Hər narkoman üçün ayda 1000-2000 manat: Dövlətdə yoxdur, özəldə isə...- MÜSAHİBƏ

Hər narkoman üçün ayda 1000-2000 manat: Dövlətdə yoxdur, özəldə isə...- MÜSAHİBƏ

Narkomaniya digər vərdişlərə görə daha təhlükəli hesab edilsə də, dünyada bir çox insan onun aludəçisinə çevrilir. 

Bu gün dünyada 2 milyon narkoman var ki, onlardan 40-45 faizi qadın və uşaqlardır. Azərbaycan narkotik vasitələrin tranzit məntəqəsi hesab edilməklə yanaşı, ölkəmizdə daxili istehlak da artmaqdadır.

Ölkədə bu sahədə mövcud vəziyyətlə bağlı Cebhe.info-nun müsahibi narkoekspert Emil Maqalovdur:

-Ökədə qeydiyyatda olan narkotik istifadəçilərinin sayı ötən il 35 min nəfərdən çox olub. Yəqin ki, qeydiyyatda olmayanların da sayı az deyil. Onları bu yola sosial problemlər vadar edir, yoxsa zövq alırlar?

-Ötən il ölkədə qeydiyyatda olan narkotik istifadəçilərinin sayı 35 min nəfərdən çox olub. Demək olar ki, hər il 500 nəfər artır. Bu, əgər həmin vətəndaşlar həbs edilibsə, hər hansı bir yolla qeydiyyata, məsələn, test verərkən dövlət müəssisələrində qeydiyyata düşübsə, eləcə də digər yollarla məcburi qeydiyyata düşənlərdir. Ancaq polisdən qaçan, qeydiyyatdan yayınanların sayı minimum 5 dəfə çoxdur.

Onları bu yola nə vadar etdiyinə gəldikdə isə burada çox amillər var. Bu, senzurasız sosial şəbəkələr, senzurasız KİV-lər və əsasən düşdükləri mühitdir. Bəzi “ekspertlər” müxtəliv KİV-də çıxış edərək bildirirlər ki, narkotikadan istifadə etdikdə “yaxşı” hallar olur.

İstifadəçi isə deyir ki, narkotika haqda danışırlar, bir dəfə ilə heç nə olmaz, qoy mən bir də yoxlayım. Ancaq bir dəfə yoxlamaqla bizim dünya çempionlarımız birinci dəfədən dünyasını dəyişib. İstər-istəməz 3-4 dəfədən sonra mütləq şəkildə onun aludəçisi olacaq.

Çünki bu, 1-ci dəfədən psixoloji, 2-3-cü dəfədən fiziki asılılıq yaradır. Yəni 3-5-ci dəfədən sonra ağrını kəsmək üçün mütləq şəkildə istifadə etməlisən. Bu, artıq zövq yox, ağrını kəsmək üçün istifadə edilir. Yəni KİV-lərə dəvət olunan ekspertlər bu sahəni bilən psixoloq, yaxud ekpert olmalı, nə danışdığını, ölçüsünü bilməlidir. Çünki onun çıxışlarına yeniyetmə, gənc, yaxud bu sahəni bilməyən də qulaq asa bilər, şüuraltı ona bəzi siqnallar ötürüləər və nəticədə yalnış anlaşılar. 

-Qeydiyyatda olan narkotik istifadəçilərinin 572 nəfəri qadın olub. Qadınlarda narkotikə maraq nədən yaranır?

- Bilərəkdən, yaxud bilməyərəkdən gözəllik salonlarında, digər yerlərdə adını “həkim” qoyanlar bəzi qadınlara “şüşə patı”dan istifadə elətdiriblər ki, guya insanı arıqladır. Doğrudur arıqladır, ancaq hər hansı orqanı sıradan çıxarır ki, bunun fəsadı gələcəkdə ölüm olur. Hətta ağır çəkili qadının belə, 6 ay ərzində necə arıqladığını nümunə olaraq göstərirlər.

