Hüquqi dövlət quruculuğundan vətəndaş cəmiyyətinin rolu

İSTİQAMƏT: 6.3.1. vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu
Müasir dövrün demokratik cəmiyyətlərinin təməl prinsiplərindən biri hüquqi dövlət və vətəndaş cəmiyyəti anlayışlarıdır. Bu iki anlayış bir-birini tamamlayan və birgə inkişaf edən strukturlar kimi çıxış edir. Hüquqi dövlətin formalaşması üçün güclü və fəal vətəndaş cəmiyyətinə, vətəndaş cəmiyyətinin davamlı fəaliyyəti üçün isə hüquqi təminatlı və şəffaf dövlət idarəçiliyinə ehtiyac var.
Vətəndaş cəmiyyəti – dövlətin rəsmi strukturuna daxil olmayan, lakin ictimai həyatın təşkili və yönləndirilməsində mühüm rol oynayan qeyri-hökumət təşkilatları, media, birliklər, təşəbbüs qrupları və fərdlərin fəaliyyətini özündə birləşdirən sosial institutlar toplusudur.
Bu strukturun əsas vəzifəsi vətəndaşların maraqlarını müdafiə etmək, dövlət siyasətinə ictimai nəzarət mexanizmləri yaratmaq və insan hüquqlarının qorunmasına dəstək olmaqdır. Demokratik inkişaf yolunda olan ölkələr üçün vətəndaş cəmiyyəti cəmiyyətin şüurlu, məsuliyyətli və fəal iştirakını təmin edən əsas alətdir. Azərbaycanda ictimai nəzarət mexanizmi artıq bir müddətdir ki, ictimai şuralar şəklində təşkil olunur. Bu şuraların fəaliyyətində müəyyən fikir ayrılıqları mövcuddur. Bir sıra hallarda ictimai şura üzvləri vətəndaşın deyil təmsil olduqları qurumun ruporu kimi çıxış edir ki, bu da fikir ayrılıqlarının yaranmasına səbəb olur.
Ümumi halda vətəndaş cəmiyyətinin fəaliyyəti də məhz hüquqi dövlət anlayışından asılıdır. Fəlsəfi mənada hüquqi dövlət – hüququn ali olduğu, dövlət orqanlarının fəaliyyətinin hüquqla məhdudlaşdırıldığı, qanunun hər kəs üçün bərabər şəkildə tətbiq olunduğu dövlət modelidir. Belə bir dövlət modelində:
*Qanunun aliliyi təmin olunur;
*Hüquq sistemində müstəqillik və şəffaflıq mövcuddur;
*İnsan və vətəndaş hüquqları qorunur;
*Dövlət vətəndaş qarşısında məsuliyyət daşıyır.
Hüquqi dövlətin əsas funksiyalarından biri də cəmiyyətlə dövlət arasında balanslı münasibət yaratmaq və idarəetmədə şəffaflığı təmin etməkdir. Bu iki anlayış arasında qarşılıqlı asılılıq açıq şəkildə görünür. Vətəndaş cəmiyyəti olmadan hüquqi dövlət formal xarakter daşıya bilər, çünki ictimai nəzarət və təşəbbüskar fəaliyyətin olmaması dövlətin hüquqa əsaslanmasını zəiflədir. Eyni zamanda hüquqi dövlət olmadan vətəndaş cəmiyyəti öz fəaliyyətini azad və effektiv şəkildə həyata keçirə bilməz.
Güclü vətəndaş cəmiyyəti hüquqi dövlətin formalaşmasına yardım edir – korrupsiyaya qarşı mübarizədə, sosial problemlərin həllində, ictimai rəyin formalaşdırılmasında və idarəetmədə şəffaflığın təmin olunmasında mühüm rol oynayır. Hüquqi dövlət isə vətəndaş cəmiyyətinə hüquqi baza, fəaliyyət azadlığı və təhlükəsizlik təqdim edir.
Azərbaycan da hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində mühüm mərhələlərdən keçir. Son illərdə qanunvericilik bazasının təkmilləşdirilməsi, dövlət orqanlarında şəffaflığın artırılması, “e-hökumət” sisteminin tətbiqi və qeyri-hökumət təşkilatlarına dəstək bu sahədə atılan mühüm addımlardır.
Lakin bu sahədə hələ də inkişaf etdirilməli olan sahələr mövcuddur – xüsusilə, ictimai iştirakçılığın genişləndirilməsi, QHT-lərin daha sərbəst fəaliyyəti üçün hüquqi mühitin liberallaşdırılması və vətəndaş təşəbbüslərinin dəstəklənməsi zəruridir.
