Deputat: "Məktəblərdə psixoloq ştatları artırılmalıdır" - MÜSAHİBƏ

Millət vəkili Ceyhun Məmmədov və tanınmış təhsil mütəxəssisi Nadir İsrafilov psixoloq Fərqanə Mehmanqızının rəhbəri olduğu "İntellect Academiya"nın qonağı olub.
Cebhe.info xəbər verir ki, qonaqlara psixoloji, fizioloji mərkəzin yaranma zərurəti və fəaliyyəti barədə ətraflı məlumat verildikdən sonra onlar mərkəzin mütəxəssisləri və iş şəraiti ilə tanış olub, keçirilən dərslərlə bağlı ətraflı təsəvvür yaradılıb.
Daha sonra kollektiv müzakirələr, geniş fikir mübadiləsi aparılıb.
Millət vəkili Ceyhun Məmmədov Cebhe.info-ya müsahibəsində bu qəbildən olan mərkəzlərə olan ehtiyac, onların fəaliyyəti ilə bağlı danışıb.
- "İntellect Academiya "nın qonağı olmusunuz. Belə mərkəzlərin fəaliyyətini necə dəyərləndirirsiniz?
- Təhsil eksperti Nadir İsrafilovla birlikdə “"İntellect Academiya”nı ziyarət etdik. Əsas məqsədimiz akademiyanın fəaliyyəti ilə tanış olmaq idi. Akademiyanın rəhbəri Fərqanə Mehmanqızı bizi dəvət etmişdi. Bizdə mərkəzdə görülən işlərlə, atılan addımlarla tanış olduq. Eyni zamanda, ekspertlərlə müzakirə apardıq. Gələcək planlarla bağlı fikir mübadiləsi oldu.
- Sizcə, Azərbacanda bu sahədə hansı catışmazlıqlar var?
- Bu sahədə mütəxəssis çatışmazlığı açıq şəkildə özünü göstərir. Təəssuf ki, məktəblərimizdə bu məsələ ilə bağlı çox ciddi problem var. Bizim ölkəmizdə də bu sahədə addımların atılmasına çox böyük ehtiyac var.
Eyni zamanda, insanlarımızın da bu sahədə maarifləndirilməsi istiqamətində addımlar atılmalıdır. Biz çalışmalıyıq ki, bu sahədə olan boşluqları dolduraq. Yeni mütəxəssislərin yetişdirilməsinə çalışaq. Həmin peşəkar mütəxəssislər də gələcəkdə bu prosesə öz töhfələrini verə bilsinlər.
- Parlamentin Elm və təhsil komitəsinin üzvüsünüz. Qeyd ediyiniz bu məsələlərlə bağlı hər hansı təklifiniz var?
- Hesab edirəm ki, bu sahədə qanunvericilik bazası təkmilləşdirilməlidir. Yaxın zamanlarda büdcə müzakirəsi zamanı bu məsələrə toxunduq. Məktəblərdə psixoloq ştatlarının artırılmasına ehtiyac var. Bu sahədə maarifləndirmə işlərinin daha da gücləndirilməsinə və genişləndirilməsinə ehtiyac hiss edilir.
Həsən Məmmədov
Cebhe.info