Belə hallar olur. Ancaq piolis tərəfindən qarşısı alınır. Eyni zamanda, narkotik istifadəçisi qadınların özlərinin ailəsində də ola bilər, ancaq bu, çox azdır. Yaxud dostları, ətrafındakı qadınlar olur ki, onlar təklif edirlər və qarşısındakı da nə olduğunu yoxlamaq üçün dostunun, həyat yoldaşının narkotikindən istifadə edir. Çünki o düşünür ki, bu, həzz almaq üçün narkotikdən istifadədir. Ancaq bilmir ki,  ancaq 1,2 dəfə həzz verə bilər, sonra asılılıq olur və davamlı istifadəyə məcbur qalır.

-Ölkədə dövlət reabilitasiya mərkəzlərinin sayı narkomanların müalicəsinə imkan verirmi? Ümumiyyətlə, narkotik istifadəçilərinin reabilitasiyasına nə qədər xərc tələb olunur, özəl mərkəzlərdə bu problemin öhdəsindən gəlmək mümkündürmü?

-Ölkədə dövlət reabilitasiya mərkəzləri yoxdur. Özəl sektorda var ki, onlarda qiymət 1000-1500 manatdan başlayır. Onların 70 faiz effekti var ki, oraya da ancaq pulu olan narkomanlar müraciət edə bilirlər.

-Xarici ölkələrdə dövlət reabilitasiya mərkəzləri fəaliyyət göstərirmi, yəni sadəcə bizdə etinasız yanaşırlar, yoxsa hər yerdə belədir?

-Xarici ölkələrdə narkodispanserlərin öz reabilitasiya mərkəzləri olur. Məsələn, mən Rusiyada- Rastov və Moskvada  görmüşəm ki, özlərinin reabilitasiya mərkəzləri var və təmənnasızdır, sığorta əsasında fəaliyyət göstərir. Onların 40 faiz effekti var. Azərbaycanda da narkodispanserlərdə reabilitasiya var, ancaq çox səriştəsiz yanaşılır.

Demək olar ki, reabilitasiya sıfır vəziyyətdədir. Narkodispanserlər fiziki asılılıqdan, yəni birinci mərhələdən çıxarır. Bu, narkomanlara heç nə vermir, sadəcə ağrılarını kəsir, ancaq beyinlərində psixoloji proses qalır və o mütləq şəkildə reabilitasiya olunmalıdır. Bizdə də dövlətin narkodispanserində reabilitasiyanın adı var, özü yoxdur. Hətta narkodispanserdən çıxıb “detoks”olunan narkomanların mütləq şəkildə 60-70 faizi yenidən narkotik istifadəçisinə çevrilir. Çünki reabilitasiya olunmayıb.

-Ölkədə narkotik istehsal olunurmu və sizcə, narkomaniyanın artmasında bunun da rolu varmı?

-Xeyr. Ölkədə narkotik istehsalı yoxdur. Çünki narkotik istehsalına kiçik bir yer yox, normal yer, xammal lazımdır. Hələ ki, xammalın əldə edilməsi və istehsalı haqqında elə bir məlumat yoxdur. Ancaq işğal olunmuş ərazilərimizdə ermənilərin iranlılarla əlbir olaraq narkotik plantasiyaları, fabrikləri ilə bağlı məlumat var idi.

Son illərdə narkomaniyanın artımıı digər qonşu ölkələrdə- Dağıstan, Gürcüstan, İran, Türkiyədə minimum 4-5 dəfə çoxdur. Bizdə son 5 ildə KİV-lərin bu sahəyə daha çox diqqət yetirməsi nəticəsində elə başa düşülür ki, bizdə narkomaniya artıb. Polisin fəaliyyəti göz qabağındadır və “bariqaların” 30-40 faizi həbs edilib. Demək olar ki, azalmaya doğru gedir. Mən bununla bağlı sorğular keçirmişəm və əhalinin fikrini öyənmişəm. 

-Bu gün hətta şagirdləri belə narkotikə cəlb etməyə çalışırlar. Məktəblərdə bunun qarşısını almaq üçün hansı vasitələrdən istifadə etmək olar?

-Kiminsə narkotikə cəlb edilməsi gündəmə gələndə, deyirəm ki, ilk növbədə meyli olmayan heç kimi alışdıra bilməzlər. İkincisi, düşdüyü mühitdən asılı olaraq, ona təklif edilə bilər. Şagirdlər arasında hələ ki, “SOS” verməyə dəyməz, ancaq 1-2 fakt var. Məktəblərdə bunun qarşısını almağa gəldikə isə məktəb təhsil verən orqandır.