Mövzu ilə bağlı “Cebheinfo.az”-a danışan QHT.az saytının rəhbəri, "İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İB-nin sədri Cəsarət Hüseynzadə deyib ki, hüquqi dövlət quruculuğu yalnız qanunların qəbul olunması və dövlət qurumlarının fəaliyyətinin hüquqi əsaslara söykənməsi ilə bitmir:
“Hüquqi dövlətin səmərəli şəkildə qurulması və işləməsi üçün vətəndaş cəmiyyətinin iştirakı zəruridir. Demokratik idarəetmənin əsas sütunlarından biri olan vətəndaş cəmiyyəti hüquqların qorunması, ictimai nəzarət, qanunvericiliyin təkmilləşdirilməsi və hüquqi maarifləndirmə sahələrində mühüm rol oynayır. Azərbaycanda son illərdə hüquqi dövlət quruculuğuna yönəlmiş islahatlar çərçivəsində qeyri-hökumət təşkilatları, media və digər vətəndaş təşəbbüsləri bu prosesə aktiv şəkildə cəlb olunur.
Onlar dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarət həyata keçirir, qanun pozuntularını işıqlandırır, eləcə də ictimai rəyin formalaşmasında iştirak edirlər. Xüsusilə korrupsiyaya qarşı mübarizə və şəffaflığın təmin olunmasında vətəndaş cəmiyyətinin rolu daha da qabarıq olmalıdır.
Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda da vətəndaş cəmiyyətinin iştirakı nəzərdə tutulur. Sənəddə ictimai nəzarətin genişləndirilməsi, ictimai şuraların fəaliyyətinin gücləndirilməsi və şəffaflığın artırılması ön plana çəkilir.
Eyni zamanda, hüquqi maarifləndirmə də vətəndaş cəmiyyətinin prioritet istiqamətlərindəndir. Hüquqi biliklərə malik vətəndaşlar hüquqlarını qorumaqda daha fəal olur və dövlətin fəaliyyətindən hesabat tələb edə bilir. QHT-lər bu sahədə treninqlər, seminarlar və sosial kampaniyalar vasitəsilə hüquq şüurunun formalaşmasına töhfə verirlər.
Vətəndaş cəmiyyəti qanunvericilik prosesində də iştirak edir. QHT-lər qanun layihələrinə rəy bildirir, təkliflər irəli sürür və bu yolla daha səmərəli hüquqi bazanın formalaşmasına şərait yaradır. Hesab edirəm bu prosesin daha da təkmilləşdirlməsinə ehtiyac var. Qanun layihələrin hazırlanamsı proesinə başlandığı dövrdən ekspertlərin və sahəvi QHT-lərin bu prosesə cəlb olunaması çox vacibdir”.
C.Hüseynzadə əlavə edib ki, başqa bir mühüm mexanizm isə ictimai şuralar ola bilər:
“Hesab edirəm ki, vətəndaşların idarəetmədə iştirakını təmin edən bu alətin təsir imkanlarının artırılması üçün hüquqi və institusional mexanizmlər gücləndirilməlidir. İctimai dialoqun təşviqi də hüquqi dövlətin möhkəmləndirilməsində vacib rol oynayır. Vətəndaş cəmiyyəti dövlətlə vətəndaş arasında körpü funksiyası daşıyır, sosial məsələlərin müzakirəsini təşviq edir. Xüsusilə ictimai dinləmələr və açıq müzakirələr bu prosesə töhfə verir.
Nəhayət, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi də vətəndaş cəmiyyətinin digər mühüm fəaliyyət sahəsidir. Azərbaycan QHT-ləri beynəlxalq əməkdaşlıq nəticəsində hüquqi dövlət quruculuğunda müasir yanaşmaları ölkəyə gətirə bilər. Və yaxud əksinə Azərbaycanın bu sahədə uğurlu modellər – “ASAN xidmət”, “DOST” və digərlərinin beynəlxalq səviyyədə yayılmasına təkan verə bilər.
Beləliklə, hüquqi dövlətin qurulması yalnız dövlətin işi deyil, bu, eyni zamanda vətəndaş cəmiyyətinin aktiv iştirakı ilə mümkün olan çoxşaxəli və davamlı bir prosesdir. Bu baxımdan, biz güclü hüquqi dövlət istəyiriksə, bunun üçün güclü vətəndaş cəmiyyəti vacibdir. Başqa sözlə desək, vətəndaş cəmiyyətinin güclənməsi hüquqi dövlətin inkişafının əsas şərtidir”.
QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Vilayət Muxtar
“Cebheinfo.az”