Qəfil gəlir, öldürür: Azərbaycanı dünyada birinci edən xəstəlik

Qəfil gəlir, öldürür: Azərbaycanı dünyada birinci edən xəstəlik

Son zamanlar Azərbaycanda qəfil ölümlərlə bağlı xəbərlərə tez-tez rast gəlirik. Bu səbəbdən dünyasını dəyişənlər arasında hətta gənc və orta yaşlı insanlar da var.  

Bakı Baş Səhiyyə Mərkəzinin əvvəlki illər yaydığı məlumatlarda da bildirilirdi ki, ürək və qan-damar xəstəlikləri üzrə ölüm sayında artım müşahidə olunur. Belə ki, ölümlə nəticələnən xəstəliklər içərisində ürək və qan-damar xəstəlikləri üstünlük təşkil edir.

Mərkəzin hesabatına görə, təkcə 2023-cü ilin yanvar ayı ərzində 901 ölüm hadisəsindən 613-ü ürək və qan-damar xəstəlikləri səbəbindən baş verib. Bu isə ümumi ölüm hadisələrinin 68%-nə bərabərdir. Mərkəz bu cür həyati risklərdən qorunmaq üçün vətəndaşları ilkin səhiyyə xidmətlərindən vaxtında yararlanmağa, tibbi müayinələrdən keçməyə çağırıb.

Qəfil ölümlərin səbəbi nədir?

Statistikaya görə, dünyada və o cümlədən Azərbaycanda ölüm hallarına görə ürəyin işemik xəstəlikləri (tromb, infarkt, stenokardiya və s.) birinci yerdədir. Bunun başlıca səbəblərindən biri insanların vaxtlı-vaxtında həkim müayinələrindən, tibbi yoxlanışlardan keçməməsi göstərilir.

Təkcə 2011-2016-cı illərdə Azərbaycanda ürək-damar xəstəsi kimi qeydiyyata düşənlərin sayı 2 dəfədən çox artıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da dəfələrlə ürək-damar xəstəliklərinin geniş yayılması ilə bağlı xəbərdarlıq edib. DST-nin son açıqlamasına görə, 2030-cu ilədək dünyada ölümün ilk əsas səbəbi olan ürək-damar xəstəliklərindən, xüsusilə ürək xəstəlikləri və insultdan 23,6 milyon insan dünyasını dəyişəcək. Proqnozlara görə, bu xəstəlik ölümün başlıca səbəbi olaraq qalacaq. Bu halların əsas artım faizinin Şərqi Aralıq dənizi regionunda müşahidə ediləcəyi, ölüm hallarının çoxunun isə Cənubi-Şərqi Asiya regionda olacağı gözlənilir.  

ÜST-nin proqnozları Azərbaycan üçün də keçərlidir. Ölkəmizdə də son illər ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin sayı artıb. ÜST-nin hesablamalarına görə, bu xəstəlik üzrə ölkəmiz ilk beşlikdə yer alıb.

Hətta tamamilə sağlam ürək də birdən...

“Cümhuriyət” mütəxəssislərə istinadən xəbər verir ki, qəfil ürək dayanması son dərəcə həyati təhlükəsi olan bir vəziyyətdir. Doğrudur, gənclər ürək problemlərindən şikayətlənmirlər, onlar hər şeyin qaydasında olduğuna əmin olurlar, müayinə üçün həkim getmirlər. 

Statistikaya görə, təkcə Rusiyada ildə 200-250 min insan qəfil ürək dayanmasından ölür. Ancaq problemin əsas səbəbi infarkt deyil. Kardioloqlar deyirlər ki, hətta tamamilə sağlam ürək də birdən dayana bilər. Ən çox görülən xəstəliklər və şərtlər arasında mədəcik taxikardiyası, işemik ürək xəstəliyi və ya ürək çatışmazlığı, əvvəlki infarkt və ürək-damar sisteminin digər patologiyaları var.

Gənclər də qurbandır

İsveçin Höteborq Universitetinin alimləri gənclərdə qəfil ürək ölümü sindromuna dair araşdırma aparıblar. Ekspertlər araşdırmanın nəticələrini Avropa Kardiologiya Cəmiyyətinin (ESC) elmi konqresində elan ediblər.

