Dünyanın cavab vermədiyi SUALLAR

2025-ci il fevralın 6-da İsrailin müdafiə naziri İsrael Kats orduya tapşırıq verdi.
Tapşırığa əsasən, elə bir mexanizm hazırlanmalıdır ki, Qəzzada yaşayan hər kəs ərazini könüllü şəkildə, istədiyi yolla – istər quru, istər dəniz, istərsə də hava ilə – tərk edə bilsin.
Kats Avropa ölkələrinə də müraciət edərək humanistlik nümayiş etdirməyə və HƏMAS-ın idarəsi altında yaşamaq istəməyən fələstinlilərə qapı açmağa çağırdı. O vurğuladı ki, hərəkət azadlığı hər kəs üçün keçərlidir, bu, ümumbəşəri hüquqdur (“Times of Israe”l).
Qınamalar və “soyqırım planı” ittihamları
Artıq növbəti gün BMT baş katibi Antoniu Quterreş çıxış edərək etnik təmizləmənin hər hansı formasına qarşı xəbərdarlıq etdi. Qərb və Yaxın Şərq mediası isə bu təşəbbüsü dərhal “soyqırım planı” adlandırdı (“The Guardian”). Maraqlıdır ki, eyni Avropa ölkələri son on ildə yüz minlərlə suriyalı qaçqını qəbul etmişdi.
İndi isə deyirlər ki, fələstinlilər mütləq öz torpaqlarında qalmalıdırlar. Statistikaya baxanda vəziyyət daha aydın görünür: təkcə 2024-cü ildə suriyalılar Avropa İttifaqına 147 mindən çox ilkin sığınacaq müraciəti ediblər və yenə də ən böyük qaçqın qrupuna çevriliblər (“Eurostat”).
Belə görünür ki, humanizm anlayışı yerindən və zamanından asılı olaraq dəyişə bilir. BMT Təhlükəsizlik Şurası fələstinlilərin “məcburi köçürülməsi qəbuledilməzdir” deyə müzakirələr apararkən, İran öz tarixində görünməmiş miqyasda kampaniyaya, əfqanların ölkədən çıxarılmasına start verdi.
2025-ci il iyunun 1-dən iyulun 5-nə qədər İran 449 min 218 nəfəri Əfqanıstan sərhədinə göndərdi. Beynəlxalq Qızıl Xaç Federasiyası xəbərdarlıq edir ki, ilin sonuna qədər bu rəqəm 2 milyonu keçə bilər (“Reuters”). Ancaq deportasiya üçün növbədə gözləyən hələ 4 milyon əfqan var və onların da böyük əksəriyyəti “Taliban” rejimindən qaçmış tənha qadınlardır.
İran daxili işlər nazirinin müavini Əli Əkbər Purcamşidianın sözləri isə ironiyadan və sarkazmdan başqa bir şey deyildi. O, əfqanları “hörmətli qonşular və eyni dinə mənsub qardaşlar” adlandırır və əlavə edir ki, onlar ölkənin artıq gözardı edə bilməyəcəyi bir problemə çevriliblər. Onun sözlərinə görə, deportasiyalar mərhələli şəkildə və mövcud imkanlar nəzərə alınaraq həyata keçiriləcək (“Al Jazeera”).
Qeyd edək ki, İranda nə qədər əfqan qaçqınının yaşadığı dəqiq bilinmir. Müxtəlif qiymətləndirmələrə görə, bu rəqəm 8 milyondan 15 milyona qədər dəyişir. Yeni Prezident Məsud Pezeşkian seçki kampaniyasına miqrasiya siyasətini sərtləşdirmək və qeyri-qanuni miqrantların deportasiyasına başlamaq vədləri ilə başlamışdı.
Görünür, vədini yerinə yetirməyə sadiqdir. 2025-ci ilin əvvəlindən İran hakimiyyəti ölkədə qeyri-qanuni yaşayan əfqanları daha fəal şəkildə müəyyənləşdirib ölkədən çıxarmağa başlayıb. Bu isə o deməkdir ki, əsas deportasiya dalğası hələ qabaqdadır.
Sadəcə, Avropada bu prosesə diqqət ayıran çox az adam olacaq. Bu gün beynəlxalq qurumların reaksiyası olduqca yumşaqdır: BMT sadəcə “prosesi könüllülük və təhlükəsizlik prinsipləri çərçivəsində” aparmağa çağırır, Qərb adi “narahatlıq” bəyanatları ilə kifayətlənir, bəzi ərəb liderləri isə bu addımı Tehranın “suveren hüququ” kimi qiymətləndirirlər.
Afrika: Xəritədən silinən qitə
Dünyanın diqqəti Yaxın Şərqə yönəlmişkən, Afrikada yaşanan faciələr sanki informasiya boşluğuna düşüb itib. Vaxtilə Ruandada baş verən tutsi soyqırımı təxminən bir milyon insanın həyatına son qoydu, amma beynəlxalq müdaxilə yalnız qətliamdan sonra gəldi.
