Məktəblərin tikintisində podratçılara artıq pullar ödənilirmiş - Palata

Məktəblərin tikintisində podratçılara artıq pullar ödənilirmiş - Palata

Hesablama Palatası tərəfindən Elm və Təhsil Nazirliyi və tabeliyində olan təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsində 53,5 milyon manatlıq dövlət investisiyalarının istifadəsinə dair audit aparılıb.

"Cebheinfo.az" xəbər verir ki, audit 2021–2023-cü illəri əhatə edən 10 layihəni əhatə edib və ciddi nöqsanlar üzə çıxıb.

Məlum olub ki, bir sıra layihələr planlaşdırılarkən texniki-iqtisadi əsaslandırmalar aparılmayıb, bu da vəsaitin məqsədəuyğun istifadə edilməməsinə səbəb olub. Layihələrin icrası müddətlərinə əməl edilməyib, bəzi layihələr gecikib, bəzilərində isə əsaslandırmalar yetərsiz olub. Təhsil müəssisələri üzrə 3 tikinti obyektində smeta və müqavilə həcmlərindən artıq işlərin daxil edilməsi nəticəsində 92 min manat artıq vəsait xərclənib.

5 layihədə müqavilə üzrə nəzərdə tutulmayan işlər görülüb və nəticədə 633 min manat dəyərində əlavə ödənişlər baş verib. 6 layihədə isə müəllif nəzarəti olmadan 560 min manatlıq işlər yerinə yetirilib. Eyni zamanda, 5 müqavilə üzrə faktiki icra edilməyən və ya həddindən artıq göstərilən işlər üçün ümumilikdə 784 min manat artıq vəsait ödənilib.

Satınalma prosedurlarında da ciddi pozuntular aşkarlanıb – bəzi hallarda tenderdən əvvəl müqavilələr bağlanıb, bəzi hallarda isə ehtimal dəyəri nəzərə alınmayıb. Nəticədə dövlət vəsaitlərinin səmərəsiz istifadəsi və qanunvericiliyin pozulması halları baş verib.

Hesabatda, həmçinin maliyyə sənədlərində ziddiyyətlərə və qeyri-şəffaflığa diqqət çəkilir. 5 obyekt tabeli qurumlara balansa verilməyib, 2 obyektdə isə avadanlıqların sənədləşməsi düzgün aparılmayıb.

Nəticədə, podratçılara artıq ödənilmiş 1 milyon 305 min manatın dövlət büdcəsinə qaytarılması qərara alınıb. Hesablama Palatası İdarədən nöqsanların aradan qaldırılmasını və gələcəkdə bu kimi halların qarşısının alınması üçün tədbirlərin görülməsini tələb edib.

"Cebheinfo.az"