Tədqiqatda 1 yaşdan 36 yaşa qədər olan insanlar iştirak ediblər. Bütün iştirakçılar İsveçdə yaşayırdı. Alimlər 2000-2010-cu illərdə baş verən qəfil ürək dayanmasının 903 hadisəsini diqqətlə araşdırıblar.

“Hər iş üçün beş nəzarət qrupu təyin edilib. Biz ölüm haqqında şəhadətnamələrdən, yarılma hesabatlarından, tibbi qeydlərdən, elektrokardioqramlardan (EKQ), istənilən bioloji nümunələrdən və valideyn məlumatlarından götürülmüş statistikanı təhlil etdik”, - ekspertlər deyiblər.

Nəticələr göstərib ki, ölənlərin orta yaşı 23 olub və onların 64%-i kişilərdir. Eyni zamanda, qəfil ürək dayanması yaşayan iştirakçıların 33%-i ölümdən 1,5 il əvvəl həkimə müraciət edib.

Özündən əvvəl xəbəri gəlir

Kardioloqların sözlərinə görə, çox vaxt insanlar aşağıdakı simptomlardan şikayətlənirlər:

Bayılma (xəstəxanaya yerləşdirmə səbəbi)

Konvulsiyalar (həkimə müraciət etmək üçün ümumi səbəb)

Sürətli ürək döyüntüsü

Ürəkbulanma

Qusma

Yoluxucu xəstəliklərin əlamətləri (məsələn, qızdırma).

Alimlər, həmçinin müəyyən ediblər ki, ölənlərin 17%-nin psixiatrik diaqnozu olub, 11%-i psixotrop dərman qəbul edib.

11% -də aritmiya, 18% -də isə EKQ-də patoloji dəyişikliklər (adətən vaxtından əvvəl mədəciklərin həyəcanlanması) olub.

Odur ki, gənclərdə huşunu itirmə, qıcolma və digər əlamətlər həkimə müraciət etmək üçün əsaslı səbəb ola bilər. Bəzən psixiatrik xəstəlikləri də ətraflı öyrənmək lazım gəlir, çünki onlar həyati təhlükə yaradan ürək problemlərinə səbəb ola bilər.

Tədqiqatçılar deyirlər ki, gənclər profilaktik müayinələri unutmamalıdır. Çünki bu, yaşa baxmır. Gənclik hələ xəstələnməmək demək deyil. Heç bir şey sizi narahat etməsə belə, yoxlamalar hər kəs üçün lazımdır. Bundan əlavə, alimlər idmançıları mümkün qədər tez-tez kardioloqa müraciət etməyə çağırırlar. Məşq ürək əzələsini gücləndirir, lakin həddindən artıq yüklər xəstəliklərin inkişafına səbəb ola bilər.

Onların sağ qalma şansı olmur

Həkimlər xəbərdarlıq edirlər ki, ürək dayanması keçirmiş insanların sağ qalma nisbəti aşağıdır. Bu şans xəstənin  reanimasiya müalicəsi ala biləcəyi təkmil xəstəxanada olması şərti ilə təxminən 20% -ə çatır. Bu isə hər beş hadisədən ancaq biri deməkdir. 

Ürək problemlərindən danışarkən, mifləri unutmaq olmaz. 

Məsələn, siqaret çəkmək və ya spirtli içki qəbul etmək kimi pis vərdişləri olmayan insanlar uzun illər ürək-damar xəstəlikləri riski altında olmadıqlarına əmin idilər. Həkimlər deyirlər ki,  bu, yanlış fikirdir. Fakt budur ki, damar divarının aterosklerotik zədələnməsi prosesi gənc yaşda başlayır. 

Deməli, hər yaşda ehtiyatlı olmaq, əlamətlərdən birini hiss etdikdə dərhal həkimə müraciət etmək lazımdır. Necə deyərlər, ürək insanla bir dəfə zarafat edir, o da ölümcül...

Elnarə Kərimova 
"Cebheinfo.az"