Əhaliyə şad xəbər: Bu məhsullar ucuzlaşır

Azərbaycandan Rusiyaya ənənəvi olaraq böyük həcmdə ixrac edilən kənd təsərrüfatı məhsullarında problem yaranıb.
Belə ki, bu gündən etibarən Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycanın “Allbuy” MMC və “Milk Products” MMC şirkətləri tərəfindən istehsal olunan bütün növ süd məhsullarının Rusiyaya idxalına qadağa tətbiq edir.
Bu qərar adıçəkilən müəssisələrin Rusiya tərəfindən keçirilməsi nəzərdə tutulan yoxlamadan imtina etməsi və Rusiya bazarına ixracda maraqlı olmamaları ilə əlaqədar qəbul edilib.
Bildirilir ki, bundan əvvəl “Rosselxoznadzor” Rusiyaya süd məhsulları ixracını davam etdirən beş Azərbaycan müəssisəsində yoxlama aparmağa hazır olduğunu Azərbaycanın səlahiyyətli orqanlarına bildirib.
Bu yoxlamaların məqsədi Avrasiya İqtisadi İttifaqının və Rusiya Federasiyasının qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarət etmək, habelə əvvəlcə təqdim edilmiş uyğunluq zəmanətlərini qiymətləndirməkdir.
Qurum həmçinin xatırladıb ki, 2024-cü ildə keçirilən yoxlamalar zamanı müəyyən pozuntular aşkar edilib və bu da qərarın qəbulunda nəzərə alınıb.
Bundan başqa Rusiya dövlət orqanları bu dəfə Azərbayandan bu ölkəyə aktiv şəkildə ixrac olunan daha bir məhsulun-şaftalının ixracına problem yaratmağa başlayıblar.
Ötən gün Rusiya tərəfi Azərbaycandan idxal edilmiş və Krosnadarda anbarda saxlanılan 18 ton şaftalı və nektarində ziyanverici bakteriyaların aşkarlandığını iddia edib və məhsulun satışına qadağa qoyub. Bu barədə Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti məlumat yayıb.
Bildirilir ki, sözügedən meyvələrdə karantin ziyanvericiləri – “qərbi çiçək tripsi” tapılıb. “Rosselxoznadzor”un Cənub Regional İdarəsinin əməkdaşları Krasnodardakı müvəqqəti saxlama anbarında ümumi çəkisi 18 ton olan şaftalı meyvə partiyasında canlı karantin zərərvericiləri - “qərbi çiçək tripsi aşkar ediblər”- deyə rəsmi açıqlamada deyilir.
Rusiya tərəfi bildirir ki, zərərvericilərin olması meyvənin fitosanitar vəziyyəti ilə bağlı rəydə də əksini tapıb. Nəticədə bu meyvələrin idxalı və satışı qadağan edilib.
Xatırladaq ki, “qərbi çiçək tripsi” (westerns.flowerranteclidents (perellaliganscidents) ) bitkilərin 240 növünə zərər yetirir, bu həm meyvə-tərəvəzə həm də dekorativ bitkilərə aiddir.
Bu zərərvericinin ən təhlükəli xüsusiyyətləri sürətlə artması, gizli yayılması və tətbiq edilən dərmanlara (pestisidlərə) davamlı olmasıdır.
Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi bu məlumatı şərh etməkdən imtina edib.
Qeyd edək ki, Rusiya tərəfindən Azərbaycan məhsullarının idxalına qadağa qoyulması ilk dəfə deyil. Yəni Rusiya istədiyi zaman bizim məhsullarda “problem” aşkarlayır.
Bu proses bizim sahibkarlar üçün çətinlik yaratsa da, yerli bazarda məhsul bolluğuna səbəb olur. Bir neçə dəfə belə proses baş verdikdə daxili bazarda bir sıra məhsullarda ucuzluq müşahidə edilib.
Hazırda Rusiyada idxalına qadağa qoyduqları məhsullar daxili bazarda ucuzlaşmaya gətirib çıxaracaqmı?
Məsələ ilə bağlı kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli “Cebheinfo.az”a bildirib ki, adətən ölkədən Rusiyaya ixrac olunan məhsullara qadağa qoyulduqda daxili bazara yönəldilir:
“Bu da ucuzlaşmaya səbəb olur. Kənd təsərrüfatı məhsulları arasında, məsələn, südün yenidən daxili bazara qaytarılması bolluğun yaranmasına gətirib çıxara bilər. Digər məhsullar da həmçinin.
Ancaq məsələ ondadır ki, bizim sadəcə kənd təsərrüfatı məhsullarını şaxələndirmək imkanımız məhduddur. Çünki biz şaxələndirmə zamanı qonşu ölkələrə, Gürcüstana, Avropaya, MDB ölkələrinə ixrac imkanlarımız var.
MDB ölkələrinin daxili bazarında bizim kənd təsərrüfatı məhsullarına o qədər ehtiyacları yoxdur. Avropa bazarına isə standartalara uyğun məhsul istehsal edə bilmirik.
Ona görə də Rusiyaya ixracdan geri qaytarılan məhsullar böyük ehtimalla daxili bazara yönəldiləcək ki, bu da qiymətlərin müəyyən qədər ucuzlaşmasına gətirib çıxarır”.
Nigar Abdullayeva
“Cebheinfo.az”