Deputat: "Paşinyan sonu görünməyən oyuna girib"

Deputat: "Paşinyan sonu görünməyən oyuna girib"

“Ermənistanın Baş naziri Nikol Paşinyan əvvəldən özünü avantürist siyasətçi kimi göstərdi”.

Bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov “Cebhe.info”-ya açıqlamasında deyib.

O bildirib ki, Paşinyanın hakimiyyətə gəlməsində hansı qüvvələrin rol oynadığı və hansı öhdəliklərinin olduğu hamıya məlumdur:

“Paşinyan zamanında “Qarabağ Ermənistandır, nöqtə" deyərək və Şuşada populist hərəkətlər edərək vəziyyəti məcraya yönəltdi. Lakin Azərbaycan Prezidenti İlham Əliyev qəti addımlar atdı. Bir müddət sonra isə Azərbaycan Ordusu Ermənistanın eskalasiyası və 2020-ci ilin 27 sentyabrdakı təxribatına cavab verərək əks-hücuma keçdi, 44 gün ərzində dünyada misli-bərabəri olmayan zəfərə nail oldu. Daha sonra isə ötən ilin sentyabr ayında 1 günlük antiterror tədbirləri ilə ölkəmiz suverenliyini təmin etdi. Azərbaycan qalib tərəf olmasına baxmayaraq, sülh danışıqlarının başlamasını təklif etdi və bununla bağlı prinsiplər ortaya qoydu. 

Paşinyan da bir çox danışıqlarda iştirak etdi və Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dedi. Əlbəttə ki, həmin görüşlərin hər birində Azərbaycan Prezidenti İlham Əliyev diplomatik zəfər qazandı. Həmçinin, hər bir görüşdə Azərbaycanın uğurları artmağa başladı”.

Millət vəkili qeyd edib ki, Ermənistanın Baş naziri artıq Azərbaycanın qələbəsini etiraf edir və sülhün əldə olunması istiqamətində aparılan danışıqlardan bəhs edir:

“Lakin o, qısa vaxt ərzində dediklərinin tam əksi olan bəyanatlar verməklə müxtəlif qüvvələrə xidmət etdiyini göstərir. Bu gün bölgədə sülhün əldə olunmaması üçün Fransa başqa olmaqla bir çox ölkə və qüvvələr çalışırlar. Buradan da Ermənistanın müstəqil siyasət yürüdə bilmədiyini görürük. Elə layihə dövləti olan Ermənistanın əsrin əvvəlindən müstəqil siyasəti olmadığı açıq-aydın özünü biruzə verir". 

Deputatın fikrincə, onun qərarları ilk növbədə daxili auditoriyaya hesablanır:

"O, Qərbdən aldığı tapşırıqları icra etməklə sözdə dediyi sülh gündəliyinin əksi istiqamətində addımlar atır. Artıq müharibənin bitməsindən 4 ilə yaxın vaxt keçib, çox sayda danışıqlar aparılıb, amma proseslər Paşinyan və onun yarıtmaz komandasına görə yarımçıq qalıb”.

Vüqar İskəndərov vurğulayıb ki, tezliklə sərhədlərin delimitasiya və demarkasiyası aparılmalı, Azərbaycanın ərazi bütövlüyü tanınmalı, işğal altında olan 8 kəndimiz qaytarılmalı, Zəngəzur dəhlizi açılmalı və sülh müqaviləsi imzalanmalıdır:

“Paşinyan bunlar barədə bəyanatlar versə də, konkret əməli addımlar atmır. Bunun da səbəbi onun müstəqil siyasət aparmaması və dövlətinin maraqlarını kimlərəsə qurban verməsidir. Əslində sülh Azərbaycandan daha çox Ermənistana lazımdır. Çünki Azərbaycan qələbə qazanıb, suverenliyini bərpa edib, işğaldan azad edilmiş ərazilərdə dünyada misli görülməmiş bərpa, quruculuq və abadlıq işləri görür. Həmçinin, həmin ərazilər minalardan təmizlənir və hər gün cənnətə çevrilir.

Azərbaycan dövləti bütün bunları öz gücünə edir. Ermənistan isə Rusiya ilə Qərb arasında sonu bəlli olmayan oyunlara girib. Ermənistan iqtisadi və siyasi cəhətdən Rusiyadan asılı olmasına baxmayaraq, üzünü Avropaya çevirməklə siyasi kursunu dəyişməyə çalışır. Bunların da hər biri  fiyaskoya uğrayır və Ermənistan indi çıxılmaz vəziyyətdədir. Bütün bunların məsuliyyətini Ermənistan hakimiyyəti daşıyır. Ona görə də düşünürəm ki, yaxın zamanlarda sülh müqaviləsi imzalanmasa, itirən yalnız Paşinyan və Ermənistan olacaq”.

Elmir Mustafa
“Cebhe.info”