Xəyanəti bağışlamaq olarmı? - “Namus, qeyrət ikinci plana düşüb...”

“İnsanların mütəmadi olaraq yenilənmə, dəyişmə və özlərinə fərqliliklər axtarmaq kimi bioloji, psixoloji və sosial tələbatları var”.
Bu sözləri məşhur psixoloq Əfsanə Rüstəmova “Cebhe.info”-ya açıqlamasında deyib. O bildirib ki, bu tələbatlar insanları vaxtaşırı yenilənməyə məcbur edir:
“Yenilənmə deyəndə bunu daha çox beynin içində gedən proses kimi nəzərdə tuturuq. Beyin dəyişəndə danışıq, görünüş və vücud da dəyişir. Amma insanlar bunu daha ibtidai mərhələdə anlayırlar. Ümumiyyətlə, insan üçün dəyişim mütləqdir və vaxtaşırı olaraq bunu edir. Məsələn, insanlar maddi vəziyyəti dəyişəndə ilk olaraq maşınını, tərzini və hətta həyat yoldaşını dəyişirlər.
Bəzi insanlar isə dəyişimi özlərində deyil, partyorlarında axtarırlar. Hətta düşünürlər ki, partnyoru əvəzləməklə bunun öhdəsindən gələ bilərlər. Çünki bir çox kişi və ya qadının partyorunu dəyişəcək qədər gücü yoxdur. Onların bəziləri sadəcə müəyyən müddətlik əvəzləyici axtarırlar. Bir müddət sonra həmin qısamüddətli münasibət başa çatır”.
Psixoloq qeyd edib ki, bəzi insanlar xəyanət edəndə belə həmin münasibətin uzun müddət davam etməyəcəyini bilirlər:
“Çünki bunu davam etdirməyə güclərinin olmayacağını dərk edirlər. Ona görə də elə xəyanət olaraq qalır. Əks təqdirdə, boşanma və ya ayrılıq kimi dəyişim olmalı idi. Bəzi insanlar isə özlərini düzgün qiymətləndirmirlər.
Özlərinə “Bu yaşdan sonra kimdir mənə baxan?”, “Bu çəkidə məni kim bəyənəcək?”, “3 uşaqla kimdir mənə baxan?”, “Bu maaşla məni kim bəyənər?” kimi suallar verirlər. Bu sualları özünə verən şəxs partyorunun ona xəyanət etməsini bağışlaya bilir. Yəni düşünür ki, qarşı tərəf xəyanət etsə də, bir az hədələdikdən sonra bağışlayır. O isə bir müddət sakit dayanır, amma sonra yenidən xəyanət edir. Əslində insanlar yeni münasibətin onlara maddi, mənəvi və emosional olaraq baha başa gələcəyini düşündüyü üçün xəyanəti bağışlayırlar.
“İnsan səhv edə bilər”, “Hamını bir qələmdə silmək olmaz”, “Kişi odur ki, əxlaqsızı qadına çevirsin” kimi fikirlər səsləndirirlər. Yəni insan məsuliyyəti qarşı tərəfə yükləyərək onu əfv etdiyini deyir. Halbuki, səhvi özündə də axtara bilər”.
Onun sözlərinə görə, müəyyən mənada boşluq yarandığı üçün də xəyanətlər yaşana bilir:
“Bununla da razılaşmaq olar. Əgər bir insanın tələbatları ödənmirsə, mütləq əlavə imkanlar axtaracaq. Əslində isə xəyanəti öz xarakterinə edir. Çünki insanın özünün də ədalət, şərəf, namus, ləyaqət və s. kimi duyğuları olmalıdır. Bu duyğuları referans alaraq addımlar atmalıdır. Ümumiyyətlə, sivil insanlar münasibətləri əvvəlki kimi getmədikdə bu barədə danışmalıdırlar.
Yəni istəklərin nə olduğu müəyyənləşməli və təmin olunmalıdır. Əks təqdirdə, ayrılmalıdırlar. İnsanın özünün özünü anlamağa çalışması və bu yöndə addım atması ən doğru qərar olar. Amma bəzi şəxslər bu qədər yükün altına girmək istəmirlər”.
Əfsanə Rüstəmova diqqətə çatdırıb ki, insanlar prioritetlərini müəyyənləşdirməlidirlər:
“Bəzi şəxslər ailəni komfort hesab edirlər. Onlar düşünürlər ki, həyat yoldaşı və uşaq mütləq olmalıdır. Çünki cəmiyyət bunu tələb edir. Ailə insanlardan mütləq şəkildə tələb olunduğu üçün sanki namus və qeyrət ikinci plana düşüb. Fikrimcə, prioritet olaraq birinci plana namus və qeyrəti qoysaq, səliqəli bir münasibətimiz olacaq.
Amma bəzi insanlar cəmiyyət sussun deyə ailəni o qədər gözə soxmağa başlayıb ki, önəmli olan əsas dəyərlər olan şərəf, namus, qeyrət, əxlaq artıq ikinci plana düşüb. İnsanlar prioritetlərini müəyyənləşdirmədən cəmiyyətin ağzını yummaq üçün evlənirlər. İnsan sevmədiyi biri ilə evlənir, sonra başa düşür ki, prioriteti başqa şeylər imiş. İnsanlar özlərini tanımadan münasibət qurduqları və evləndikləri üçün bir müddət sonra xəyanət edirlər.
Hazırda bəzi şəxslər prioritetlərini müəyyənləşdirmir və cəmiyyətin onlardan gözlədiyi ailəni göstərirlər. Cəmiyyətin dəyərlərini, namus, əxlaq təmin etmək yerinə cəmiyyətin yanlış normalarını təmin etmək istəyirlər. Ona görə səvh münasibət və xəyanət yaranır”.
Elmir Mustafa
“Cebhe.info”