Rusiyada səfərbərlik "ovu": Soydaşlarımızı nə gözləyir?

Rusiyada əcnəbilərin səfərbərlik dövründə silahlı qüvvələrin tərkibində xidmət etməsinə icazə verilən fərman dərc olunub.
İndi əcnəbilər təkcə fövqəladə və ya hərbi vəziyyət zamanı deyil, həm də səfərbərlik dövründə xidmət keçə biləcəklər.
Fərmanda göstərilir ki, əvvəllər kontrakt əsasında hərbi xidmətdə olan və müəyyən yaş həddinə çatmış yüksəkixtisaslı mütəxəssislər ilə yeni müqavilə imzalana bilər.
Bu, xarici kəşfiyyat xidmətinə, FTX orqanları və dövlət mühafizəsinə də şamil olunur.
Maraqlıdır, bu qərar Rusiya vətəndaşlığı daşıyan soydaşlarımızın həyatına necə təsir edəcək?
Hərbi ekspert Üzeyir Cəfərov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Rusiyada yaşayan azərbaycanlılar müharibəyə cəlb olunmamaq üçün ehtiyatlı davranmalıdırlar:
“Məhz Rusiya qanunlara əsaslanmayıb istədiyini edən ölkədir, buna görə də orada yaşayan azərbaycanlıların mütəşəkkil qruplar şəkilində hərəkə etmələri çox vacibdir. Rusiyada yaşayan azərbaycanlılar əgər oranın vətəndaşı deyillərsə, diqqətli olmalıdırlar ki, onlara aidiyyəti olmayan müharibəyə cəlb edilməsinlər.
Çünki indiyə kimi xeyli sayda insan qanunsuz olaraq səfərbərlik adı altında komissarlıqlara gətirilərək Rusiya-Ukraniya müharibəsinə göndəriblər. Bu da onların bəziləri üçün faciə ilə nəticələnib.
Bunların yaşanmaması üçün soydaşlarımız olduqları şəhər və vilayətlərdə ya diaspora nümayəndələri, ya da Azərbaycanın tanınmış şəxsləri ilə sıx əlaqələr qurmalıdırlar ki, bu problemlə qarşılaşmasınlar”.
Ekspert qeyd edib ki, əcnəbilərə təzyiqlər artdığından, azərbaycanlılar xüsusilə diqqətli olmalıdırlar:
“Bəzən Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin vəzifəli şəxsləri əcnəbiləri məcburiyyət qarşısında qoyur, onlara zorla sənəd imzalatdırır ki, guya könüllü şəkildə müharibəyə getmək istəyirlər. Ona görə də azərbaycanlılar diqqətli olmalıdılar ki, belə vəziyyətlə qarşılaşmasınlar.
Bu gün Rusiyada vətəndaşlığı olmayan soydaşlarımıza qarşı qərəzli münasibət nümayiş etdirilir. Rusiyanın əsgər çatışmazlığı olduğu üçün azərbaycanlı, özbək, qırğız və digər millətlərin nümayəndələrindən istifadə etməyə çalışırlar. Ona görə də azərbaycanlılar bu məsələdə çox diqqətli olmalıdırlar”.
Gülər
“Cebheinfo.az”