Hansı məktəb daha yaxşı tədris verir: Dövlət, yoxsa özəl?

Hansı məktəb daha yaxşı tədris verir: Dövlət, yoxsa özəl?

Azərbaycanda təhsil sistemində son illər diqqət çəkən əsas müzakirə mövzularından biri dövlət və özəl məktəblər arasındakı keyfiyyət fərqləridir. 

Cəmiyyətdə formalaşmış fikirə görə, özəl məktəblərdə təhsil alan şagirdlər həm ali məktəblərə qəbulda, həm də beynəlxalq imtahanlarda yüksək nəticə əldə edirlər. Bu səbəbdən bir çox valideynlər övladlarını özəl məktəblərə yazdırmağa üstünlük verir, hətta yüksək təhsil haqqı ödəməyə razı olurlar. 

“Cebheinfo.az” – a mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, özəl məktəblər bir sıra üstünlüklər təqdim etsə də, dövlət məktəbləri pulsuz təhsil, sosial müxtəliflik və bərabər giriş imkanları ilə seçilir: 

“Dövlət və özəl məktəblərdə təhsilin keyfiyyət səviyyəsi tez-tez müzakirə olunur. Amma bu müzakilər “Hansı məktəb daha yaxşıdır?” fikrinə əsas vermir. Özəl məktəblərdə müəllimlər daha yüksək maaş alır, bu da həmin məktəblərə daha peşəkar müəllimlərin cəlb edilməsinə şərait yaradır. 

Dövlət məktəblərində isə müəlilərin maaşı o qədər yüksək olmur və təyin olunması mərkəzləşmiş sistemlərə əsaslanır. Maddi-texniki baza cəhətdən özəl məktəblər daha zəngindir, müasir laboratoriyalar, dil otaqları və digər resurardan istifadə imkanı var. 

Lakin dövlət məktəblərində bu sahədə islahatlar aparılsa da, müəyyən çatışmazlıqlar mövcuddur. Özəl məktəblərdə şagird sayı az olduğu üçün fərdi yanaşma da mümkündür. Dövlət məktəblərində isə şagird sayının çoxluğu müəllimlərin hər şagirdə fərdi yanaşmasında çətinliklərə səbəb olur”. 

O qedy edib ki, məktəb seçimində ailə səviyyəsi və valideyn nəzarəti də əsas rol oynayır:

“Dövlət məktəblərində həm yüksək, həm aşağı sosial təqəbinin övladları təhsil alır. Amma özəl məktəblərdə imkanı olan ailələrin övladları təhsil alır. Bəzi özəl məktəbin şagirdləri əlavə repitor yanına gedərək uğur qazanır, nəticə isə məktəbin adına yazılır”. 

Təhsil eksperti qeyd edib ki, keyfiyyət səviyyəsi heç zaman məktəbdən asılı deyil: 

“Özəl məktəblərdə təhil alan bütün şagirdlərin nəticələrinin yüksək olması barədə iddia hər zaman real olmur. Əgər bir özəl məktəb şagirdlərinə daha fərdi yanaşıb müasir metodlardan istifadə edərək peşəkar müəllim heyəti ilə çalışırsa, təbii ki, o məktəbin məzunları yüksək nəticə göstərir. Lakin bütün özəl məktəblər eyni səviyyədə olmur.

Özəl məktəblər arasında keyfiyyətsiz, lakin adına görə baha olan məktəblər də var. Təhsilin keyfiyyəti dövlət və özəl məktəblərdən asılı deyil. Keyfiyyət arsında fərq yaradan isə mühit, müəllim kollektivi və yaradıcı dərs metodlarıdı”. 

Gülər 
“Cebheinfo.az”