“Qarabağa birgə səfər həmrəyliyi artırır” - MÜSAHİBƏ

“Qarabağa birgə səfər həmrəyliyi artırır” - MÜSAHİBƏ

“İşğaldan azad olunan ərazilərə birgə səfərlərin davam edəcəyi gözlənilir”. 

Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə “Cümhuriyət”-ə müsahibəsində deyib. 

“Cebheinfo.az” müsahibəni təqdim edir:

- Arzuxan bəy, artıq işğaldan azad olunan ərazilərə 8 səfər təşkil olunub. Bu səfərlərlə bağlı təəssüratlarınızı öyrənə bilərik?

- Azərbaycan Respublikası Prezident Administrasiyasının təşkilatçılığı ilə artıq işğaldan azad olunmuş bölgələrə 8 səfər reallaşıb. İlk səfər 17 mart 2021-ci ildə Ağdama olub. Həmin gündən başlayaraq bu səfərlər ardıcıl xarakter almağa başlayıb. İndiyə kimi Ağdam, Şuşa, Laçın, Xankəndi, Əsgəran, Xocalı, Cəbrayıl və Zəngilana səfər etmişik. 

Əlbəttə ki, bütün səfərlərimiz çox əhəmiyyətlidir. 30 ilə yaxın müddət ərzində torpaqlarımızın işğalı faktı ilə üz-üzə idik, Qarabağa getmək ən böyük arzumuz idi. İndi isə həmin arzularımız reallığa çevrilib. İlk olaraq səfər etdiyimiz Ağdamda dağıntıların miqyasının necə böyük olduğunu gördük. Axırıncı səfərimizi də məhz Ağdama etdik. Nəzərə almaq lazımdır ki, Ağdam işğal zamanı yerlə-yeksan olunmuş və xarabalığa çevrilmişdi. Hətta işğaldan azad olunandan sonra oranı ziyarət edən xarici jurnalistlər Ağdamı Hiroşima və Naqasaki ilə müqayisə edirdilər. 

Üstəlik, Ağdamdakı iki qəbiristanlığı belə dağıtmışdılar. Qəbiristanlığın birini şumlayıb, taxıl əkmişdilər. Yəni insanlığa və bəşəriyyətə qarşı bu dərəcədə böyük bir cinayət törətmişdilər. Səfər zamanı da bir daha ermənilərin vandallığını gözümüzlə gördük. Ancaq nəhayət ki, torpaqlarımıza qayıtmağın verdiyi bir qürur hissi də var idi. 

- Sözügedən səfərlərin əhəmiyyəti barədə nə deyə bilərsiniz?

- Səfərlərin hər birinin xüsusi əhəmiyyəti var və yaddaqalan olub. Səfərlər çərçivəsində siyasi partiyaların arasındakı əlaqələr inkişaf edir. Prezident Administrasiyasının səfərlərinin təşkilində çox böyük rolu var. Biz hər dəfə bu səfərlər çərçivəsində Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevə, onun əməkdaşlarına öz təşəkkürümüzü bildiririk. Bütün bu səfərlərə Ədalət Vəliyev özü şəxsən rəhbərlik edir və hər detala xüsusi diqqət yetirir. 

Səfərlərin hər biri çox maraqlı keçir. Biz bu səfərlər zamanı Qarabağda aparılan quruculuq işlərinə yerindəcə şahidlik keçirik. Öz dədə-baba yurdlarına köçən vətəndaşlarımızın gözlərindəki o fərəh hissini görürük. Bundan başqa, belə birgə səfərlərin təşkil olunması siyasi partiyalarla hakimiyyət arasında birbaşa dialoqun yaranmasına da gətirib çıxarır. Eyni zamanda, partiya sədrləri və üzvləri arasındakı əlaqələr də inkişaf edir. Yəni hər cəhətdən belə səfərlərin təşkili olduqca mühüm addımdır. 

- Qarabağda aparılan quruculuq işlərini yerində izləmə fürsətiniz olub. Yenidənqurma və bərpa işlərinin gedişini necə qiymətləndirirsiniz?

- İşğaldan azad olunan ərazilərə hər səfərimizdə yenidənqurma və bərpa işlərinin necə sürətlə həyata keçirildiyinin şahidi oluruq. Düşünürəm ki, işğaldan azad olunmuş ərazilərimizin bərpa- quruculuq işləri ilə yaxından tanışlığımız olduqca vacibdir. Qarabağda böyük quruculuq işləri və infrastruktur layihələri icra olunur. Yeni binalar tikilir, yollar, tunellər, dəmiryol xətləri çəkilir və iş yerləri açılır. Hətta işğaldan azad olunmuş ərazilərdə 3 beynəlxalq hava limanı tikilib istifadəyə verilib. Təbii ki, bütün bunları görmək olduqca qürurvericidir. 

