Əbu-Dabi görüşü: Yeni formatda yeni mərhələ

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.
Liderlər əvvəlcə təkbətək, daha sonra isə nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparıblar.
Görüşün əsas müzakirə mövzusu sülh müqaviləsinin ilin sonuna qədər imzalanmasına maneə yaradan ziddiyyətlərin aradan qaldırılması olub. Qeyd edək ki, Ermənistanda daxili siyasi vəziyyət gərgin olaraq qalır. Belə ki, bu gün səhər saatlarında “Daşnaksütyun” Erməni İnqilab Partiyasının bir neçə üzvünün evində axtarışlar aparılıb, saxlanılanlar var.
“Cebheinfo.az”-a açıqlamasında politoloq Oqtay Qasımlı bildirib ki, Abu-Dabidə keçirilən görüş kifayət qədər əhəmiyyətlidir. Onun sözlərinə görə, hər iki tərəfin müəyyən bir nəticə ilə bu görüşü tərk etməklə bağlı düşüncəsi var:
“Nəzərə alaq ki, 2024-cü ilin oktyabr ayından sonra ilk dəfə iki ölkənin rəhbərləri geniş tərkibli heyətlə bir araya gəliblər. Görüşün formatı, müddəti və aparılan geniş müzakirələr göstərir ki, hər iki tərəf bu görüşdən müəyyən nəticələrlə ayrılmaq niyyətindədir.
Hazırda hər iki tərəfin normallaşma prosesində maraqlı olduğunu düşünürəm. Xüsusilə, Azərbaycan bu prosesi istədiyini əvvəldən açıq şəkildə ortaya qoyub.
Ermənistan da ən azı həm də mövcud daxili siyasi vəziyyət baxımından bu prosesi istəməlidir. Çünki Ermənistan daxilində kifayət qədər ciddi proseslər getməkdədir və Baş nazir Nikol Paşinyan artıq rəqiblərinə qarşı daha sərt mövqe göstərməyə başlayıb.
Digər tərəfdən, beynəlxalq vəziyyətin gərginləşməsi, dünyanın müxtəlif bölgələrində münaqişələrin baş verməsi, Rusiya–Ukrayna müharibəsinin davam etməsi və bu kimi digər faktorlar Ermənistanı da proseslərə daha konstruktiv və ayıq yanaşmağa vadar edir”.
Politoloq qeyd edib ki, real nəticəyə yaxın olan məsələ Zəngəzur dəhlizinin açılması ilə bağlı ola bilər:
“Çünki artıq Ermənistan hakimiyyətinin də bu dəhlizin açılmasında maraqlı olduğu məlumdur. Dünyanın bir çox qlobal gücləri, o cümlədən ABŞ də bu dəhlizin açılmasını, Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasını dəstəkləyir.
Sülh müqaviləsinin imzalanması istiqamətində müəyyən irəliləyişlərin müşahidə olunmasına baxmayaraq, yekun sənədin imzalanması bu mərhələdə real görünmür. Bunun əsas səbəbi Ermənistanın hələ də Azərbaycanın irəli sürdüyü iki əsas şərti yerinə yetirməməsidir”.
Oqtay Qasımlı bildirib ki, görüşün baş tutması həm yeni formatın, həm də yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər:
“Bununla yanaşı, Zəngəzur dəhlizi ilə bağlı artıq razılaşmanın əldə olunması mümkündür. Eləcə də sərhədlərin delimitasiya və demarkasiya prosesinin sürətlənməsi ilə bağlı razılaşma reallaşa bilər. Bu da real və gözlənilən məsələlərdən biridir.
Eyni zamanda, Zəngəzur dəhlizinin açılmasına paralel olaraq Türkiyə-Ermənistan münasibətləri fonunda digər istiqamətlərdə kommunikasiyaların açılması məsələləri də həllini tapa bilər. Təbii ki, əgər Zəngəzur dəhlizi ilə bağlı razılaşma əldə olunsa, bu mümkündür. Görüşün keçirildiyi məkan da diqqət çəkir. Bu, nə Qərb, nə də Rusiya platformasıdır. Bu, yeni bir platforma kimi dəyərləndirilməlidir.
Birləşmiş Ərəb Əmirliklərinin həm Azərbaycan, həm də Ermənistanla yaxın münasibətləri, eləcə də ABŞ-nin regiona olan marağını da nəzərə alsaq, bu formatın daha uyğun olduğu görünür. Düşünürəm ki, bu, prosesə müsbət təsir göstərən amil kimi çıxış edə bilər. Bütün hallarda bu yeni format həm də yeni mərhələ kimi dəyərləndirilə bilər. Ümid edirik ki, həm dünyanın, həm də hər iki ölkənin cəmiyyətlərinin gözlədiyi müsbət mesajlar bu dəfə alınacaq”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”