Azərbaycanda dağıdıcı zəlzələ olacaq?- “Qorxutmaq üçün demirəm...”- Qurban Yetirmişli ilə MÜSAHİBƏ

Bir neçə ildir ki, dünyanın bir çox ölkəsində böyük təlafatla nəticələnən zəlzələr baş verir. Türkiyə, İran, Əfqanıstan, Yaponiya, Suriya kimi ölkələrdə baş verən zəlzələrdə çox sayda insan tələfatı var. Ölkəmizdə də zəlzələlər ötən ildən başlayaraq artıb. İyulun 4-ü və dekabrın 7-də baş verən zəlzələ isə daha hissedilən olub. Bir neçə gün öncə, yanvarın 19-da Saatlı-Sabirabadda 4, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik, Şirvan, Zərdab, Ağdam, Saatlı rayonlarında 3-4 ballıq zəlzələ hiss olunub. Bundan sonra ölkəmizdə də güclü zəlzələnin qeydə alınacağı ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Azərbaycanda dağıdıcı zəlzələ gözlənilir?
"Cebhe.info"-nun suallarını AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli cavablandırıb.
-Güclü zəlzələnin olacağı ilə bağlı fikirlər səsləndirilir. Bu il güclü zəlzələ gözləniləndir?
-Kimsə deyirsə ki, bu il güclü zəlzələ olacaq, çıxsın gəlsin, bunu elmi əsaslara sübut eləsin. Gəlsin, bizim elmi seminarda çıxış etsin. Respublikada seysmoloji gərginlik haqqında kompleks tədqiqat aparan yeganə dövlət təşkilatı budur.
Hansı zona gərgindir, hansı zonada aktivlik var, hansı zonada sakitlikdir- bizim mütəxəssislər təqiqat aparırlar. Bunların hamısını ilboyu mütəmadi olaraq mütəxəssislərimiz araşdırırlar. Deyir, bu il zəlzələ olacaq. Kim deyir ki, olmayacaq? İndi gəl, de, görək, harada, nə vaxt olacaq? Sübut edə bilərsən? Gəl, sübut elə.
-Bunu demələrinə əsas səbəb yəqin ki, digər ölkələrlə aparılan müqayisədir. Çünki güclü tələfat qeydə alınan ölkələrdə də öncədən bu cür təkanlar çoxluq təşkil edirdi. Sonrasını da bilirsiniz.
-90-cı illər martın ortaları idi. Bir rus teleqram vurmuşdu ki, Azərbaycanda zəlzələ olacaq. Mən onu tapdım, zəng etdim. Dedim, gəl, yol xərcini, qalmağını bu təşkilat həll edəcək. Gəl, alimlər qarşısında çıxış elə, elmi cəhətdən sübut elə. Dedi ki, siz bura gəlin. Dedim, biz niyə tökülüşüb ora gələk? Fikri deyən sizsiniz, sübut edin. Gəlmədi, zəlzələ də olmadı. Yəni indiki vəziyyət də budur. Ötən il türk alimi də deyirdi ki, yaxın zamanlarda İstanbulda zəlzələ olacaq. Fevralda zəlzələnin 1 ili olacaq. Həmin vaxtdan İstanbulda yaşayanlar çemodanını götürüb dağ başına çıxmalı idi ki, zəlzələ olacaq?
- Dünya ölkələrində zəlzələlərin bu qədər artması nə ilə bağlıdır?
- Ümumiyyətlə, əsrin əvvəli və əsrin sonunda Yer daxilində gedən proseslərdə canlanmalar olur. Yer daxilində gedən proses bir yana, planetlərin hərəkəti, Ay və Yer arasındakı cazibə qüvvələrinin dəyişməsi, geomaqnit qasırğaları, Günəşdəki aktivlik, partlayışlar, Yerin daxilindəki geomaqnit radiasiyaların dəyişmələri bir-birilə bağlıdır. Burada baş verən hər hansı bir dəyişiklik isə zəlzələlərin sayını artırır. Biz bu tədqiqatları aparırıq. Qravitasiya sahələrinin, geomaqnit radiasiyaların dəyişmələri kimi amillər var ki, hamısı analiz edilir.
- Yanvarın 19-da baş verən zəlzələdən sonra neçə təkan qeydə alındı?
- Dünən 67 təkan oldu, heç biri də hiss olunmadı. Dediyim kimi, hiss olunanı da olur, hiss olunmayanı da. Nə qədər enerji ayrılır, nə qədər enerji qalır, onun törədə biləcəyi güc nə ola bilər- bunlar araşdırılıb dəqiqləşdirilir. Sonra hesabat veririk ki, ay camaat, narahat olmayın, istirahətinizi edin. Xırda təkanlar qorxulu deyil. “Afterşok”lar olmalıdır, ancaq bir təkanla məsələ bitmir ki…
- Bəs həmin zəlzələ yaxın günlərdə yeni zəlzələlər üçün əsas olacaq?
- Kim deyir ki, zəlzələ olmayacaq? Zəlzələ ehtimalı həmişə var. Qorxutmaq üçün demirəm, dağıdıcı zəlzələ ehtimalı yoxdur. 4, 5, 6, 7 ballıq zəlzələ qorxulu deyil. Normal tikililər üçün dağıntı olmamalıdır.
- Axı 7 ballıq zəlzələ baş verərsə, dağıdıcı təsirləri olacaq. Eynən Türkiyədəki kimi.
- Tikintiyə nəzarət var. Hamısı yoxlanılır. Binalar var ki, Fövqaladə Hallar Nazirliyi heç onu qəbul etmir, sökür.
- Dediyiniz 7 ballıq zəlzələ ehtimalı bu ili əhatə edir, yoxsa gələcək illəri?
- 5, 6 ballıq zəlzələ ola bilər, amma qorxulu deyil. Bunu isə zaman göstərəcək. Xırda təkanların olması daha yaxşıdır, gərginlik toplanan ərazidə heç bir hadisənin olmaması daha qorxuludur. Çünki sonradan daha güclü təkan ola bilər. Yığılan gərginlik, bloklararası tektonik qırılmalarla parçalanır. Onların da hərəsinin öz hərəkəti, istiqaməti, sürəti var. Bir blok 15 millimetr sürətdədirsə, ondan öndə gedən 7, 8 olur. Burada sıxılma gedir, laylar gərgin, deformasiya vəziyyətinə gəlir. Bu da dalğa formasında bütün mühitə yayılır, səthdə də zəlzələ törədir.
Naibə
"Cebhe.info"