Məşhur astronavt çoxdankı arzusuna çatdı

Məşhur astronavt çoxdankı arzusuna çatdı

2019-cu ildə skafandr ölçüsünə görə sırf qadınlardan ibarət kosmik çıxışda iştirak edə bilməyən amerikalı astronavt Enn Makkleyn altı ildən sonra bu fürsəti əldə edib.

"Cebheinfo.az" xəbər verir ki, Enn Makkleyn Beynəlxalq Kosmik Stansiyadan (BKS) həmkarı Nikoll Ayerslə birlikdə açıq kosmosa çıxıb. Kosmosda təxminən 6 saat qalan astronavtlar stansiyanı yeni günəş panelləri üçün hazırlayıb, həmçinin 420 km hündürlükdə yerləşən kompleksdə bir antenanı başqa yerə köçürüblər.

Missiya başa çatdıqdan sonra onları stansiyanın komandiri, yapon astronavt Takuya Onişi qarşılayıb. O, zarafatla bildirib: “Sizin qayıtmağınıza çox sevindik, şam yeməyiniz hazırdır”.

Xatırladaq ki, Enn Makkleyn ABŞ ordusunda polkovnik və helikopter pilotudur. O, 2019-cu ildə sırf qadınların kosmik çıxışında iştirak etməli idi, lakin orta ölçülü skafandrların azlığı səbəbindən bu mümkün olmamışdı.

Həmin tarixi missiya Kristina Kox və Cessika Meir tərəfindən yerinə yetirilmişdi. Bu sonuncu missiya isə son 60 ildəki beşinci sırf qadınların açıq kosmos çıxışı kimi tarixə düşüb.

Qeyd edək ki,  Kristina Kox yaxın zamanda Aya uçacaq ilk qadın olacaq.O, NASA-nın "Apollon" proqramının davamı olan “Artemis” çərçivəsində üç kişi astronavtla birlikdə 2026-cı ildə Aya enmədən orbitə uçuş həyata keçirəcək. Hazırda NASA-nın 47 aktiv astronavtından 20-si qadındır.

Kosmik stansiyada isə yeddi astronavtdan yalnız Enn Makkleyn və Ayers qadındır. Ayers ABŞ Hərbi Hava Qüvvələrinin mayoru və keçmiş qırıcı pilotu kimi bu missiyada ilk dəfə açıq kosmosa çıxıb, Enn Makkleyn üçün isə bu artıq üçüncü çıxışdır.

Səbinə Uğur
"Cebheinfo.az"