Liderlərin görüşü: “Sülh müqaviləsinin imzalanmasına...”

Liderlərin görüşü: “Sülh müqaviləsinin imzalanmasına...”

“Bu gün Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən görüş kifayət qədər əhəmiyyətlidir”.

Bu sözləri Milli Məclisin deputatı Azər Allahverənov “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, bu, həm də tarixi hadisə kimi dəyərləndirilə bilər:

“Ən azından ona görə ki, ilk dəfə olaraq Birləşmiş Ərəb Əmirliklərinin ərazisində belə ikitərəfli görüş baş tutur. İndiyədək keçirilən bütün görüşlər daha çox beynəlxalq platformalarda, müxtəlif beynəlxalq təşkilatların xətti ilə baş tutan tədbirlərdə olmuşdu. Yəni vasitəçilərin iştirakı ilə geniş şəkildə təşkil olunan görüşlər olurdu. Amma bu dəfə iki ölkə rəhbərinin birbaşa görüşü yüksək dəyərləndirilir. 

Bütün çətinliklərə baxmayaraq, Ermənistanın Baş naziri Nikol Paşinyan bu dialoqun aparılmasında maraqlı olduğunu göstərir. Düşünürəm ki, bu görüş sülhə doğru növbəti addım kimi də dəyərləndirilə bilər. Müzakirə olunan məsələlərə də nəzər saldıqda deyə bilərik ki, bu görüş kifayət qədər konstruktiv məcrada keçib”.

Millət vəkili diqqətə çatdırıb ki,  razılaşdırılmış sülh müqaviləsinin imzalanması və onun ətrafında gedən bəzi proseslərlə bağlı məsələlər müzakirə olunub:

“Üstəlik, Zəngəzur dəhlizi ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, delimitasiya və demarkasiya məsələləri ətrafında da çox ciddi müzakirələr olub. Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında Əbu-Dabidə keçirilən görüş bu məsələlərin müzakirəsi baxımından olduqca mühümdür. 

Ümumiyyətlə, Azərbaycanın sülh müqaviləsini imzalamaq üçün iki şərti var. Birincisi, ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı birgə bəyanatın qəbul olunmasıdır. İkincisi isə Ermənistanın konstitusiyasını dəyişməsidir. 

Artıq Ermənistanda Paşinyanın qərarı ilə İşçi Qrupu yaradılıb. Bu İşçi Qrupu konstitutsiyayla bağlı Azərbaycan üçün prinsipial əhəmiyyət kəsb edən məsələlər ətrafında dəyərləndirmələr və Konstitutsiya Məhkəməsi ilə danışıqlar aparır”.

Azər Allahverənov əlavə edib ki, rəsmi Bakı ilə İrəvan arasındakı təmaslar davam etdiriləcək: 

“İndi son nəticələr ondan ibarətdir ki, liderlər arasında konstruktiv dialoq olub. Görünür, Azərbaycanla Ermənistan arasında belə yüksək səviyyədə təmaslar davam etdiriləcək. Ola bilər, işçi qaydada və ayrı-ayrı strukturlar arasında da müəyyən təmaslar intensivləşəcək. 

Bu gün tərəfləri  narazı salan məsələlər yoxdur. Hansısa mövzularla bağlı mövqelər üst-üstə düşməsə belə, bu, prosesin və dialoqun davam etdirilməsinə əngəl yaratmır. Hər şeyə rəğmən, proseslər müsbət dinamika ilə inkişaf edir. Çox yaxın vaxtda yeni pozitiv addımarın da şahidi ola bilərik. Hesab edirəm ki, bu proses bilavasitə sülh müqaviləsinin imzalanmasının sürətləndirilməsinə hesablanıb”. 

Elmir Mustafa
“Cebheinfo.az”