Daşnaklar Paşinyan üçün təhlükəyə çevrilib

Daşnaklar Paşinyan üçün təhlükəyə çevrilib

“Nikol Paşinyan hüquq-mühafizə orqanlarına “Daşnaksütyun” Partiyasının Ermənistanda fəaliyyətini əngəlləmək üçün hüquqi əsaslar tapmağı tapşırıb”. “Joqovurd” qəzeti belə məqalə ilə çıxış edib. 

Qeyd edək ki, iyulun 10-da Ermənistan İstintaq Komitəsi “Daşnaksütyun”Erməni İnqilabi Federasiyasının Ermənistandakı üzvlərinin evlərində axtarış aparıb və gənclər təşkilatının üzvlərini saxlayıb. 

Terror aktı hazırlamaq, qanunsuz olaraq odlu silah və sursat saxlama işi üzrə 7 nəfər saxlanılıb. “Daşnaksütyun” Partiyasının liderlərindən biri, “Ermənistan” fraksiyasının deputatı GeğamManukyanın da evində axtarış aparılıb. Onun oğlu TaronManukyan da saxlanılanlararasındadır. 

GeğamManukyanın telefonu əlindən alınıb, mənzilindəki kompüterlər, “Yerkir Media” teleşirkətinin kasetləri müsadirə olunub. GeğamManukyanın deputat toxunulmazlığı ləğv edilə, özü isə cinayət məsuliyyətinə cəlb edilə bilər. Ermənistan İstintaq Komitəsi saxlanılanlardan birinə qarşı artıq terror aktı hazırlamaq ittihamı ilə cinayət işinin açıldığını bildirib. 

Daşnakların mənzilində üzərinə “Azadlıq və ölüm” şüarı yazılmış köynəklər müsadirə edilib. İstintaq Komitəsi sözügedən faktı terror aktına hazırlığa sübut kimi təqdim etsə də,“Daşnaksütyun” Partiyasının Ali Orqanının üzvü KristinaVardanyan bunu “siyasi sifariş” adlandırıb. Ermənistan mediası bu məlumatı Baş nazir Nikol Paşinyanın “Daşnaksütyun”a qarşı müharibə elan etməsi kimi şərh edib. 

Qeyd edək ki, iyulun 8-də Ermənistan parlamenti Baş prokuror AnnaVardapetyanın vəsatəti əsasında “Daşnaksütyun” EİF-nın deputatı ArtsvikMinasyanıntoxunulmazlığına xitam verib. Artıq Minasyanın barəsində cinayət işi açılıb. Baş prokurorluğun “Ermənistan” fraksiyasının üzvü, “Daşnaksütyun” EİF-nın lideri İşxanSaqatelyanın da deputat toxunulmazlığının ləğv olunması üçün Milli Məclisə müraciət edəcəyinə dair xəbərlər var. 

Bütün bunlar Nikol Paşinyanın daşnakları öz hakimiyyəti üçün təhlükə hesab etdiyini göstərir. Ona görə də Baş nazir 2026-cı il iyun 7-də keçiriləcək parlament seçkilərində “Daşnaksütyun”un siyasi uğur əldə etməsini əngəlləməyə çalışır. Çünki “Daşnaksütyun” sonradan özünü siyasi partiya elan etsə də, erməni millətçiliyi və “inqilabçılıq” adı altında terror fəaliyyəti bu qurumun siyasi-ideoloji bazasını təşkil edir.

Bu baxımdan, Paşinyana qarşı terror aktı törədəcək əsas qüvvə məhz “Daşnaksütyun” olaraq qalır. Birinci Qarabağ müharibəsi dövründə kifayət qədər silah toplamış “Daşnaksütyun” hakimiyyət üçün təhlükə mənbəyinə çevrilmişdi. Ona görə də 1992-ci ildə Ermənistanın o zamankı prezidenti LevonTer-Petrosyan “Daşnaksütyun”-un fəaliyyətini qadağan etdi və fəalların əksəriyyətini həbs etdirdi. 

1998-ci ildə Robert Köçəryan hakimiyyətə gəldikdən sonra “Daşnaksütyun”un fəaliyyətinə icazə verdi. Lakin Nikol Paşinyan adıçəkilən terror təşkilatına siyasətlə məşğul olmağı yenidən qadağan edə bilər. Paşinyanın əmri ilə xarici ölkələrdə yaşayan daşnakların Ermənistana daxil olmasına icazə verilmir. 

2021-ci ildə keçirilən parlament seçkilərində Robert Köçəryanın “Ermənistan” blokundan 15 deputat mandatı qazanan “Daşnaksütyun”un hazırda siyasi reytinqi xeyli aşağı düşüb. Ermənistanda keçirilən sorğular seçicilərin 2,2 faizinin “Daşnaksütyun”a səs verməyə hazır olduğunu göstərir ki, bu göstərici ilə 5 faizlik seçki barajını keçmək mümkün görünmür. Ona görə də “Daşnaksütyun” Partiyasının gələn il keçiriləcək seçkilərdə parlamentə düşə bilməsi ehtimalı sual altındadır. 

Ancaq Paşinyan kilsə-daşnak ittifaqını özü üçün daha böyük təhlükə hesab edir. Çünki həm kilsə, həm də “Daşnaksütyun” terroru legitim siyasi mübarizə vasitəsi kimi dəstəkləyir. Bu isə Paşinyanın özünə qarşı sui-qəsdin təşkili və hakimiyyətin güc yolu ilə dəyişdirilməsi üçün potensial təhlükənin qalması deməkdir. 

Hazırda Eçmiədzin kilsəsi ilə yanaşı, “Daşnaksütyun” Partiyasına qarşı mübarizənin güclənməsi, fəalların terror yolu ilə dövlət çevrilişinə cəhdə görə saxlanılması məhz qeyd edilən səbəblə bağlıdır. Əslində, bu problemin digər mənbəyi Ermənistan konstitusiyasından qaynaqlanır. Belə ki, konstitusiya silahlı təşkilatlara siyasətlə məşğul olmağı qadağan etmir. 

Bu da öz növbəsində, “Daşnaksütyun”, “Yerkrapa” kimi terror təşkilatlarının seçkilərdə iştirakına və qanunverici orqanda təmsil olunmasına şərait yaradıb. Ona görə də Paşinyan daşnak təhlükəsindən özünü qorumaq üçün Ermənistanın yeni konstitusiya layihəsində terrorçu təşkilatlara siyasətlə məşğul olmağı qadağan etməlidir. 

Ermənistanın Baş naziri hələlik daşnakların siyasi fəaliyyətini mümkün qədər blok etməyi tapşırıb. Mövcud ittiham aktı ya “Daşnaksütyun”un 1992-ci ildəki kimi fəaliyyətinə inzibati yolla qadağa qoyulmasına, ya da yeni konstitusiyanın qəbulundan sonra siyasətdən təcrid edilməsinə gətirib çıxara bilər. 

MüşfiqAbdulla
"Cebheinfo.az"