Liderlərin görüşündə diqqətçəkən məqam: Növbəti addım atıldı

İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.
Azərbaycan-Ermənistan dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə edilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, ikitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb.
Sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər.
Tərəflər iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər.
Əbu-Dabi görüşünün nəticələri ilə bağlı həm Azərbaycan, həm də Ermənistan tərəfinin yaydığı məlumatın eynilik təşkilik etməsi danışıqların kifayət qədər konfidensial şəkildə keçdiyini və razılaşdırıldığını göstərir.
Deməli, danışıqlar nəticəsiz başa çatmayıb. Eyni zamanda, görüşün iki mərhələdə və bir neçə saat davam etməsi müzakirələrin gündəliyinin də geniş olduğunu təsdiq edir. Əslində, Əbu-Dabi görüşündən əvvəl ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası və sülh müqaviləsinin imzalanmasına dair danışıqların aparılması üçün “yol xəritəsi” irəli sürüldüyünə dair məlumat yayılmışdı.
Ona görə də Əbu-Dabi danışıqlarının xeyli müddət davam edəcəyi gözlənilən idi. Bu görüşün əsas diqqətçəkən məqamı Zəngəzur dəhlizinin və ya Azərbaycanla Ermənistan arasında nəqliyyat-kommunikasiya əlaqələrinin açılması məsələsinin sülh sazişindən ön plana çıxmasıdır.
Ötən ilin avqust ayında tərəflər kommunikasiyaların açılması məsələsini çərçivə sülh sazişinin imzalanmasından sonrakı mərhələyə saxlamaq barədə razılıq əldə etdikdən sonra Zəngəzur dəhlizi barədə müzakirələr xeyli səngimişdi.
Bakı və İrəvan arasındakı sülh sazişinin mətninə dair danışıqlar, xüsusilə də Ermənistan konstitusiyasına dəyişikliklər məsələsi əsas yer tutub. Lakin Tramp administrasiyasının təkliflərindən sonra nəqliyyat-kommunikasiya əlaqələrinin blokdan açılması danışıqların gündəliyində birinci məsələ kimi qoyulub.
Çünki sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddiası çıxarılmalıdır. Nikol Paşinyan hakimiyyəti isə referendumu 2026-cı ilin sonu-2027-ci ilin əvvəlində keçirmək niyyətindədir. Ancaq həmin vaxta qədər nəqliyyat əlaqələrinin açılması istiqamətində real addımlar atmaq mümkündür.
Üstəlik, rəsmi Bakı Azərbaycanın qərb hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz və təhlükəsiz hərəkətin təmin olunmasında maraqlıdır. Yalnız bu şərt reallaşacağı təqdirdə nəqliyyat-tranzit əlaqələrinin bərpasından söhbət gedə bilər.
ABŞ cari ilin sonuna qədər çərçivə sülh sazişinin imzalanmasını təklif edir. Ancaq qeyd edildiyi kimi, Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddiları çıxarıldıqdan sonra bu saziş reallaşa bilər. Digər variant isə Ermənistanın çərçivə sənədində konstitusiyanın preambula hissəsinin ləğvini referenduma çıxaracağına dair öhdəlik götürməsi ola bilər.
Ümumilikdə, Əbu-Dabi görüşü danışıqların adıçəkilən platformada və ikitərəfli formatda davam etdiriləcəyinə işarədir. Növbəti görüşə qədər tərəflər sülh niyyəti olaraq sərhədlərin delimitasiyası və Azərbaycanın anklav kəndlərinin işğaldan azad edilməsi istiqamətində əhəmiyyətli irəliləyişə nail ola bilərlər.
Müşfiq Abdulla
"Cebheinfo.az"