheinfo.az"