Rusiyadan Azərbaycan və Ermənistana 4 TƏKLİF

“Moskva İrəvanla Bakı arasında münasibətlərin nizamlanmasına töhfə verməyə hazırdır”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya”-ya bildirib.
Diplomat vurğulayıb ki, magistral hərəkətin əsas istiqamətləri Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci və 2022-ci illər üzrə üçtərəfli sazişlərində öz əksini tapıb.
"Hesab edirik ki, bizim hərəkət etməli olduğumuz istiqamətlər bunlardır: sülh müqaviləsinin hazırlanması, regionda iqtisadi əlaqələrin, nəqliyyat kommunikasiyalarının açılması, sərhədlərin delimitasiyası və sonradan demarkasiyası, vətəndaş cəmiyyətləri, Ermənistan və Azərbaycan parlamentləri arasında dialoqun qurulması. Təbii ki, Rusiya tərəfi üçtərəfli sazişlərin iştirakçılarından biri kimi onların hər ikisinin həyata keçirilməsinə əlverişli formada öz töhfəsini verməyə hazırdır”.
Məlumat üçün bildirək ki, iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti və Ermənistan Respublikasının Baş naziri arasında görüş keçirilib və Azərbaycan-Ermənistan dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə edilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, ikitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb.
Rusiya tərəfi də Prezidentin mətbuat katibi Dmitri Peskovun timsalında görüşü alqışlayıb.
Xəzər
“Cebheinfo.az”