Hazırda işğaldan azad olunan ərazilərimiz böyük bir tikinti meydançasını xatırladır. Bərpa-quruculuq işləri müasir texnologiyalardan istifadə etməklə həyata keçirilir. Yol infrastrukturu müasir tələblərə cavab verərək tamamilə yenidən qurulur. Zəngəzur dəhlizi istiqamətində də bərpa-quruculuq işlərinin böyük hissəsi başa çatıb. Həmin işləri çox qısa zamanda həyat keçirmək də qürurvericidir.

Bütün bu işlərin görülməsi üçün Azərbaycan dövlət büdcəsindən 19 milyard manatdan artıq vəsait xərclənib. Bu ilin dövlət büdcəsindən də 4,5 milyard manat vəsait əlavə olaraq xərclənib. Bütün bu bərpa-quruculuq işlərinin demək olar ki, 99 faizi Azərbaycan dövlətinin öz gücü hesabına həyat keçiriləcək. 

Düzdür, Türkiyə, Qazaxıstan, Özbəkistan kimi qardaş ölkələr bu prosesə qoşulublar. Ancaq buna baxmayaraq, əsas güc dövlətin öz hesabına həyata keçirilir. Bu məsələdə Azərbaycan dövləti öz imkanlarından istifadə etməklə bundan sonrakı dövrdə bərpa-quruculuq işlərini sürətləndirərək zamanında öz dədə-baba yurdlarından zorla qovulmuş Azərbaycan insanın geri qayıdışını tezləşdirmə prosesini həyata keçirməkdədir.

Bu da hər birimiz üçün qürurverici hadisədir. Biz o torpaqları işğaldan azad etməklə yanaşı, eyni zamanda, o torpaqlara həyat verməkdəyik. Yenidən bərpa etməklə bütün dünyaya göstərmiş oluruq ki, bu torpaqların əsl sahibləri qayıdıblar. 

- Bu səfərlərin əhəmiyyətindən biri də siyasi dialoq və partiyalar arasında əməkdaşlığın inkişafına töhfə verməsidir... 

- Bəli, bu səfərlər həm də siyasi dialoq mühitinin formalaşmasına töhfə verir. Bu, təkcə səfər və ya orada həyata keçirilən işlərin vizual olaraq görüntüsü deyil. Eyni zamanda, siyasi partiyalar arasında münasibətlərin daha da istiləşməsinə səbəb olur, habelə siyasi dialoq mühitinin daha da inkişaf etməsinə gətirib çıxarır. 

Hesab edirəm ki, bu səfərlər yeni münasibətlər sistemi ilə bağlı cənab Prezident İlham Əliyevin siyasətinin davamı kimi də qəbul edilməlidir. Bu, həm də ölkədə siyasi partiyalar arasında, xüsusilə hakimiyyətlə müxalif siyasi partiyalar arasında münasibətlərin sivil və dövlətçilik ənənələrinə uyğun formalaşması deməkdir. Bu da birmənalı olaraq təqdir olunmalıdır. 

- Bərpa olunan ərazilərimizin bir çoxunda məskunlaşma başlayıb. 30 ilə yaxın torpaq həsrəti çəkən vətəndaşlarımız artıq öz dədə-baba yurdlarında yaşayırlar. Üstəlik, onlar üçün hər cür şərait yaradılır...

- Ermənilər ərazilərimizi işğal altında saxladıqları dövr ərzində xarabalığa çevirmişdilər. Daşı daş üstdə qoymamışdılar. Mövcud infrastrukturu məhv etmişdilər. Biz geri qayıtdığımız 5 il ərzində təkcə bərpa- quruculuq işləri deyil, həm də yeni infrastruktur layihələrini həyata keçirdik. Hazırda da insanlarımızın ora qayıdışı həyata keçirilir. Yeni istehsalat müəssisələri tikilir, insanlar işlə təmin olunurlar. 

Eyni zamanda, təhsil müəssisləri də bərpa olunub. Xankəndi də Qarabağ Universiteti açılıb, ilk tələbələrini qəbul edib. Tələbələr üçün çox gözəl şərait yaradılıb. Həm təhsil haqqı ödəmirlər, həm də orada yataqxanalarla təmin olunublar. Digər sahələrin də inkişafı ilə bağlı dövlət proqramı var. Geri qayıdacaq insanlarımızın rifah halının yüksək olması üçün yeni iş yerlərinin açılması istiqamətində işlər davam etdirilir. 

- İşğaldan azad olunan ərazilərə səfərlər davam etdiriləcəkmi?

- Bəli, növbəti səfərlərin də həyata keçirilməsi gözlənilir. Biz səfərlərin davamlı olmasını istəyirik. Bununla bağlı hörmətli Ədalət Vəliyevə öz fikirlərimi bildirdim. O da səfərlərin davam edəcəyini dedi. Xankəndiyə, Şuşaya, Kəlbəcərə və digər ərazilərə də mütəmadi olaraq səfərlərin reallaşması, orada görülən işlərlə tanışlıq olduqca vacib məsələdir. 

Elmir Mustafa
"Cebheinfo.az"