Yayda turizm qiymətlərinin ucuzlaşması gözlənilir?

Azərbaycanda hotellərin xərcləri 2 dəfədən çox artıb.
2023-cü ildə Azərbaycanda bütün ulduz təsnifatları üzrə hotellərin xərcləri 677 milyon 484 min manat təşkil edib.
Dövlət Turizm Agentliyinin məlumatına görə, 2022-ci illə müqayisədə bu, 2,2 dəfə çoxdur.
Ötən il yerli hotellər içki və yeməklərin hazırlanmasına 114 milyon 883 min manat (əvvəlki ilə nisbətən 2,2 dəfə çox) xərc çəkib.
İl ərzində hotellərin yanacaq və enerji xərcləri də 2,2 dəfə artaraq 46 milyon 506 min manat, suyun alınmasına xərcləri 2,1 dəfə artaraq 5 milyon 368 min manat, əməkhaqqı xərcləri 2,3 dəfə artaraq 229 milyon 291 min manat, icarə xərcləri 2,6 dəfə artaraq 22 milyon 388 min manat, təmir xərcləri 1,8 dəfə artaraq 7 milyon 240 min manat, reklam xərcləri 1,9 dəfə artaraq 4 milyon 907 min manat, vergi xərcləri 1,9 dəfə artaraq 49 milyon 985 min manat, digər xərcləri isə 2,2 dəfə artaraq 196 milyon 916 min manat olub.
Bununla yanaşı Azərbaycanda hotellərin gəlirləri də 2 dəfədən çox artıb. 2023-cü ildə Azərbaycanda bütün ulduz təsnifatları üzrə hotellərin gəlirləri 868 milyon 640 min manat təşkil edib ki, bu, 2022-ci illə müqayisədə 2,4 dəfə çoxdur.
Ötən il yerli hotellər nömrə satışından 517 milyon 603 min manat (əvvəlki ilə nisbətən 2,4 dəfə çox) gəlir əldə edib.
İl ərzində hotellərin iaşə xidmətlərindən gəlirləri 2,3 dəfə artaraq 236 milyon 358 min manat, müalicə-sağlamlıq xidmətlərindən gəlirləri 2,8 dəfə artaraq 30 milyon 492 min manat, ekskursiya xidmətlərindən gəlirləri 274 dəfə artaraq 295 min manat, konfrans xidmətlərindən gəlirləri 4,7 dəfə artaraq 14 milyon 606 min manat, digər gəlirləri isə 2,1 dəfə artaraq 59 milyon 286 min manat olub.
Qeyd edək ki, qarşıdan yaya turizm mövsümü gəlir və dünya turizm ölkləri bu mövsümə hazırlaşır. Bu gün turizm ölkələri daha çox turist cəlbi üçün müxtəlif imkanlar tətbiq etməyə çalışırlar.
Ölkəmizə isə ötən il gələn turist sayı heç 2 milyon təşkil etməyib. Azərbaycanda mövcud hotellərin gəlirlərinin artımı isə yəqin ki, qiymət artımı ilə bağlıdır.
Yeni turizm mövsümündə bu artım turistlərin narazılığına gətirib çıxarmayacaqmı və əgər turizmi inkişaf etdirmək istəyiriksə, qiymətlərdə əksinə, endirim etməli deyilikmi?
Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası”nın İdarə Heyətinin sədri Samir Dübəndi "Cebhe.info"-ya bildirib ki, bu artım ilk növbədə müqayisəli, yəni ötən illə və yaxud ilin hansısa dövrü ilə müqayisədə qeyd edilir:
"Artım turizm fəaliyyətlərinin sürətlə bərpa olması, turizm bazarında pul kütləsinin artması ilə izah edilir. Bəzi geniş istifadə edilən istehlak məhsullarının və qidanın qiymətinin artması fonunda, turizm sektorunda qiymətlər müqayisəli olaraq olduqca az artıblar. Bildirim ki, ictimai iaşə sektorundakı xidmətlərdə kəskin qiymət artımı müşahidə etmişik. Bu isə son nəticədə turizm yollayışlarının, turların qiymətlərinə və digər kompleks xidmətlərin qiymətlərinə təsir göstərir".
İqtisadçı-ekspert Natiq Cəfərli isə bildirib ki, Azərbaycanda tutizm obyektlərində qiymətlər kifayət qədər bahadır:
"Bu artıq illərdir ki, müzakirə olunan bir mövzudur. Buna əsasən, infrastrukturun az olması, çatışmazlıqların olması, yaxşı hotellərin sayının azlığı və quru sərhədlərin bağlı olması daxildir.
Quru sərhədlərin bağlı olması daxili turizmdə süni şəkildə ajiotajın yaranmasına, qiymətlərin də artmasına səbəb olur. Düşünmürəm ki, yayda turizm mövsümündə qiymətlərdə ucuzlaşma olacaq. Təəssüf ki, bunu gözləmək əbəsdir.
Çünki qiymətin ucuzlaşması üçün təklif çoxalmalıdır. Yəni daha çox hotellər, daha çox infrastruktur yaradılmalıdır ki, bu da qısa zamanda baş tutacaq bir şey deyil. Bu sahədə dövlət tənzimlənməsi mexanizmi də yoxdur ki, hansısa bir formada müdaxilələr olsun. Yeganə o ola bilər ki, əgər doğurdan da hökumətin belə bir narahatçlığı varsa və hazırda belə bir narahatlığın olduğunu görmürəm, o zaman Hotellər Assosiasiyası ilə hökumət arasında danışıqlar ola bilər.
Müəyyən vergi güzəştləri tətbiq oluna bilər ki, bunun nəticəsində də qiymətlərin aşağı düşməsinə şahidlik edə bilərik. Başqa yol görünmür. Çünki qısa zamanda çox sayda hotellərin yaranması, təklif artası deyil ki, qiymətlər də tənzimlənsin".
Nigar Abdullayeva
"Cebhe.info"