2020–2022-ci illərdə Efiopiyanın Tıgray bölgəsində aparılan müharibə isə 300 mindən 600 minə qədər insanın həyatını aldı. Bütün bu itkilər demək olar ki, beynəlxalq efirlərə çıxmadı. Bu gün Cənubi Sudan, Niger, Sudan, Mali kimi ölkələrin hər birinin adı mövcud 44 milyon afrikalı qaçqın və məcburi köçkünə daha yüz minlərlə insan əlavə edə bilər.
BMT Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) məlumatına görə, bu rəqəmlər artıq normal hal kimi qarşılanır. Qərb isə bu hadisələri çox vaxt “əldəqayırma qəbilə münaqişələri” kimi təqdim edir, sanki bunlar nə sanksiyaya, nə BMT Təhlükəsizlik Şurasının təcili iclasına, nə də canlı efirdə fasiləsiz yayıma layiqdir.
Məsələ təkcə statistik rəqəmlərlə ölçülmür, həm də siyasi və ideoloji çərçivələrə sığdırılır. Məsələn, İsrail uzun illərdir ki, BMT Təhlükəsizlik Şurasının, beynəlxalq hüquq müdafiə təşkilatlarının və qlobal medianın daim nəzarətindədir. Hər bir addımı, hər bir bəyanatı “mikroskop altında” izlənir.
Bu diqqət qismən onun Qərbin müttəfiqi və “demokratik dövlət” statusu ilə izah olunur. Beləliklə, İsrailə edilən tənqidlər, guya insan haqlarına sədaqətin simvolu kimi təqdim edilir. Amma İrana gələndə məsələ dəyişir. Onsuz da sanksiyalar altında boğulan Tehran artıq “daha çox təzyiqə məruz qala bilməz” kimi görünür. Afrika isə tamamilə fərqli tarixdir. Bu qitə çoxdan Avropa siyasətçilərinin gündəlik xarici siyasət prioritetlərindən çıxıb.
Artıq o, sadəcə daxili siyasətdə debatlar üçün istifadə olunan mövzudur:hansı ölkə hansı humanitar proqramı maliyyələşdirəcək, Çadda hansı firma çadır təchiz edəcək, hansı partiya qaçqın kvotaları ilə elektorat qazanacaq... Rəsmi ritorikada Afrika humanist jestlər üçün bir fon kimi təqdim olunur, amma reallıqda oradakı faciələr nə ciddi müdaxilə, nə də sistemli yanaşma tələb edən məsələ sayılır. Nəticədə, kütləvi qətliamlar, milyonlarla qaçqın, etnik təmizləmələr və vətəndaş müharibələri illərlə görünməz qalır – nə sanksiya, nə fövqəladə iclas, nə də media dalğası...
Ekranlarda fərqli şəkillər, eyni insan ağrısı
Günlərlə ekranlarda bombalanmış Qəzza göstərilir, amma İran-Əfqanıstan sərhədindəki İslam Qala keçid məntəqəsində avtobuslarla deportasiya olunan əfqanlar xəbərlərə düşmür. Afrikadan isə yalnız qayıq batanda danışılır, məsələn, Lampeduza sahillərində... Bu seçməli empatiya özündən sonra ciddi fəsadlar buraxır. Milyonlarla əfqanın deportasiyası “Taliban”ın nəzarətində olan, aclıq içində boğulan bir ölkədə böhranı daha da dərinləşdirir.
Hazırda Əfqanıstanda 29 milyon insan humanitar yardıma ehtiyac duyur, amma BMT fondları cəmi 25% doludur. Bir tərəfdə beynəlxalq qurumlar bəzi faciələrə sərt reaksiya verir, digər tərəfdə isə susur, bu isə BMT-nin universal və ədalətli arbitr imicini zədələyir.
Bu ikili standartlar yalnız etimadı sarsıtmır, həm də radikallaşmanı artırır. Qəzzada 2 milyon insan “ümidsizlik barıt çəlləyində” saxlanılır, əfqanlar isə talibançılıqla qarşı-qarşıyadır. Afrikadakı görünməyən münaqişələr isə yeni zorakılıq dalğaları üçün zəmin yaradır.
Dünyanın cavab vermədiyi suallar
Əgər müharibə zonasından zorla köçürülmə soyqırım sayılırsa, bəs İran milyonlarla əfqanın “Taliban” və aclıqla üz-üzə qalacağı yerə geri göndəriləndə niyə susulur? Əgər Avropa özünü suriyalılar üçün bir sığınacaq kimi təqdim edirsə, niyə Qəzza sakinləri üçün də eyni jest göstərmir, ya da heç olmasa onların ölkədən çıxmasına mane olmur?
Bu suallar cavabsız qaldıqca, “ikili standartlar” ifadəsi dünyanın baş verən faciələrə verdiyi reaksiyanın ən dəqiq tərifi olaraq qalacaq, bu reaksiyalar yalnız siyasi maraqlara və ekranda görünməyə dəyər hesab olunanlara əsaslanır..
Yuri Boçarov, israilli politoloq, siyasi elmlər namizədi Tərcümə edən:
Səbinə Uğur
“Cebheinfo.az”