Məktəbdə buna cavabdeh olan şəxs psixoloqdur. Mən psixoloqlara təlim keçdikdə görürəm ki, onların, ümumiyyətlə, 50 faizinin bu barədə məlumatı yoxdur. Onlar da bildiriblər ki, bu barədə məlumatımız olsaydı, 1 saata 50-100 manata hansısa klinikada çalışardıq. Məktəbdəki psixoloqların nə səriştəsi, nə bu barədə savadı var. Birinci növbədə məktəb psixoloqlarının özlərini stimullaşdırmaq, onlara təlim keçmək lazımdır. Minimum 3 dəfə əməkhaqqını artırmaq lazımdır ki, onlarda stimul olsun. Min nəfərə bir psixoloq yox, heç olmasa 300-500 nəfərə bir psixoloq lazımdır ki, məktəblərdə uşaqlara nəzarət edə bilsin. 

-Bir narkotik istifadəçisinin reabilitasiyası üçün ayda azı 1200 manat tələb olunduğu deyilir, bu, nə dərəcədə doğrudur? Sizcə qiymətin baha olması narkotik istifadəçilərini sağalmaq niyyətindən daşındırır?

-Reabilitasiya mərkəzləri biznes sahəsidir və 1000- 2000 manat müqabilində xidmət göstərirlər. Bu, 50-60 faiz kömək etsə də, başqa yolumuz da yoxdur. Bu gün səhv edərək bu yola düşən yüzlərlə normal insan var, onların sırasında dünya çempionları, alimlər, usta, 3 uşaq atası belə var. Dövlət reabilitasiya mərkəzləri açıb, cəmiyyətə lazım olan şəxsləri seçib müalicə etmək olar. Bunun üçün də proqramlar işlənməlidir. Çünki çətin və vaxt tələb edən məsələdir. Bununla bağlı mənim təkliflərim var.

Ən əsas məsələ odur ki, bu problemin qarşısını almaq üçün əlimizdə olan resurs Qlobal Fondun və Səhiyyə Nazirliyinin maliyyələşdirdiyi “Zərərin azaldılması” proqramıdır. Başqa nəsə axtarmağa dəyməz. Çünki bu gün biz reabilitasiya mərkəzi tikmək istəsək, buna minimum vəsait ayrılası, tikilməsi üçün 5 il vaxt lazımdır.

Həmçinin narkoloqların çoxu öz sahəsini dəyişib. Bu sahə çətin və gəlirsiz olduğuna görə digər sahəni seçiblər. Onları geri qaytarmaq məsələsi var. İki il də buna vaxt sərf etsək, demək, bizə 7 il vaxt lazımdır və bizim bu qədər gözləməyə vaxtımız, imkanımız yoxdur.

Biz ancaq indiki layihədən istifadə edərək 10-20 faiz bu zərərin qarşısını ala bilərik. Çünki bu layihədə anonim və pulsuz narkoloq, psixoloqlar var. Əsas məsələ odur ki, oradakı “çöl işçiləri” tindəki, gizlin yerdəki narkomanlarla ünsiyyət qurub işləyə bilirlər.

Böyük problemlərdən biri də odur ki, keçirdiyimiz tədbirlərdə əksəriyyət sanki tədbiri yola verməyə çalışır. Əksəriyyət heç vaxt tində duran, tərbiyəsiz, meyilli uşaqları həmin tədbirlərə dəvət etmir. Bütün narkomaniya əleyhinə tədbirlərdə eyni adamlar və yaxud, meyilli olmayan uşaqlar iştirak edirlər.

Mən əhatəsi güclü olan elə uşaqları seçirəm ki, onların mənim sözümü kimlərəsə çatdıra, həm də digərlərinin üzərində “dominantlıq” edə bilirlər. Bunun nəticəsində 20-30 faiz nəticəm də var. Ancaq digərləri bunu etmir. Meyilli uşaqlarla işləyənlər yoxdur. Ona görə də indiki proqramdan istifadə edilməlidir. 

Nigar Abdullayeva
Cebhe.info