Əhməd İsmayılov: "Medianın işində ciddi keyfiyyət dəyişikliyi var"

Əhməd İsmayılov: "Medianın işində ciddi keyfiyyət dəyişikliyi var"

"Son 5 ildə ölkəmizdə həyata keçirilən media islahatlarının əsas məqsədi Azərbaycanın informasiya mühitinin qorunması, jurnalistikamızın potensialının gücləndirilməsidir".

"Cebheinfo.az" xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyi (MEDİA) və "Azerconnect Group"un birgə təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə gənc jurnalistlər üçün təşkil edilən "Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” mövzusunda forumda çıxış edən MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov deyib.

Onun sözlərinə görə, media sahəsində islahatların töhfələrindən biri dövlətin gənclərin media sahəsinə marağının formalaşması prosesini dəstəkləməsidir:

"Biz artıq media islahatlarının ilkin nəticələri barədə danışa bilərik və əminliklə vurğulaya bilərik ki, medianın işində ciddi keyfiyyət dəyişikliyi özünü göstərməkdədir. Göründüyü kimi Azərbaycanda gənclərin özünü ifadə etməsi, öz potensialını reallaşdırması üçün olduqca münbit və əlverişli şərait mövcuddur. İnanırıq ki, istedadlı gənclərimiz öz bilik və bacarıqlarını media sahəsində də realizə etmək üçün səylərini əsirgəməyəcəklər və bu prosesdən qazanan Azərbaycan mediası, bütövlükdə ictimai fikrimiz olacaqdır”.

Ə.İsmayılov əlavə edib ki, indi dövrün çağırışları, zamanın tələbləri dəyişib:

"Klassik maarifçilərimizdən fərqli olaraq Azərbaycan gənci indi müstəqil dövlətin vətəndaşıdır. Vətən müharibəsində zəfər çalmış ölkəmizin gənclərinin qarşıya qoyduqları məqsədlərə çatması üçün dövlətimiz tərəfindən bütün lazımi dəstək göstərilməkdədir”.

"Cebheinfo.az"