Azərbaycanlılar niyə quru sərhədindən keçə bilmir?

“Gürcüstanda yas mərasimindən sonra bu gecə Bakıya döndüm və hökumətə ciddi sualım var.
Quru sərhədlər 5 ildən çoxdur bağlıdır, ölkədən quru yolla Azərbaycan vətəndaşlarının çıxışına məhdudiyyət qoyulub. Təkcə Naxçıvan qeydiyyatı olanlara quru yolla ölkədən çıxış sərbəstdir, doğru olan da budur, çünki onların Türkiyə və İranla əlaqələri olmasa, iqtisadi durumları daha da pis olar.
Xarici vətəndaşlar quru yolla ölkədən sərbəst çıxa bilirlər, bəs Azərbaycan öz vətəndaşını ölkəmizə niyə buraxmır? Yəni Azərbaycan vətəndaşı uçaqla Tiflisə gəlir, 2-3 gün öz işini görür, toyda-yasda iştirak edir, o, niyə məhz təyyarə ilə qayıtmalıdır ki?! Nədir bunun hikməti, Azərbaycan vətəndaşı öz ölkəsinə, öz vətəninə niyə quru yolla keçə bilməz?!”
“Cebheinfo.az” xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Natiq Cəfərli bildirib. Ekspertin sözlərinə görə, Tiflis istiqamətinə yayda təlabat o qədər çoxdur ki, bilet tapılmır:
“Təsəvvür edin ki, yasa gəlmiş qardaşım oğlu üçün dünən gecə Tibilisi-Antaliya-Bakı marşrutu üzrə bilet tapmışıq. Tbilisidən uçdu Antalyaya, 14 saat orda qalacaq, bu gün axşam ordan Bakıya uçacaq.
Qazaxın kəndlərinin birində çox yaxın qohumumuz yaşayır, yasa gəlmək istədi, mən fikrindən yayındırdım, onların kəndindən Cürcüstandakı bizim kəndə 80 km yoldur, quru yolla 1 saata maşınla gəlmək olur, amma o yasa gəlmək üçün 530 km Qazaxdan Bakıya gəlməli, Bakıdan 1 saat təyyarə ilə uçmalı, hava limanından taksi ilə 1 saata yas yerinə gəlməli, geri dönəndə də eyni qaydada öz evinə qayıtmalı idi.
Belə də iş olar?! Hörmətli hökumət, Gürcüstanda soydaşlarımız var, onlar da bizimdir, onlar qanımızın - canımızın bir parçasıdırlar, yüzminlərlə soydaşımız yaşayır, onlar Azərbaycanla nəfəs alır, Azərbaycanla fəxr edirlər, hər bir evdə Azərbaycan bayrağı, Azərbaycan sevgisi var, bunu unutmayın!“
Nigar
“Cebheinfo.az”